EN

Suverenliyimiz şərəfli tariximizdir ŞƏRH

ain.az bildirir, Ses qazeti portalına istinadən.

2003-cü ildə Prezident seçilərkən cənab İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflər Azərbaycan dövlətini inkişaf etdirmək, xalqın rifahını yaxşılaşdırmaq, milli birliyi möhkəmlətmək, ordunu gücləndirmək və torpaqlarımızı erməni işğalından azad edərək bütün ərazilərdə suverenliyi bərpa etməklə bağlı olmuşdur. Bu məqsədlərə çatmaq üçün ilk növbədə Azərbaycanı güclü orduya malik ölkəyə çevirmək lazım idi. Çünki güclü ordusu olan ölkələr öz suverenliyini qoruyub saxlaya bilirlər. Ona görə də görülmüş genişmiqyaslı işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil edildi.

Beləliklə, 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq göstərərək düşməni darmadağın etdi. Müharibə nəticəsində Azərbaycanın tarixi torpaqları işğaldan azad edildi. Kəlbəcər, Ağdam və Laçın rayonları isə diplomatik-siyasi vasitələrlə, bir güllə atılmadan geri qaytarıldı. Bu qələbə Azərbaycan xalqının illərlə gözlədiyi ədalətin bərpası, həm də beynəlxalq hüququn real həyatda təmin olunması idi.

2023-cü il 20 sentyabr tarixindəisə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində əldə edilmiş Zəfərimizə yekun möhür qoyuldu. Məhz 20 sentyabr tarixində Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 23 saat davam edən antiterror əməliyyatı uğurla başa çatdı. Rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi və növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.

Bu gün 20 sentyabr tarixində Azərbaycan xalqı qürurla daha bir bayramı qeyd edir– Dövlət Suverenliyi Gününü. Azərbaycan Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixdə imzalanmış“Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamınaəsasən artıq hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilir.Sərəncamdayazılıb:“Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.”

Tariximizin ağır sınaqlarından keçmiş müstəqilliyimizin və Suverenlik günümüzün dəyərini ölkəmizin hər bir vətəndaşı dərin dərk etməli və yaxşı bilməlidir. Bu, bizim şərəfli tariximizdir. Bu tarixə biz nəyi, necə və nə zaman etmək lazım olduğunu yaxşı bilən hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında nail olmuşuq.

Dövlət başçımızın imzaladığı daha bir Sərəncamla 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətimizin hüquqi-siyasi inkişafında, milli kimliyimizin möhkəmlənməsində və suverenliyin dərinləşdirilməsində strateji addımdır. Konstitusiya və Suverenlik anlayışlarının birlikdə vurğulanması Azərbaycanın müstəqil dövlət olaraq dünya birliyində mövqelərinin daha da güclənməsinə xidmət edir. Bu il ərzində həyata keçirilən tədbirlər dövlətimizin siyasi institutlarının möhkəmlənməsinə, vətəndaş cəmiyyətinin inkişafına və milli dəyərlərin qorunmasına xüsusi töhfə verir.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
1
sesqazeti.az

2Sources