EN

Manatın devalvasiya təhlükəsi gözlənil(m)ir?


Azərbaycan Mərkəzi Bankının statistika departamentinin direktoru Samir Nəsirov bildirib ki, bu ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 6,7 milyard ABŞ dolları artaraq 77,7 milyard ABŞ dollarına çatıb. Bundan başqa, onun sözlərinə görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 70,7 ABŞ dolları, təbii qazın min kubmetrinin qiyməti isə 301 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin birinci yarısında Azərbaycan neftinin bir barelinin orta ixrac qiyməti 73,8 ABŞ dollarına bərabər olub. Son açıqlanan rəqəm büdcədə neftin bir barrelinin götürülmüş qiymətindən cüzi yüksəkdir.

Xatırladaq ki, bu ilin büdcəsində neftin bir barrelinin qiyməti 70 dollar təşkil edir. Bunlar fonunda iddialar da səslənir ki, neftin qiymətlərində düşüş sürətlənərsə, bu, büdcənin icrasında problemlər yarada bilər. belə iddiada olanların fikrincə, neftin qiymətlərində düşüş uzunmüddətli olarsa, növbəti devalvasiya da baş verə bilər. Halbuki, hökumət fərqli mövqedədir. Belə ki, Azərbaycan hökuməti qarşıdakı illərdə də manatın məzənnəsini sabit saxlamağı hədəfləyir. İqtisadiyyat Nazirliyinin təqdim etdiyi makroiqtisadi proqnozlarda 2026- 2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb. Hazırda rəsmi olaraq 1 ABŞ dolları 1,7 manata bərabərdir. Bu məzənnə 2017-ci ilin yazından dəyişməz qalır. Bir çox proseslər də manat üçün təhdid olmadığını göstərir. Əvvəla, Azərbaycanın strateji valyuta ehtiyatları yuxarıda qeyd olunduğu kimi 78 milyard ABŞ dollarına çatır. Digər tərəfdən büdcə proqnozları da özünü doğruldur. Bundan başqa Azərbaycana digət istiqamətlər üzrə də valyuta axını artır. Belə ki, bu ilin ilk altı ayında Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 533,9 milyon dollar təşkil edib. Mərkəzi Bankın statistika departamentinin rəhbəri Samir Nəsirov bildirib ki, xaricdən pulköçürmə üzrə 1-ci pillədə Rusiya 214 milyon dollarla, Türkiyə 87,8 milyon dollarla ikinci pillədə, ABŞ 52,1 milyon dollarla 3, Birləşmiş Krallıq 18,8 milyon dollarla 4, BƏƏ 18,5 milyon dollarla ilk beşlikdə yer alıb: “Hesabat dövründə ölkədən xaricə köçürülmüş pul baratlarının həcmi 238 milyon dollar olub. Belə ki, bu məbləğin 68 milyon dolları Türkiyə, 40 milyon dolları ABŞ, 22,1 milyon dolları Rusiya, 13,9 milyon dolları Gürcüstan, 12,3 milyon dolları Birləşmiş Krallığın payına düşür”. Ancaq təbii ki, Azərbaycan manatının sabitliyini təmin edən əsas amillərdən biri ölkənin zəngin təbii sərvətləridir. Neft və qaz ixracı ölkəyə böyük həcmdə valyuta daxilolmalarını təmin edir, strateji valyuta ehtiyatlarının formalaşmasına imkan yaradır. Hazırda Azərbaycanın valyuta ehtiyatları ölkənin illik idxalını bir neçə dəfə üstələyir ki, bu da manatın dəyərinin qorunmasına mühüm zəmanət sayılır.

Eyni zamanda, Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti çox aşağı səviyyədədir. Bu faktor maliyyə sabitliyinin təmin olunmasında mühüm rol oynayır. Xarici borcun az olması ölkəni beynəlxalq maliyyə böhranlarından daha az asılı vəziyyətdə saxlayır. Azərbaycan Mərkəzi Bankı manatın sabitliyini qorumaq üçün çevik pul-kredit siyasəti həyata keçirir. Valyuta bazarında baş verə biləcək kəskin dəyişikliklərin qarşısı məhz Mərkəzi Bankın müdaxilələri hesabına alınır. Tənzimləyici orqan inflyasiyanın idarə olunmasına, pul kütləsinin balanslı saxlanmasına və milli valyutanın alıcılıq qabiliyyətinin qorunmasına xüsusi diqqət yetirir. Mərkəzi Bankın fəaliyyətində əsas prioritetlərdən biri də məzənnə siyasətidir. Ölkədə sərbəst üzən məzənnə rejimi tətbiq olunmasa da, manatın məzənnəsi bazar şərtlərinə uyğun müəyyən edilir. Bununla yanaşı, spekulyativ təzyiqlərin qarşısı alınır, bazarda stabillik təmin edilir. Manatın sabitliyinin mühüm göstəricilərindən biri inflyasiya səviyyəsidir. Azərbaycan hökuməti və Mərkəzi Bank inflyasiyanı birrəqəmli səviyyədə saxlamağı prioritet kimi müəyyən edib. Əhalinin gəlirləri ilə qiymətlərin uyğunluğu manatın alıcılıq qabiliyyətinə təsir edən əsas faktordur. Son illərdə hökumətin sosial-iqtisadi islahatları, minimum əməkhaqqının və pensiyaların artırılması, sosial müdafiə tədbirləri əhalinin manat üzərində etimadını gücləndirib. Amma manatın sabitliyinə təsir göstərən xarici amillər də az deyil. Qlobal maliyyə böhranları, dünya bazarlarında enerji qiymətlərinin dəyişməsi, regional münaqişələr, beynəlxalq ticarət müharibələri milli valyutanın mövqeyinə təsir edə bilər. Lakin Azərbaycanın kifayət qədər valyuta ehtiyatlarına malik olması və iqtisadiyyatını şaxələndirmə siyasəti bu risklərin qarşısını müəyyən qədər alır. Eyni zamanda, qonşu ölkələrdə baş verən maliyyə dalğalanmaları da Azərbaycan manatına təsir edə bilir. Bu baxımdan hökumət regional iqtisadi prosesləri daim izləyir və preventiv tədbirlər görür. Bank sektorunun sağlam inkişafı da manatın sabitliyinə birbaşa təsir göstərir. Azərbaycanda bankların kapitallaşması, problemli kreditlərin azaldılması, rəqəmsal bankçılığın inkişafı və əhalinin maliyyə xidmətlərinə əlçatanlığının artırılması milli valyutaya etimadı gücləndirir. Bundan əlavə, nağdsız ödənişlərin genişlənməsi, milli ödəniş sistemlərinin inkişafı və elektron ticarətin artması manatın maliyyə dövriyyəsində mövqeyini möhkəmləndirir. Beləliklə, Güclü valyuta ehtiyatları, aşağı xarici borc yükü, iqtisadiyyatın şaxələnməsi və sosial-iqtisadi islahatlar milli valyutanın etibarlılığını artırır. Başqa sözlə, manatı hələ ki, devalvasiya təhlükəsi gözləmir.

Ramil QULİYEV

Chosen
12
baki-xeber.com

1Sources