EN

"Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı - "Kupça" da ala bilmirik"

"Cavid 2016" MTK-nın "Zümrüd Residence" layihəsindən ev alan vətəndaş şikayətçidir.

Hakimiyyet.az xəbər verir ki, milli.az-a müraciət edən vətəndaş bildirib ki, 3 otaqlı ev alsa da, sonradan həmin mənzilin 2 otaqlı kimi qeydiyyatdan keçirildiyi məlum olub və indi çıxarış ala bilmir.

"Bu ilin yanvar ayında "Cavid 2016" MTK-nın Zümrüd Residence layihəsindən 139,9 kv/m mənzil aldıq, daha sonra bir xeyli xərc çəkib mənzili təmir etdik. Hətta faktiki yaşadğımız mənzili də satdıq ki, daha burda yaşayaq. Nəhayət mənzillərə çıxarış verilməsinə başlanıldı, hər şeydən bundan sonra məlum oldu. Hamı kimi bizdə çıxarış üçün müraciət etdik, məlum oldu ki, "Cavid 2016" MTK bizim mənzili 3 yox 2 otaq kimi qeydiyyatdan keçirib. Görünür MTK bu yolla hansısa mənfəət güdüb, rəsmi prosedurlardan yayınmaq istəyib, amma olan bizə olub. 

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bizim müraciətimizə imtina verildi, onların nümayəndəsi də mənzilə baxış keçirdi. Məlum oldu ki, MTK mənzili bizə 3 otaq kimi satsa da, 2 otaq kimi qeyd olunub". 

Şikayətçi qeyd edib ki, bu barədə MTK-ya məlumat veriblər.

"Dəfələrlə MTK-nın ofisinə getmişəm, amma heç bir faydası yoxdur. MTK rəhbərliyi tərəfindən bizim problemə etinasız yanaşılır və problemi həll etmək istəmirlər".

"Cavid 2016" MTK-nın Zümrüd Residence layihəsindən isə hüquqi şöbə tərəfindən məsələyə cavab veriləcəyi bildirilsə də, sorğumuza cavab ala bilmədik. 

Məsələ ilə bağlı vəkil Nurlan Səfərov bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1- ci maddəsinə əsasən  öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir:

"Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Eyni zamanda Mülki Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən, Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz".

Məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov isə bildirib ki, bu kimi hallarda əvvəlki layihə sənədləri ilə tanış olmaq lazımdır:

"Çox güman ki, həmin mənzil öncəki layihə sənədlərində 2 otaqlı kimi qeyd olunub, sonradan mətbəx və ya digər hissədən artırılma olduğu üçün 3 otaqlı kimi satılıb. Bu halda vətəndaşın hüquqları kompensasiya şəklində bərpa olunmalıdır". 

Chosen
2
7
hakimiyyet.az

8Sources