EN

İlham Əliyev BƏƏ prezidenti ilə anlaşdı - külək və Günəş stansiyalarının yeni dövrü gəlir...


1990-cı illərin əvvəllərində qurulan Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı münasibətlər bugünə qədər müxtəlif sahələrdə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

İki ölkəni bağlayan amillər təkcə siyasi və iqtisadi maraqlarla məhdudlaşmır, həm də dini, mədəni və tarixi ortaq dəyərlərə əsaslanır. Müasir dövrdə Azərbaycanın BƏƏ ilə əməkdaşlığı həm ikitərəfli, həm də beynəlxalq müstəvidə mühüm əhəmiyyət daşıyır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ildə BƏƏ ilə diplomatik münasibətlər qurulub. Əmirliklər Azərbaycanın müstəqilliyini tanıyan ilk müsəlman dövlətlərindən biridir. Bu, gələcək münasibətlər üçün möhkəm hüquqi-siyasi zəmin yaradıb. Hər iki ölkə illər ərzində qarşılıqlı səfərlər və imzalanan sazişlər vasitəsilə əməkdaşlığı genişləndirib. Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana növbəti səfəri də bu fonda münasibətlərin inkişafıan yeni təkan verir. Məsələ ilə bağlı prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşündə bildirib: “Bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Biz hər zaman beynəlxalq təşkilatlarda bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Son vaxtlar qarşılıqlı sərmayə qoyuluşu bizi çox şad edir. Neft-qaz sahəsində əməkdaşlıq dərinləşir. Bu gün imzalanmış sənədlər arasında nəqliyyat sektorundakı əməkdaşlıq böyük perspektivə malikdir. Biz xüsusilə ölkənizə və ölkənizin şirkətlərinə minnətdarıq ki, Azərbaycanın bərpaolunan enerji növlərinin işlənilməsi istiqamətində bizə çox böyük dəstək vermişlər. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri burada bizim strateji tərəfdaşlarımızdır, əsas investordur və Azərbaycanda istifadəyə verilmiş birinci Günəş Elektrik Stansiyasının tikintisi və investisiyaları ölkənizin bizə dəstəyi nəticəsində mümkün olmuşdur. Bilirsiniz ki, planlarımız daha genişdir, bir neçə giqavat bərpaolunan enerji növünün yaxın gələcəkdə Azərbaycanda istehsalı məhz Sizin şəxsi göstərişinizin və ölkənizin şirkətlərinin fəaliyyəti nəticəsində mümkün olacaqdır. Digər investisiyayönümlü layihələr üzərində işləyirik”. Qeyd edək ki, Şuşada “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Ümumən imzalanan 14 sənəd müxtəli sahələri əhatə edir. Bunlar arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi yer tutur. Münasibətlər artıq strateji səviyyəyə yüksəlir. Azərbaycanla BƏƏ siyasi müstəvidə yaxın mövqelərə malikdir. BƏƏ daim Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyinin müdafiəsinə töhfə verib. . Qarabağ münaqişəsi dövründə BƏƏ Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini açıq şəkildə müdafiə edib. Eyni zamanda, Azərbaycan da Yaxın Şərqdə sülh və sabitliyi dəstəkləyən siyasəti ilə BƏƏ ilə həmrəy olub.

İqtisadi əlaqələr Azərbaycan–BƏƏ münasibətlərinin əsas sütunlarından biridir. Əmirliklər Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri hesab olunur. İkitərəfli ticarət dövriyyəsi hər il artmaqda davam edir. Azərbaycandan BƏƏ-yə kənd təsərrüfatı məhsulları, qida sənayesi malları ixrac olunur. Əvəzində isə BƏƏ-dən ölkəmizə tikinti materialları, sənaye avadanlıqları və digər məhsullar gətirilir. Əmirliklərin iri şirkətləri Azərbaycanda infrastruktur və energetika layihələrinə sərmayə yatırır. “Masdar” şirkətinin Azərbaycanda bərpa olunan enerji sahəsində layihələri bu əməkdaşlığın parlaq nümunəsidir. Xatırladaq ki, 2023-cü ilin oktyabrında istifadəyə verilən Qaradağ Günəş Elektrik Stansiyası “Masdar” şirkəti tərəfindən inşa edilib. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Hazırda şirkət tərəfindən əlavə iki günəş elektrik stansiyası inşa olunur. Həmçinin 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi istiqamətində işlər görülür. Ümumiyyətlə, Azərbaycan və BƏƏ hər ikisi enerji resursları ilə zəngin ölkələrdir. Bununla yanaşı, hər iki dövlət iqtisadiyyatını şaxələndirmək və alternativ enerji sahəsini inkişaf etdirmək niyyətindədir. Bu baxımdan bərpa olunan enerji, xüsusilə günəş və külək enerjisi layihələrində əməkdaşlıq diqqət çəkir. Azərbaycan enerji sektorunun modernləşdirilməsi prosesində BƏƏ-nin təcrübəsindən faydalanır. Azərbaycanla BƏƏ arasında humanitar əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Hər iki ölkədə keçirilən mədəni tədbirlər xalqların yaxınlaşmasına xidmət edir. Dubayda və Əbu-Dabidə təşkil olunan sərgilərdə Azərbaycan mədəniyyəti təqdim olunur. Eyni zamanda, Azərbaycanda BƏƏ mədəniyyət günləri keçirilib. Təhsil sahəsində də əməkdaşlıq genişlənir. Gənc azərbaycanlılar BƏƏ universitetlərində təhsil alır, müxtəlif elmi layihələrdə iştirak edirlər. BƏƏ vətəndaşları da Azərbaycana turizm və təhsil məqsədilə səfərlər edirlər. bütün bunlar onu göstərir ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər qarşılıqlı etimad, dostluq və strateji maraqlar üzərində qurulub. İki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar əməkdaşlıq dinamik inkişaf edir. Xüsusilə enerji, logistika, turizm və təhsil sahələrində perspektivlər genişdir. Gələcəkdə bu əlaqələrin daha da dərinləşəcəyi, Azərbaycan və BƏƏ-nin regional və qlobal miqyasda birgə təşəbbüslərlə çıxış edəcəyi gözlənilir.

Samirə SƏFƏROVA

Chosen
52
47
baki-xeber.com

10Sources