EN

Sabah İsrail və Suriya Bakıda razılaşa bilməsələr, daha qanlı müharibə başlayacaq...


Sentyabrın 18-də Bakıda İsrail və Suriya nümayəndələri arasında təhlükəsizlik məsələləri üzrə görüşü keçiriləcək. Bu barədə “Sky News Arabia” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bundan öncə Londonda İsrailin strateji planlaşma naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani arasında görüş keçirilib və tərəflər təhlükəsizlik razılaşması təklifini müzakirə ediblər. Danışıqlarda ABŞ-nin xüsusi elçisi Tom Barrak da iştirak edib. Toplantı bu formatda üçüncü üçtərəfli görüş olub. Lakin əsas müzakirələr Bakıda aparılır.

Qeyd edək ki, İsrail bir neçə həftə əvvəl Suriyaya yeni razılaşma təklifini təqdim edib, lakin hələ ki, rəsmi cavab almayıb və mənbələrə görə, Dəməşq özü əəlavə təklif hazırlayır.

Məlumata görə, İsrailin təklifi 1979-cu ildə Sinay yarımadasının İsraillə sərhədə qədər olan məsafədən asılı olaraq müxtəlif səviyyələrdə hərbi mövcudluq və silahlanma ilə üç zonaya - A, B və C zonasına bölündüyü İsrail və Misir arasında imzalanmış sülh müqaviləsi modelinə əsaslanır. İsrail oxşar sxemi Dəməşqin cənub-qərb hissəsindən İsraillə sərhədə qədər olan əraziyə tətbiq etməyi və onu müxtəlif dərəcəli hərbi iştiraka malik üç zonaya bölməyi təklif edib. Təklif Suriya tərəfində demilitarizasiya olunmuş bufer zonasının iki kilometr genişləndirilməsini nəzərdə tutur. İsrail sərhədinə ən yaxın zolağa qoşunların və ağır silahların yerləşdirilməsi tamamilə qadağan ediləcək, lakin Suriya tərəfinə polis və daxili təhlükəsizlik qüvvələrini saxlamağa icazə veriləcək. Bundan əlavə, Dəməşqin cənub-qərbindən İsrail sərhədinə qədər bütün ərazi Suriya təyyarələri üçün uçuşa qadağan zona elan edilə bilər. Bunun müqabilində İsrail son aylarda Suriyada ələ keçirdiyi ərazilərdən öz qüvvələrini mərhələli şəkildə çıxarmağa hazırdır, lakin Şeyx dağında olan Cəbəl əl-Şeyxin strateji yüksəkliyində mövcudluğunu saxlamaq niyyətindədir. İsrailin baş naziri Benyamin Netanyahunun da sentyabrın sonunda BMT Baş Assambleyası çərçivəsində Suriya prezidenti Əhməd əl-Şarla görüşməkdə maraqlı olduğunu bildirsə də, mənbələr belə bir görüşün yaxın vaxtlarda baş tutmasının çətin olduğunu deyir. Bütün bunlar əslində Bakı görüşünün çox çətin olacağını göstərir. Çünki İsrailin şərtləri təslimçiliyi ehtiva edir. Suriyanın isə buna razılıq verməyəcəyi indidən bəllidir. Digər tərəfdən Türkiyə də Suriyanın İsrail qarşısnda təslim olmasıan razılıq verməyəcək. Bütün bunlar Bakı görüşünün çətin olacağını bir daha ortaya qoyur. Bakıda razılqı əldə olunmasa, İsrail və Suriya arsında münasibətlər qanlı mərhələyə keçəcək. Qeyd edək ki, Azərbaycan bundan əvvəl də İsrail və Suriya arsında vasitəçilik edib. Bu məsələyə prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində toxunub, İsrail ilə Suriya arasında münasibətlərin normallaşması üçün imkanlar olduğunu hesab etdiyini bildirib: “Suriyada yeni hökumət iqtidara gəldikdə, Azərbaycan bunu böyük ruh yüksəkliyi ilə qarşıladı və sözsüz ki, dəstəklədi. Bu ilin aprelində Türkiyədə mənim Əhməd Əl Şaraa ilə görüşüm oldu və onu səfərə dəvət etdim. O da Azərbaycana rəsmi səfər etdi. Biz Suriyaya humanitar yardım etməyə başladıq. Mən Suriyaya necə faydalı olacağımızı, onlar üçün nə edə biləcəyimizi öyrənmək üçün Baş nazirin müavininin rəhbərlik etdiyi böyük bir qrupu oraya göndərdim. Biz uzun illər boyu əziyyət çəkmiş bu ölkə, onun xalqı üçün yalnız sülh istəyirik. Biz onların sülh içində yaşamalarını və orada inkişafı görmək istəyirik. Beləliklə, işlər başlayıb”. Dövlət başçısı xatırladıb ki, Suriya ilə İsrail rəsmiləri arasında danışıqlar Azərbaycanın vasitəçiliyilə baş tutub: “Suriya ilə İsrail rəsmiləri arasında danışıqlar bizim vasitəçiliyimizlə baş tutdu. Biz ətrafımızda sülhün olmasını istəyirik. Təcavüz və müharibədən əziyyət çəkən ölkə və xalq olaraq biz qaçqınlığın, evsizliyin, qaz, elektrik enerjisinə, suya və ya qidaya malik olmamağın nə olduğunu başa düşürük. Biz uzun illərdir ki, donor ölkə kimi fəaliyyət göstəririk. Biz təxminən 100, 80-dən çox ölkəyə maliyyə dəstəyi, humanitar dəstəyi təmin edirik. Bizim məqsədimiz yalnız normallaşma prosesinə və İsrail ilə Suriya arasında proqnozlaşdırılabilən vəziyyət yaratmağa kömək etməkdən ibarət idi. Əgər biz buna azacıq da olsa, kömək edə bildiksə, buna şadıq. Biz münasibətlərin normallaşması üçün potensialın mövcud olduğunu görürük və bu da Yaxın Şərqə sülhün, proqnozlaşdırmanın əlavə elementlərini gətirəcək”. Hesab edilir ki, Azərbaycanın Suriya və İsrail arasında vasitəçilik missiyasını davam etdirməsinə indi daha böyük ehtiyac var. Bunu tərəflər də nəzərə alır. Xatırladaq ki, Azərbaycan son illərdə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və balanslaşdırılmış siyasət yürüdən dövlət kimi tanınır. Ölkəmizin həm müsəlman, həm də yəhudi dünyası ilə tarixi-mədəni bağları, eləcə də regional və qlobal səviyyədə etimad qazanmış mövqeyi onun vasitəçilik təşəbbüslərinə şərait yaradır. Bu kontekstdə Azərbaycanın Suriya və İsrail arasında vasitəçilik missiyası xüsusi əhəmiyyət daşıyır.

