EN

SOCAR tərəfindən qazın nəql sistemi mərhələli şəkildə yenidən qurulur

SOCAR-ın “Qaz İxrac” İdarəsi və “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən milli qanunvericilik və beynəlxalq standartların tələblərinə uyğun olaraq təbii qaz həcmlərinin səmərəli idarə olunması, nəql sistemləri ilə enerji dəhlizinə ötürülməsi və qazlaşdırma işləri üzrə 2024-cü ildə bir sıra işlər aparılıb.

“Qaz İxrac” İdarəsi tərəfindən 2024-cü il ərzində qazın qəbulu və nəqli istiqamətində görülmüş işlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2020-ci il tarixli 513 nömrəli Qərarına əsasən daxili bazarda təbii qazın 1 yanvar 2021-ci il tarixindən etibarən qazın istehsalçılardan satın alınması, nəqli, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması “Azərkontrakt” Açıq tipli Səhmdar Cəmiyyətinə (“Azərkontrakt” ASC) həvalə edilib. Qərardan irəli gələn vəzifələrin icrası məqsədilə SOCAR-ın “Qaz İxrac” İdarəsi ilə “Azərkontrakt” ASC arasında 30.12.2020-ci il tarixli müqavilə bağlanıb. Müqavilənin predmetinə əsasən, “Qaz İxrac” İdarəsi (Qİİ) “Azərkontrakt” ASC-yə Nəql xidməti, Təhvil-Təslimin təşkili və Qazın saxlanılmasının təşkili xidmətlərinin göstərilməsini öhdəsinə götürüb. Bağlanmış müqavilə əsasında “Qaz İxrac” İdarəsi Əməliyyat şirkətlərindən, NQÇİ-dən, AQTŞ-dən və ABƏŞ-dən qəbul olunan bütün qaz həcmlərini müqavilə şərtlərinə uyğun olaraq ölkə daxilində “Azəriqaz” İB-yə, “Azərenerji” ASC-yə, təbii qazın saxlanması məqsədilə yeraltı qaz anbarlarına ötürülməsini təmin edib.

Həmçinin Nazirlər Kabinetinin 28 dekabr 2020-ci il tarixli 513 nömrəli Qərarına əsasən qazın Gürcüstan Respublikasına ixracı Azneft İB-yə tapşırılıb. Bu səbəbdən qazın ölkə xaricinə, Gürcüstan Respublikasına nəql olunması üçün 5 fevral 2021-ci il tarixində “Azneft” İB ilə “Qaz İxrac” İdarəsi (Qİİ) arasında “Təbii qazın komissiyası” haqqında müqavilə imzalanıb və bu müqavilənin icrası “Qaz İxrac” İdarəsi tərəfindən həyata keçirilir. 24 dekabr 2021-ci il tarixində Türkmənistan ilə SOCAR arasında imzalanmış “Qazın alqı və satqısı” haqqında müqavilədən irəli gələn öhdəliklərin icrasını həyata keçirib. 1 sentyabr 2023-cü ildə ixrac üçün nəzərdə tutulmuş elektrik enerjisində istifadə olunan qaz həcmlərinə görə Qİİ ilə “Azərenerji” ASC arasında imzalanmış alqı-satqı müqaviləsinin icrası “Qaz İxrac” İdarəsi tərəfindən aparılıb.

“SOCAR-ABSHERON” (JOCAP) ilə SOCAR arasında 6 iyul 2018-ci il tarixində qazın satışına dair müqavilə imzalanıb. Bu müqavilənin hüquq və öhdəliklərinin icrası SOCAR-ın müvafiq əmrinə əsasən “Qaz İxrac” İdarəsinə həvalə edilib. 24 iyul 2024-cü il tarixli “Ümid Babek Operating Company” və SOCAR arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin icrası “Qaz İxrac” İdarəsi tərəfindən reallaşdırılır. Həmçinin “Təbii qazın komissiyası” haqqında müqaviləyə uyğun olaraq Gürcüstan Respublikasına təbii qazın ixracı və SOCAR ilə beynəlxalq təşkilatlar arasında bağlanan bir neçə alqı-satqı və SWAP müqavilələrinə uyğun olaraq Avropa və Türkiyə Respublikasına ixrac əməliyyatlarının icrası “Qaz İxrac” İdarəsi tərəfindən icra olunur.

Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2024-cü il tarixli 323 nömrəli Sərəncamına əsasən “Azərkontrakt” ASC-nin Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması müqavilələri üzrə hüquq və öhdəlikləri 01.12.2024-cü il tarixindən SOCAR-a və onun strukturuna daxil olan qurumlara ötürülüb. 01.12.2024-cü il tarixindən etibarən SOCAR-la bağlanmış Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunmasına dair bütün alqı-satqı müqavilələri üzrə SOCAR-ın hüquq və öhdəliklərinin icrası “Qaz İxrac” İdarəsinə həvalə edilib. 2024-cü il ərzində “Qaz İxrac” İdarəsi tərəfindən 19886,7 milyon m3 təbii qaz qəbul edilərək 19815,9 milyon m3 qaz istehlakçılara nəql edilib. “Qaz İxrac” İdarəsi tərəfindən 4,1 min km magistral və qol qaz kəmərləri, 27 qaz paylayıcı stansiya (QPS), 447 paylama və 12 idxal-ixrac (Qərb, Şimal, Cənub sərhəd nöqtələri üzrə) ölçü qovşaqları, o cümlədən “Azəriqaz” İB-nin tabeliyində olan 72 QPS-in isə yüksək təzyiqli texnoloji hissəsi istismar olunur.

