EN

Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın inkişafı barədə müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyində Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyinin Xarici iqtisadi siyasət idarəsinin rəhbəri  Ralf Böhme ilə görüş keçirilib, Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 10-cu iclası təşkil olunub.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika  Nazirliyinin Xarici iqtisadi siyasət idarəsinin rəhbəri Ralf Böhme ilə görüşüb.

Nazirlikdən XQ-yə bildirilib ki, görüşdə Azərbaycan və Almaniya arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri vurğulanıb. Qarşılıqlı ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamika üzrə davam etdiyi qeyd edilib. Bildirilib ki, iki ölkə arasında iqtisadiyyat, ticarət, energetika və digər prioritet sahələr üzrə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verilir. Azərbaycanda formalaşdırılmış əlverişli investisiya mühiti barədə məlumat verilib.

Tərəflər Azərbaycan və Almaniya şirkətləri arasında qarşılıqlı əməkdaşlığın təşviqi, birgə investisiya layihələrinin həyata keçirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində təcrübə mübadiləsi, kənd təsərrüfatı, nəqliyyat-logistika və digər istiqamətlərdə işbirliyinin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Daha sonra  Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 10-cu iclası keçirilib. İclasa Azərbaycan tərəfdən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Almaniya tərəfdən isə İqtisadiyyat və Energetika Nazirliyinin Xarici iqtisadi siyasət idarəsinin rəhbəri Ralf Böhme həmsədrlik edib.

İclasda Azərbaycan və Almaniya arasında uğurlu iqtisadi əməkdaşlığın həyata keçirildiyi, Almaniyanın Azərbaycanın qeyri-neft-qaz sektorunda ən böyük 10 investordan biri olduğu vurğulanıb. Bildirilib ki, hazırda Azərbaycanda sənaye, nəqliyyat, tikinti, ticarət, kənd təsərrüfatı, xidmət və digər sahələrdə 200-ə yaxın Almaniya kommersiya qurumu fəaliyyət göstərir.

Tədbirdə Azərbaycanın mövcud iqtisadi vəziyyəti və həyata keçirilən islahatlar barədə məlumat verilib. Qlobal iqtisadi dalğalanmalar fonunda ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanıldığı qeyd olunub. Azərbaycanın mühüm nəqliyyat-tranzit mövqeyi və Orta Dəhliz boyunca ticarət və enerji marşrutlarının şaxələndirilməsində oynadığı mühüm rol vurğulanıb.

Tədbirdə ölkəmizin iqtisadi, ticarət, sənaye və investisiya imkanları, eləcə də enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, nəqliyyat, rəqəmsal inkişaf, təhsil, turizm, mədəniyyət, səhiyyə sahələrinin inkişafı və su ehtiyatlarının idarə olunması haqqında məlumat verilib, təqdimatlar nümayiş olunub. Azərbaycanda xarici investisiyalı birgə müəssisələrin fəaliyyətinin yüksək səviyyədə dəstəkləndiyi və istehsalın lokallaşdırılması istiqamətində işlər qeyd olunub.

Bildirilib ki, əlaqələrin möhkəmlənməsi və yeni istiqamətlərdə tərəfdaşlıqların qurulması üçün böyük potensial var. Ölkəmizdə yaradılan sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında Almaniya şirkətlərinin iştirakı imkanları, nəqliyyat sahəsində əməkdaşlığın inkişafı barədə müzakirələr aparılıb.

Almaniya İqtisadiyyat və Energetika  Nazirliyinin Xarici iqtisadi siyasət idarəsinin rəhbəri Ralf Böhme Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 10-cu iclası çərçivəsində müzakirə edilən məsələlərin ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafına təkan verəcəyini qeyd edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

Chosen
21
4
xalqqazeti.az

5Sources