EN

Xankəndi düşərgəsindən Lissabona - PORTUQALİYADA BİZİ HAMI TANIDI

Dünən "Qarabağ" Futbol Klubunun Lissabonda "Benfica" kimi böyük, zəngin tarixə malik futbol klubu üzərində qələbəsi böyük bir qürur anı idi. Özüm orada iştirak edə bilmədim, amma ailə üzvlərimin, dostlarımın stadiondakı iştirakını sizinlə paylaşmaq istəyirəm. 

Onlar "Qarabağ"ı canlı izlədilər və mən də oyunu TV-dən canlı izləyərək sanki onların yanında idim. O sevinci, o həyəcanı mən də burada, ekrandan baxa-baxa bütün varlığımla yaşadım.

Azərbaycanlıların böyük hissəsi stadiona daxil olanda artıq hesab 1-0 Benficanın xeyrinə idi. Amma inanın, heç kim ruhdan düşməmişdi. Hamı var gücü ilə “Qarabağ! Qarabağ!” səsləndirirdi. Hətta hesab 2-0 olanda belə kimsə ümidsizliyə qapılmadı. 

Əksinə, səs daha da gurlaşdı. Elə həmin inamla da 2-1 olduqdan sonra biz daha da ümidləndik və nəticəni bütün dünya gördü, "Qarabağ" oyunu çevirdi və tarixi bir qələbə qazandı.

Bizim üçün bu zəfərin məhz bizim yaşadığımız ölkədə, Portuqaliyada qazanılması çox əhəmiyyətlidir. Çünki bu oyunla "Qarabağ", Azərbaycan bütün Portuqaliyada tanındı. Stadiondakı insanlar, televiziya qarşısındakı milyonlarla azarkeş gördü ki, Azərbaycan futbolu var, Azərbaycan azarkeşi var, Azərbaycan ruhu var.
Bu qələbədə Xankəndi, Şuşa göründü gözlərinə. Bu il iştirak etdiyimiz yay düşərgəsinı xatırladım...

O düşərgədə hər şey qələbəyə köklənir. Biz ancaq qələbə qazana bilərik gücü ilə yüklənirik.

Bu fikirlər Lissabonda yaşayan azərbaycanlı xanıma məxsusdur.


AzEdu.az xəbər verir ki, Modern.az-ın xaricdə yaşayan azərbaycanlılarla müsahibələr təqdim olunacaq, onların gündəlik həyatı, mədəniyyətimizi yaşatmaq istiqamətində gördükləri işlər, yaradıcı təşəbbüsləri və ictimai fəaliyyətləri barədə “Diasporun səsi” layihəsinin növbəti qonağı Nərgiz Qarazadədir. 

Öncə onu bildirək ki, xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclər üçün təşkil edilən yay düşərgələri soydaşlarımızı bir-biri ilə tanış edir, gələcək əməkdaşlıq bağları üçün möhkəm zəmin yaradır. İndi dünyanın az ölkəsi tapılar ki, oradakı azərbaycanlı gənclər bu düşərgələrdə iştirak etməsinlər. Düşərgədə iştirak edənlərdən biri də Nərgiz Qarazadədir.

2022-ci ildən ailəsi ilə birlikdə Lissabonda yaşayan Nərgiz Qafarzadə də bu il Xankəndində keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak edib. Fərqli ölkələrdən yüzdən artıq azərbaycanlı gəncin qazandığı bu təcrübə onun üçün də həm şəxsi, həm də peşəkarlıq baxımdan dəyərli olub. 

Hazırda qısa müddətlik Bakıya gələn müsahibimiz qeyd edir ki, ilk vaxtlar portuqaliyalıların sakit və balanslı həyat tərzinə uyğunlaşmaq ona çox çətin olub.

Lakin zamanla bu ritmi qəbul edib. Dediyinə görə, portuqaliyalılar mehriban, açıq və köməksevər olmaları ilə seçilirlər.

Onların sadə və rahat həyat fəlsəfəsi, kafe mədəniyyəti və ailəyə önəm vermələri diqqətini çəkib. 

Bununla belə, Nərgiz yaşadığı ölkədə ən çox çay mədəniyyətinin olmamasına təəssüflənir.

Müsahibimiz bildirir ki, Portuqaliyada azərbaycanlılar çox deyil. Buna baxmayaraq orada ölkəmiz haqqında müsbət təsəvvürlər formalaşıb.

