Poltava, 17 sentyabr, AZƏRTAC
1991-ci il sentyabrın 17-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən, Qubadlı rayonunda mülki Azərbaycan vətəndaşlarını qoruyarkən ermənilər tərəfindən qətlə yetirilən Oleq Babakın xatirəsi bu gün Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində anılıb.
AZƏRTAC xəbər verir ki, anım tədbirində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Poltava Hərbi Administrasiyasının sədr müavini Anton Çubenko, Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşesinin baş köməkçisi İbrahim Hüseynov, diplomatlar Elşən Rəşidov, Pərviz Əsədov, müharibə veteranları, Olek Babakın valideynləri, ictimai nümayəndələr iştirak ediblər.
Azərbaycan və Ukraynanın Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Seymur Mərdəliyev bildirib ki, Azərbaycan dövləti irqindən, milliyyətindən asılı olmayaraq, Vətənimizin bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçənlərin hər birinin xatirəsini əziz tutur, ailələrinə yardımlarını davam etdirir. Belə qəhrəmanlardan biri də 1991-ci ildə Qubadlı rayonunda mülki vətəndaşlarımızı erməni silahlılarından qoruyarkən həlak olan ukraynalı Oleq Babakdır.
“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən dövlətimiz Oleq Babakın ailəsinə daim qayğı göstərir. Oleq Babakın ruhu da şaddır, çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuz işğal altındakı torpaqlarımızı, o cümlədən Qubadlı rayonunu azad edib. İndi həmin ərazilərdə yenidənqurma və bərpa işləri aparılır”, - deyə səfir əlavə edib.
Sonra çıxış edən Poltava Hərbi Administrasiyasının sədr müavini Anton Çubenko, Administrasiyanın Müharibə Veteranları və Şəhid Ailələri üzrə Məsləhət Şurasının sədri İvan Petrenko, Azərbaycanın Poltavadakı diasporunun rəhbəri Füzuli Qənbərov Oleq Babakın keçdiyi qəhrəmanlıq yolundan, Azərbaycan-Ukrayna dostluğundan danışıblar.
O.Babakın atası Yakov Babak göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. “Azərbaycan dövləti bizə hər zaman yardım edir. Bu, bizə yaxşı yaşamağa kömək edir. Bizi unutmadığı üçün Azərbaycan dövlətinə təşəkkür edirəm”, - deyə Yakov Babak bildirib.
Qeyd edək ki, Oleq Babak 1967-ci il fevralın 25-də Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində doğulub. SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatlı 21-ci briqadasının siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan Oleq Babak 1991-ci ilin mart ayından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 1991-ci il aprelin 7-də Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra 24 yaşlı Oleq Babak SSRİ Daxili İşlər Nazirliyinin 21-ci briqadasının tərkibində hadisə yerinə göndərilir. Burada yerli kənd camaatı ilə birgə təxminən 70 nəfər erməni silahlısının mühasirəsinə düşür.
Ermənilərin yerli sakinləri təhvil verib geri çəkilmək tələbinə məhəl qoymayan 24 yaşlı ukraynalı leytenant bir nəfər də azərbaycanlının əsir düşməsinə imkan verməyərək, son gülləsinə qədər vuruşub və qəhrəmancasına həlak olub. Onun bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatı xilas olub.
SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının leytenantı Oleq Babak SSRİ prezidentinin 1991-ci il 17 sentyabr tarixli Fərmanı ilə ölümündən sonra “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Poltava