Son illər Lənkəran rayonun dinamik inkişafı, əhalinin sayının artması ictimai nəqliyyata olan tələbatı da artırıb.
Bununla bağlı dövlətin dəstəyi və aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində sərnişinlərin rahat, təhlükəsiz və vaxtında daşınması üçün mühüm addımlar atılır.
Rayonun nəqliyyat sisteminin inkişafı və sərnişinlərin rahatlığının təmin edilməsi istiqamətində görülən işlərin davamı olaraq, iki marşrut xəttinə dörd yeni, müasir avtobus buraxılıb. "Lənkəran - Sərnişin" ASC tərəfindən Böyük Bazar - Dairəvi və Böyük Bazar - Mikrorayon istiqamətləri üzrə ümumi sərnişin tutumu 35 nəfər olan "Qazel Next City" markalı 2025-ci il istehsalı yeni avtobuslar xəttə çıxarılıb.
Qeyd edək ki, xəttə buraxılan yeni avtobuslar həm texniki göstəricilərinə, həm də komfort səviyyəsinə görə əvvəlkilərdən fərqlənir. Yeni avtobuslar müasir təhlükəsizlik sistemləri, kondisioner, geniş oturacaqlar, əlilliyi olan şəxslər üçün xüsusi yerlər və ekoloji təmiz mühərriklərlə təchiz olunub.
Yeni avtobusların istifadəyə verilməsi yalnız nəqliyyat xidmətinin yaxşılaşdırılması deyil, həm də gündəlik həyatımızın daha rahat və təhlükəsiz təşkilidir.
Seyran CAVADOV,
"Azərbaycan"