EN

Azərbaycan Qran-prisini 300-ə yaxın KİV işıqlandıracaq - FOTO

Bakı yenidən dünya mediasının diqqət mərkəzindədir.

İdman.biz Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən bildirir ki, sentyabrın 19-21-də keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisi 2025-in işıqlandırılmasında bu il 300-ə yaxın yerli və xarici media nümayəndəsi iştirak edir. Onların sırasında Netflix, Reuters, Agence France-Presse, Sky Sports, Motorsport.com, Associated Press, CANAL+, ESPN Disney Latin kimi nüfuzlu media qurumları da var.

Yarışın promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən yaradılmış Media Mərkəzi artıq jurnalistlərin ixtiyarındadır. 450 nəfərlik tutuma malik olan bu mərkəz müasir texniki avadanlıqlarla təchiz olunaraq jurnalistlər üçün rahat və funksional iş mühiti yaradır. Burada akkreditasiya xidməti ilə yanaşı, xüsusi iş masaları, canlı yayımlar üçün nəzərdə tutulmuş texniki dəstək, eləcə də mətbuat konfranslarının keçirilməsi üçün tam təchizatlı zal mövcuddur. Mərkəz çərşənbə günündən etibarən fəaliyyət göstərərək həm yerli, həm də xarici media nümayəndələrinin operativ şəkildə məlumat əldə etməsini, reportaj hazırlamasını və dünyanın dörd bir yanına çatdırmasını təmin edir. Media Mərkəzi yüksək beynəlxalq standartlara – Beynəlxalq Avtomobil Federasiyasının (FIA) tələblərinə tam uyğun şəkildə təşkil olunub və qlobal miqyasda aparıcı idman tədbirlərinin media infrastrukturuna layiqli nümunə kimi qiymətləndirilir.

İldən ilə Azərbaycan Qran-prisi qlobal səviyyədə çox maraqla izlənilir. Təkcə 2024-cü ildə 86 milyon tamaşaçı canlı yayım vasitəsilə yarışı izləyib, ümumilikdə isə 3,9 milyarddan çox insan müxtəlif platformalarda Bakı Qran-prisinə maraq göstərib.

Bakı trekinin həyəcanlı ab-havası, gərgin idman mübarizəsi və beynəlxalq medianın geniş iştirakı ilə 2025-ci ilin Azərbaycan Qran-prisinin də dünya səviyyəsində böyük rezonans doğuracağı gözlənilir.

İdman.biz

Chosen
8
16
idman.biz

10Sources