EN

Sərnişin sıxlığı bitir: Metroda qatarlar daha sürətli və rahat hərəkət edəcək

“İctimai nəqliyyat sahəsində islahatlar davam edir və tələbata uyğun olaraq ictimai nəqliyyatın təmin olunması üçün ciddi addımlar atılır. Yaxın gələcəkdə bunun real nəticələrini görəcəyik”. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanun layihəsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib. 

Qeyd edək ki, qanuna təklif olunan dəyişiklik dayancaqların quraşdırılması səlahiyyətinin yalnız Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə verilməsindən ibarətdir. Bu, təklif olunan qanun layihəsində əksini tapıb. R.Hümmətov ictimai nəqliyyat sahəsində problemlərdən birinin dayanacaqlarla bağlı olduğunu deyib. Hazırda AYNA tərəfindən marşrutlar, icra hakimiyyətləri tərəfindən isə dayanacaqların qurulması, saxlanılması müəyyən edilir. Amma vəziyyət dəyişəcək. R.Hümmətov qeyd edib ki, bu məsələ Prezident Administrasiyası tərəfindən qaldırılaraq vahid yanaşmanın zəruri olduğu bildirilib və buna uyğun olaraq qanunlara müvafiq dəyişikliklər hazırlanıb. AYNA tərəfindən bu işlərin görülməyi nəzərdə tutulub. R.Hümmətov əlavə edib ki, son illərdə ölkə rəhbərliyinin keçirdiyi sosial-iqtisadi siyasət, qəbul olunan dövlət proqramları nəqliyyat infrastrukturunun genişlənməsinə, inkişafına şərait yaradıb: “Nəticədə Azərbaycan qısa müddətdə Avrasiya qitəsində nəqliyyat mərkəzlərindən birinə çevrilməkdədir. Hava, dəniz limanları və digər nəqliyyat sahəsində görülən işlərlə ötən il Azərbaycan üzərindən rekord həcmdə tranzit yük daşınıb. Bu rəqəm artıq 15 milyon tona yaxınlaşır. Eləcə də, ölkədaxili yükdaşımalarında ciddi artımlar müşahidə edilir. Ölkə ərazisindən keçən bir sıra nəqliyyat dəhlizləri - istər şimal-cənub, istərsə də şərq-qərb dəhlizləri, məlum görüşlərdən, bəyanatlardan və son imzalanan sənədlərdən sonra daha da geniş perspektivlər açır”.

Qanuna müvafiq dəyişiklik qəbul olunarsa, bölgələrdə də dayanacaq məntəqələri artıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən quraşdırılacaq. Qanun layihəsi müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb və bu məqsədlə vahid səlahiyyətli qurumun müəyyən edilməsini nəzərdə tutur. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, digər ərazilərdə zəruri olan infrastrukturun yaradılması işini təşkil etmək, həmçinin sərnişin nəqliyyatı vasitələri üçün dayanacaqların yerləşdirilməsi sxemlərini təsdiq etmək və nəzarəti həyata keçirmək səlahiyyəti isə yerli icra hakimiyyəti başçılarının səlahiyyətindədir. Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsinin, onların quraşdırılmasının, idarə edilməsinin və saxlanılmasının vahid qurum tərəfindən təmin edilməsi bölgələrdə əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artmasına, bu sahədə ölkə üzrə vahid standartların tətbiqinə xidmət edəcək.

Nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Sherg.az-a açıqlamasında bildirdi ki, qanuna dəyişiklik rayonlardakı dayanacaqlara aid olacaq: 
- Məlumdur ki, hazırda paytaxtda avtobus dayanacaqlarının təşkili, yerləşdirilməsi, mühafizəsi, qorunması infrastrukturun yenilənməsi və sair məsələlərə cavabdehliyi AYNA daşıyır. Amma bölgələrdə bu iş yerli icra hakimiyyətlərinin səlahiyyətindədir. Belə olduqda ikili idarəetmə forması yaranır. Lazımdır ki, proses vahid mərkəzdən idarə olunsun. Bu halda problemlə bağlı da hara, hansı quruma müraciət etməkdə anlaşılmazlıq, çətinlik yaranmır. Konkret səlahiyyətli orqan bilinir. “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif olunan dəyişiklik təsdiqlənərsə və qanunda əksini taparsa, dayanacaqların təşkilinə yalnız Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi səlahiyyət daşıyacaq. Bununla ümumi mərkəzləşmə təmin olunacaq. Belə bir həll variantı tətbiq ediləcək. Ölkə üzrə ictimai nəqliyyatla bağlı dayanacaqlara AYNA nəzarət edəcək artıq. 