Əsas vəsaitlərin kapital qoyuluşu və əsaslı təmir proqramlarına uyğun görülmüş işlər

2024-cü il ərzində əsas vəsaitlərin kapital qoyuluşu proqramına uyğun bir sıra obyektlər üzrə işlər aparılıb. Ölkə Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” daxilində SOCAR tərəfindən qaz nəql sisteminin mərhələli şəkildə yenidən qurulması, Laçın istiqaməti üzrə - “Horadiz-Laçın” qaz kəmərinin və üzərilərində QPS-lər quraşdırmaqla “Cəbrayıl QPS”, “Zəngilan QPS”, “Mincivan QPS”, “Qubadlı QPS” və “Laçın QPS” qaz kəməri qollarının tikintisi” obyektləri üzrə istismara verilmiş “Horadiz-Laçın” magistral qaz kəmərindən ayrılan “Cəbrayıl QPS” qolu - 10,8 km, “Mincivan QPS” qolu – 18,9 km, “Qubadlı QPS” qolu – 14,1 km və “Zəngilan QPS” qolu – 7,5 km qaz kəmərləri çəkilib, sınaq olunub və mövcud sistemə qoşulub. Bundan əlavə, “Laçın QPS”-nin tikintisi yekunlaşmaq üzrədir. “Mincivan”, “Cəbrayıl” və “Zəngilan QPS”-lərin tikintisi davam etdirilir. Şuşa istiqaməti üzrə “Böyük Bəhmənli-Şuşa” magistral qaz kəmərinin, həmin kəmərdən ayrılan “Füzuli” və “Hadrut” qaz kəməri qollarının, həmçinin kəmər və qollar üzərində quraşdırılacaq “Şuşa”, “Füzuli” və “Hadrut” qaz paylayıcı stansiyaların tikintisi” obyektləri üzrə istismara verilmiş “Böyük Bəhmənli - Şuşa” magistral qaz kəmərindən ayrılan “Füzuli QPS” qolu – 0,4 km və “Hadrut QPS” qolu – 22,1 km qaz kəmərləri çəkilib və mövcud sistemə qoşulub. Həmçinin, “Füzuli QPS”-nin tikintisi yekunlaşmaq üzrədir; “Şuşa” və “Hadrut” QPS-lərdə tikinti işləri davam etdirilir. Ağdam istiqaməti üzrə “Azadqaraqoyunlu - Ağdam” qaz kəmərinin və üzərində QPS quraşdırılmaqla “Ağdam QPS” qaz kəməri qolunun tikintisi” obyekti üzrə istismara verilmiş “Azadqaraqoyunlu-Ağdam” magistral qaz kəməri üzərində quraşdırılan “Ağdam QPS”-də tikinti işləri yekunlaşmaq üzrədir. Kəlbəcər istiqaməti üzrə “Ağdam-Kəlbəcər” qaz kəmərinin və üzərində QPS quraşdırılmaqla “Kəlbəcər QPS” qaz kəməri qolunun tikintisi” obyekti üzrə “Ağdam-Kəlbəcər” magistral qaz kəmərinin 124,1 km hissəsi çəkilib və mövcud sistemə qoşulub. Kəlbəcər QPS-də tikinti işləri davam etdirilir. “Kəlbəcər - İstisu” magistral qaz kəmərinin 7,2 km hissəsi çəkilib. İstisu qaz tənzimləyici məntəqəsində QTM tikinti işləri davam etdirilir. “Ağdam - Əsgəran” magistral qaz kəmərinin 18,7 km hissəsi mövcud sistemə qoşulub.

“Qazıməmməd - Qazax (1-ci xətt) magistral qaz kəmərinin 0-210-cu kmnin yenidən qurulması” obyekti üzrə diametri 1020 mm olan 71 km uzunluğunda qaz kəmərinin çəkilişi başa çatdırılaraq mövcud sistemə qoşulub. Yeni qaz kəməri hissəsi mövcud qaz kəmərinə qoşulmaqla yanaşı “Qazıməmməd-Qazax II xətt” magistral qaz kəməri ilə də əlaqələndirilib. “Bakı şəhərinin etibarlı qaz təchizatı üçün Qaradağ QPS və Digah QPS arası yeni 720 mm-lik magistral qaz kəmərinin tikintisi” obyekti üzrə 40 km uzunluqda boru xətti çəkilib, işlər davam etdirilir. “Hacıqabul Kompressor Stansiyasının (KS) yenidən qurulması” obyekti üzrə layihənin 1-ci mərhələdə nəzərdə tutulan avadanlıqların satınalınması ilə bağlı tender müsabiqələri keçirilib və avadanlıqlar alınıb. KS-də mövcud 9 ədəd AVO-lar instrumental-diaqnostik müayinə və hidravlik sınaq olunub, Turbo kompressor aqreqatları (TKA) üçün dəmir beton bünövrələr hazırlanıb. İdarəetmə binasının və digər hissələrin tikintisi “Neftqaztikinti” Tresti tərəfindən davam etdirilir. 2-ci mərhələdə nəzərdə tutulmuş avadanlıqlar SOCAR-ın Baş ofisinin razılığı əsasında satınalma mərhələsindədir. «Qaradağ - YQSA qolu» 1-ci xətt magistral qaz kəmərinin yenidənqurulması obyekti üzrə 3,7 km 720x12 mm-lik boru xətti çəkilib, işlər davam etdirilir.