Xatırladaq ki, Suriya ilə İsrail arasında münasibətlər 1948-ci ildən, İsrail dövlətinin qurulmasından sonra gərginlik müstəvisində inkişaf edib. Ən əsas mübahisə obyekti 1967-ci ildə altıgünlük müharibədən sonra İsrailin nəzarətinə keçmiş Golan təpələridir. Suriyanın bu ərazini geri qaytarmaq tələbi, İsrailin isə təhlükəsizlik maraqları uzun illər sülh prosesini çıxılmaz vəziyyətə salıb. Fələstin məsələsi də Suriyanın mövqeyinə təsir göstərib. İsrailin Qüds və Qəzza ilə bağlı siyasəti ərəb dövlətlərinin, o cümlədən Suriyanın münasibətlərini daha da sərtləşdirib. Lakin məsələnin danışılar yolu ilə çözümünə də ümidlər artır. Bu hal Əhməd Əl Şaraanın hakmiyyətə gəlişindən sonra özünü qabarıq büruzə verir. Amma yeni vasitəçi təşəbbüslərə ehtiyac böyükdür və Azərbaycan bu missiyada neytral, qəbul edilə bilən tərəf kimi çıxış edir. Azərbaycan heç vaxt bir tərəfi digəri üzərində üstün tutmayıb. Xarici siyasətdə əməkdaşlıq, dialoq və qarşılıqlı hörmət əsas prinsiplərdir. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür, həm də İsraillə strateji tərəfdaşlıq qurub. Ölkəmizdə yəhudi icması əsrlər boyu dinc yaşayıb, bu da beynəlxalq səviyyədə etimad doğurur. Azərbaycanda müxtəlif etnik və dini icmaların sülh şəraitində yaşaması həm Suriya, həm də İsrail üçün nümunədir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövründə göstərdiyi ədalətli və neytral mövqe beynəlxalq aləmdə yüksək qiymətləndirilib. Bu missiyanın uğurla həyata keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir. Ölkəmiz vasitəçilik təşəbbüsləri ilə Yaxın Şərqdə sülh və sabitliyin təşviqinə daha böyük töhfə verə bilər. Bu, yalnız iki dövlət arasında gərginliyin azalmasına deyil, həm də Yaxın Şərqdə sabitlik proseslərinin güclənməsinə xidmət edir. Azərbaycan üçün bu missiya beynəlxalq nüfuzun artması, diplomatik fəallığın genişlənməsi və multikultural modelinin dünyaya təqdim olunması baxımından strateji əhəmiyyət daşıyır.

Tahir TAĞIYEV

Chosen
17
baki-xeber.com

1Sources