R.Ağamirzəyev qeyd etdi ki, ictimai nəqliyyatın inkişafı ilə bağlı həqiqətən də nəhəng layihələrə imza atılıb. Avtobus, velozolaqların çəkilməsi, şəhərin piyadayönümlü olması baxımından görülən işlər, bir sıra küçələrin avtomobilsizləşdirilməsi paytaxtda mikromobilliyin artımına müsbət təsir edən amillərdir. Ən böyük işlərdən biri isə metropolitenin inkişaf strategiyası ilə bağlıdır:  

- Əhalinin ən çox istifadə etdiyi, hazırda sərnişin daşınmasında rekord həddə çatan ictimai nəqliyyat növü metrodur. Metronun daha çevik, daha sürətli olması üçün    “yaşıl xətt”lə “qırmızı xətt”in ayrılması vacib idi, nəhayət ki, bu nəhəng layihəyə start verilib. Bu layihənin icrası nəticəsində metronun fəaliyyətinə indiyədək mənfi təsir göstərən “yaşıl xətt”lə “qırmızı xətt”in kəsişməsi aradan qaldırılacaq və bu da metronun fəaliyyətinə müsbət təsir göstərəcək, qatarlararası interval azalacaq, hər istiqamətin öz yolu, öz hərəkət qrafiki olacaq. Hazırkı vəziyyətdən fərqli olaraq xətlər kəsişməyəcək daha. Xətlərin ayrılmasının mümkünlüyü üçün vacib şərtlərdən biri olan “Dərnəgül” deposunun tikintisinə başlanılıb artıq. İlin sonuna kimi xətlərin ayrılmasına başlanacaq. Bilirsiniz ki, metronun “28 May” stansiyasında ciddi sərnişin sıxlığı müşahidə olunur. Bu problemi aradan qaldırmaq üçün xətlərin ayrılması layihəsinin icrası vacibdir. Xətlərin ayrılması layihəsi şəhər üçün çox vacibdir. Çünki bu layihə sərnişin axınının yalnız bir istiqamətdə deyil, artıq iki istiqamətə parçalanmasına gətirib çıxaracaq və hazırkı kritik vəziyyəti dəyişəcək. Ümumiyyətlə, dünya üzrə digər şəhərlərdə mövcud metropoliten sistemində fərqli xətlərin kəsişdiyi məntəqələrdə keçid stansiyaları qurulur. Bakıda isə bu işlər metronun inşa edildiyi gündən tam həyata keçirilməyib. Bakı metrosunda iki depo mövcuddur. Amma metroda üç xətt varsa (“qırmızı”, “yaşıl”, “bənövşəyi”), onların hər birinin ayrıca deposu olmalıdır. Depoların olmaması əlavə problem yaradır. Məsələn, “yaşıl xətt”də problem yarandıqda bütün hərəkət dayandırılır və həmin qatar “Nərimanov” deposuna göndərilir. “Dərnəgül” deposunun tikilməsi layihəsi icra olunandan sonra bu tip risklər aradan qalxmış olacaq. Layihə çərçivəsində “İçərişəhər” stansiyasının arxasında dönmə kamerası tikiləcək. Hazırda isə İçərişəhərə daxil olan qatar eyni xətt üzrə geri qayıdır, dairəvi hərəkət mümkün deyil. Bu səbəbdən də interval 2.5-3 dəqiqəyə qalxır. Dönmə kamerasının inşası qatarların dairəvi hərəkət etməsinə şərait yaradacaq və bu da birbaşa intervalın azalmasına təsir göstərəcək. Metropolitenin inkişafı ilə bağlı təsdiq olunmuş Dövlət Proqramına əsasən, yaxın beş il ərzində Bakıda 10 yeni metro stansiyasının tikilməsi planlaşdırılır. Bu işlərin həyata keçməsi paytaxtın ictimai nəqliyyatında qlobal dəyişikliklərlə nəticələnəcək.
Chosen
18
1
sherg.az

2Sources