Bunun səbəbi kimi icmanın fəaliyyətini və öz torpaqlarımızı işğaldan azad edən xalq kimi güclü olmağımızı göstərib. 

Azərbaycan bu ölkədə həm də mədəniyyəti ilə tanınır. Bu günə qədər heç bir mənfi stereotiplə rastlaşmadığını dilə gətirən azərbaycanlı xanım əlavə edir ki, portuqallar daim ona ölkəmizlə bağlı maraqla suallar verirlər.

Nərgizin Qafarzadənin sözlərinə görə, Portuqaliyada təhsil tələbə yönümlü və daha çevikdir. Qiymətləndirmə tədqiqat bacarığı, analitik düşüncə və təqdimat qabiliyyətinə əsaslanır. Universitetlərdə daxili təqaüd proqramları geniş yayılıb, tələbələrin işlə təmin olunma imkanları da yüksəkdir.

N. Qafarzadənin bildirdiyinə görə, azərbaycanlılar arasında hər zaman Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti görünür. Lissabondakı azərbaycanlı icma üzvlərinin daha mütəşəkkil şəkildə olmasına Dövlət Komitəsi ciddi dəstək verir. 

Nərgiz Qafarzadə düşünür ki, ölkəni tanıtmağın ən təsirli yolu musiqi, adət-ənənə və milli mətbəxin təqdimatıdır. Bu mənada onun günümüzə qədər eyni səpkidə Portuqaliyada keçirdiyi təqdimatlar böyük maraq doğurub. Universitet yoldaşlarının Azərbaycana səyahət planları qurması da buna sübutdur. Yerli əhali arasında Qarabağ şikəstəsi, milli şirniyyatlar, plov və dolma hər zaman xüsusi maraq oyadıb.

“Və nəhayət gözəl Bakım… Dostlarıma şəkillər göstərəndə, şəhərin həm qədimliyini, həm də müasirliyini görəndə onlar çox təəccüblənirlər. Bakını müasir Avropa şəhərlərinə bənzədirlər və Bakının daha eqzotik olduğunu deyirlər. Bəziləri hətta Azərbaycana səfər etməyi planlaşdırmağa başlayıblar” – deyə o qeyd edir.

Həmsöbhətimiz bu il Xankəndində təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsinin təsirindən hələ də çıxa bilmir.

Dediyinə istinad etsək, əslində bu təsirdən çıxmaq istəmir. Və düşərgədə iştirak edən soydaşlarımızın mütləq əksəriyyəti bu düşüncədədir.

İşğaldan azad edilmiş bölgələrlə tanlışlıq, dövlət və dövlətçiliklə bağlı Azərbaycanın tanınmış ictimai xadimlərindən eşitdikləri, şəhid ailələri, qazilərlə görüşlər, həmin bölgələrdə sürətli yenidənqurma işləri bütün iştirakçıların yaddaşında silinməz iz açıb.

Və xüsusilə düşərgədə iştirak edən gənclərin geri döndükdən sonra koordinə edilmiş formada fəaliyyətləri Nərgiz üçün çox önəmlidir. 

Cıdır düzündə yallı getmək, İsa bulağından su içmək onun timsalında düşərgə iştirakçıları üçün unudulmaz xatirələrdir. Düşərgə həm dostluqlar, həm milli kimliyin güclənməsi, həm də vətənpərvərlik, dövlətçilik baxımından böyük dəyər kəsb edib.

Dostları kimi Nərgiz Qarazadənin məqsədi qazandığı bilik və təcrübələri ölkəsində faydalı şəkildə tətbiq etməkdir. O, sənədləşmə və informasiya elmləri, həmçinin təhsil sahəsində müasir yanaşmalarla Azərbaycana töhfə vermək istəyir. Onun üçün ən vacib hədəf həm şəxsi inkişaf, həm də vətənə bağlı qalmaqdır.

Məlumat üçün bildirək ki, Nərgiz Qarazadə 16 aprel 1994-cü ildə Bərdə rayonunda anadan olub. 2010-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinə daxil olub və 2014-cü ildə bakalavr təhsilini tamamlayıb. Təhsil dövründə Milli Məclisdə təcrübə keçib, həmçinin ASAN Xidmət mərkəzində könüllü kimi fəaliyyət göstərib.

2015–2022-ci illərdə Daxili İşlər Nazirliyində çalışıb. 

Hazırda Lissabon Universitetində İnformasiya və Sənədləşmə elmləri üzrə magistr təhsili alır.

Chosen
42
1
azedu.az

2Sources