EN

Kənd təsərrüfatının büdcəsi 9 faiz kəsildi - niyə?


2026-cı ildə Azərbaycanda kənd təsərrüfatı xərclərinin 1 milyard 92,1 milyon manat olması nəzərdə tutulur. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,3 % azdır.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.

Maraqlıdır, azalmanın səbəbi nədir və azalma kənd təsərrüfatı sahəsinin inkişafına necə təsir edəcək?

Xalid Kərimli: “Xərclərin daha da azalması bu sektorun vəziyyətinin aşağı düşməsinə səbəb olacaq”

Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu rəqəmlərin kənd təsərrüfatının inkişafına təsiri olmayacaq: “Məlumdur ki, Azərbaycanda aqrar sektor olduqca zəif inkişaf edir, illik böyümə 1-2 faizdən çox olmur. Ümumiyyətlə, kənd təsərrüfatından müsbət nəticə gözlənilmir. Xərclərin daha da azalması bu sektorun vəziyyətinin aşağı düşməsinə səbəb olacaq”.

Kamran Məmmədli: “Kənd təsərrüfatında xərclərin azalması kiçik və orta fermer təsərrüfatları üçün problem ola bilər”

Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, kənd təsərrüfatında xərclərin azalması müəyyən risqlərə səbəb ola bilər: “Bu hal kiçik və orta fermer təsərrüfatları üçün problem ola bilər. Subsidiyaların azalması məhsuldarlığın azalmasına səbəb olar, kənd təsərrüfatının inkişaf tempi zəifləyə, ərzaq təhlükəsizliyi və daxili bazarda sabitliklə bağlı problemlər ortaya çıxa bilər”.

Ekspert hesab edir ki, hökumət kənd təsərrüfatına investisiya yatıran özəl şirkətləri stimullaşdırmaqla, dövlət xərclərini azaltmağa çalışa bilər: “Yəni daha çox "özəl kapitala dayalı inkişaf" modeli nəzərdə tutula bilər. Amma bu istiqamətdə o qədər də ciddi cəhdlər nəzərə çarpmır. Subsidiya mexanizmlərinin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması nəticəsində bəzi vəsaitlərə qənaət edilməsi mümkündür.Ancaq onu da nəzərə almaq lazımdır ki, aqrar sektora böyük subsidiyalar ayrılsa da, özünü doğrultmur, məhsul istehsalı aşağı düşür. İnzibati xərclər yüksəkdir. Bununla bağlı müəyyən çıxış yolu tapılmalıdır”.

Günel CƏLİLOVA

Chosen
42
baki-xeber.com

1Sources