2024-cü il ərzində əsas fondların əsaslı təmir proqramına uyğun bir sıra obyektlər üzrə işlər aparılıb. Bunlardan “Qazıməmməd - Qazax (1-ci xətt) magistral qaz kəmərinin 218-225-ci km hissəsinin əsaslı təmiri” obyekti üzrə 2200 p/m 1020 mm-lik boru xətti mövcud sistemə qoşulub. «Qaradağ QPS - Digah QPS magistral qaz kəmərinin 0-41-ci km arası hissəsinin əsaslı təmiri” obyekti üzrə 1753 p/m 720 mm-lik boru xətti çəkilib, işlər davam etdirilir. “Qaradağ - Qazıməmməd magistral qaz kəməri hissələrinin əsaslı təmiri” obyekti üzrə 3361 p/m 720 mm-lik boru xətti çəkilib. “Altıağac - Ağsu magistral qaz kəmərinin 24,0-25,3-cü km, 71-72-ci km, 72,5-73-cü km, 74-75,8-ci km hissələrinin əsaslı təmiri və 58,2-58,6-cı km hissəsində beton bərkitmə işlərinin aparılması” obyekti üzrə 1283 p/m 1220 mm-lik boru xəttinin çəkilişi davam etdirilir. “Hacıqabul KS-nin 1020 mm-lik giriş şleyfinin əsaslı təmiri” obyekti üzrə 2438 p/m 1020 mm-lik boru xətti çəkilərək sınaq edilib və mövcud sistemə qoşulub. «Astara - Qazıməmməd magistral qaz kəməri (əsas xətt) hissələrinin 2,5 MPa təzyiqdə təhlükəsiz istismarının təmin edilməsi üçün əsaslı təmiri” obyekti üzrə 1717 p/m 1068 mm-lik boru xətti çəkilib və işlər davam etdirilir.

 “Azəriqaz” İB tərəfindən 2024-cü ildə işğaldan azad edilmiş ərazilərdə mühüm işlər həyata keçirilib

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı olaraq “Azəriqaz” İB tərəfindən 2024-cü ildə mühüm işlər həyata keçirilib. Hazırda Cəbrayıl rayonu Xudafərin qəsəbəsində yeraltı daşıyıcı qaz kəmərlərinin tikintisi işləri davam etdirilir. Qəsəbənin daşıyıcı qaz kəmərinin 25,9 km hissəsi çəkilib. Kəlbəcər rayonunun Zar kəndində daşıyıcı qaz kəmərinin çəkilməsi üçün 11425 metr polietilen yeraltı daşıyıcı qaz kəməri çəkilib. Kəlbəcər rayonu, “İstisu” mineral su zavodunun qazlaşdırılması üçün 730 metr polad borularla qaz xətti çəkilib. Kəlbəcər rayonu, “İstisu” Müalicə İstirahət Kompleksinin qazlaşdırılması üçün 3336 metr polietilen borular qaynaq edilib. Ağdərə rayonu Həsənriz kəndində daxili paylayıcı qaz kəmərlərinin çəkilməsi üçün 10972 metr polad və 5220 metr polietilen daşıyıcı qaz kəməri çəkilib, 90 fərdi evin daxili qaz xətləri və qaz sayğacları quraşdırılıb. Xankəndi şəhərində “Azəriqaz” İB tərəfindən şəhərdaxili 53,5 km qaz kəməri hava vasitəsi ilə kipliyə sınaqdan keçirilib. 18 binada 340 mənzilə qaz sayğacı quraşdırılıb. Xankəndi şəhərində 31 binada 819 mənzilə təbii qazın verilməsi təmin edilib. İlk dəfə qazın verilməsi 17.10.2024-cü il tarixində olub. 15 ədəd binanın qaz xətləri (sayğaca qədər) kipliyə və möhkəmliyə yoxlanılıb. Xocalı rayonunun Ballıca kəndində müxtəlif diametrli qaz xətlərinin 2,3 km hissəsi təmir olunub, kəndə gedən müxtəlif diametrli qaz xətlərinin 3 km hissəsi isə kipliyə və möhkəmliyə yoxlanılıb. 13.12.2024-cü il tarixindən etibarən abonentlər təbii qazla təmin ediliblər.

Orxan Vahidoğlu, “İki sahil”

Chosen
34
ikisahil.az

1Sources