EN

“Məktəblərdə təhlükəsizlik üçün polis və psixoloqların rolu artırılmalıdır” - Ramin Nurəliyev

“Ümumiyyətlə, orta ümumtəhsil məktəblərində bu kimi hallar əvvəllər də müşahidə olunub. Məktəblilər sinif yoldaşlarına bıçaq və digər kəsici alətlərlə xəsarət yetiriblər. Bu səbəbdən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir. Lakin qeyd etmək lazımdır ki, mənfi hallara meyilli olan şagird yalnız məktəb daxilində deyil, məktəbdən kənarda da bu davranışını göstərə bilər. Buna görə də əsas məqsəd riskləri minimuma endirmək və məktəblərdə giriş-çıxışa ciddi nəzarət mexanizmləri tətbiq etməkdir. Hazırda ali təhsil müəssisələrində tələbələrin girişinə nəzarət sistemi mövcuddur. Oxşar yanaşmanın ümumtəhsil məktəblərində də tətbiqi arzuolunandır. Bunun üçün xüsusi nəzarət cihazlarının quraşdırılması tələb olunur ki, bu da müəyyən maliyyə vəsaiti istəyir. Əlbəttə, bunun dövlət səviyyəsində qərarlaşdırılması vacibdir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, sentyabrın 16-da Cəlilabadda məktəblinin sinif yoldaşını bıçaqlayaraq öldürməsi yenidən şagirdlərin davranışı və məktəb təhlükəsizliyi məsələlərini gündəmə gətirib. Hadisə təhsil müəssisələrində nəzarətin yetərli olmaması ilə bağlı ciddi narahatlıqlara səbəb olub. İctimaiyyəti isə əsasən belə bir sual düşündürür: bıçaq və digər kəsici alətlər məktəblərə necə keçir və nə üçün ciddi yoxlamalar aparılmır?

Ekspert bildirib ki, önləyici tədbirlərin gücləndirilməsi də əsas məsələlərdən biridir.

“Bu baxımdan Daxili İşlər Nazirliyinin əməkdaşlarının məktəblərə cəlb olunaraq şagirdlərlə seminar və görüşlər keçirməsi, onlara bu cür neqativ davranışların nəticələri barədə məlumat verməsi faydalı olardı. Şagird bilməlidir ki, bu cür hərəkətlər onun gələcək karyerasını və həyatını təhlükə altına qoyur, cəmiyyət tərəfindən də mənfi qarşılanır. Burada yalnız hüquq-mühafizə orqanları deyil, məktəb rəhbərliyi, sinif rəhbərləri və məktəb psixoloqları da xüsusi rol oynamalıdır. Riskli davranışa meyilli şagirdlər vaxtında müəyyənləşdirilməli, onlarla mütəmadi psixoloji görüşlər keçirilməlidir. Təəssüf ki, bir çox hallarda psixoloqlar yalnız hadisədən sonra fəaliyyətə başlayırlar. Halbuki bu işlər qabaqlayıcı xarakter daşımalıdır. Eyni zamanda valideynlərin məsuliyyəti də artırılmalıdır. Uşaqlar evdən çıxarkən onların nəzarətdə saxlanılması zəruridir. Valideynlər bu məsələlər barədə maarifləndirilməlidirlər. Bu istiqamətdə qeyri-hökumət təşkilatlarının da iştirakı faydalı ola bilər. Narkotiklər və cinayətkarlıqla mübarizə sahəsində fəaliyyət göstərən təşkilatlar məktəblərdə seminarlar, təbliğat tədbirləri keçirə bilərlər. Çünki sosial şəbəkələrdə mənfi təsirli materiallarla qarşılaşan yeniyetmələrin diqqəti, düzgün istiqamətləndirmə ilə müsbət tərəflərə yönəldilə bilər. Əlbəttə, bütün halların qarşısını tam almaq çətin ola bilər. Amma həm texniki nəzarət vasitələrinin, həm də təbliğat və maarifləndirmə tədbirlərinin paralel şəkildə həyata keçirilməsi risklərin minimuma endirilməsinə kömək edər. Bu yanaşma yalnız bıçaqlanma deyil, digər neqativ halların da azalmasına səbəb ola bilər”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Chosen
9
aznews.az

1Sources