EN

Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib

Putinin

Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın istefa verib. Onun vəzifəsindən öz ərizəsi ilə ayrıldığı bildirilir.

Reyting.az
xəbər verir ki, bu barədə "RBC" iki mənbəyə istinadla yazıb.

Məlumata görə, Dmitri Kozak biznesə keçidlə bağlı müxtəlif təklifləri nəzərdən keçirir.

Dmitri Kozakın istefası barədə jurnalist Aleksey Venediktov və politoloq Arkadiy Dubnov da məlumat veriblər.

Kozak Rusiya prezidenti Vladimir Putinin ən yaxın silahdaşlarından biri sayılır. Onlar 1990-cı illərdə Sankt-Peterburq meriyasında birlikdə çalışıblar. 2000-ci illərin əvvəlindən isə Kozak hökumətdə və Kremlin müxtəlif yüksək vəzifələrində işləyib. 2008–2020-ci illərdə baş nazirin müavini olub, 2020-ci ildə isə Prezident Administrasiyası rəhbərinin müavini təyin olunub.

"The New York Times" nəşrinin avqustda yaydığı məlumata əsasən, Kozak hələ 2022-ci ildə prezident Putinə Ukraynaya hücum etməməyi tövsiyə edib. Üstəlik, o, daha sonra 2025-ci ildə təkidlə prezident Putinə sülh danışıqlarına başlamağı, eyni zamanda da, ölkənin daxilində islahatlar aparmağı, o cümlədən güc strukturlarını hökumətə tabe etdirməyi təklif edib.

Oqtay QORÇU
Chosen
53
1
reyting.az

7Sources