EN

Hökumət Bakının xilası üçün çırmandı – Tıxaclara son?

Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi Qrup yaradılıb. Nazirlər Kabineti bu barədə sərəncam verib. 

İşçi qrupa tapşırılıb ki, investorlar tərəfindən İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vasitəsilə İşçi qrupa təqdim olunan şəhərsalma investisiya layihələrinə baxılmasını və ilkin qiymətləndirilməsini həyata keçirsin və şəhərsalma investisiya layihələrinin icrası çərçivəsində aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən müvafiq icazə sənədlərinin verilməsi istiqamətində fəaliyyətin əlaqələndirilməsini təmin etsin, yenidən qurulacaq ərazilərdə köçürülmə prosesinin həyata keçirilməsinə və layihələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət etsin.

NOCOMMENT.az xəbər verir ki, eyni zamanda ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etsin.

Bu genişlənmə işləri, hökumətin atacağı addımlar paytaxtın yol, tıxac, nəqliyyat problemlərinin həllinə kompleks təsir göstərə biləcəkmi? Bakı nə zaman və necə sıxlıqdan qurtula bilər?

Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumatda qeyd olunur ki, bu istiqamətlərdə əsasən sıxlıq müşahidə olunur:

Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 6. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 7. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 8. Tiflis prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Azərbaycanın tanınmış memarı, professor Cahid Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a belə şərh verib: “Gözlənildiyi kimi, artıq şəhərsalma sahəsində elə bir mərhələyə çatmışıq ki, burada təkcə şəhərin genişlənməsi deyil, həm də illərdir müşahidə etdiyimiz inkişafın nəticələri özünü göstərir. Tikililərin sayının çoxluğu da bu inkişafın gözəl göstəricisidir. Eləcə də, bu sahədə çalışan insanların işlə təmin olunması, insanların bu istiqamət üzrə təhsilin inkişafına yönləndirilməsi və marağın artması deməkdir.

Burada sevindirici hal ondan ibarətdir ki, genişmiqyaslı layihələrin həyata keçirilməsi Bakıda sıxlığın aradan qalxmasına imkan verir. Tıxacın səbəblərindən biri də odur ki, Bakının küçə və prospektləri hələ 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində formalaşdırılıb. O vaxtkı planlaşdırma 500 min – 1 milyon əhali üçün nəzərdə tutulmuşdu. Amma bu gün Bakı artıq 3-4 milyon insanı özündə cəmləyib. İndi bəziləri deyir, Bakı dözmür, tıxac problemi daha da kəskinləşir. Çağırışlar edirlər ki, Bakı boşaldılmalıdır, dövlət qurumları və paytaxt funksiyaları digər rayonlara köçürülməlidir. O qədər rayonu köçürmək olarmı?  Əgər paytaxtın hansısa rayona köçürülməsi məsələsi reallaşarsa və 10 faiz köçürülsə belə, bundan da pis nəticələr ola bilər. Məsələn, dünyanın müxtəlif böyük şəhərlərində biz memarlarla da əməkdaşlıq edirik, şəhərsalma təcrübələrini öyrənirik. Elə şəhərlər var ki, Bakıdan kiçikdir, amma əhalisi daha çoxdur, üstəlik, turist axını da əlavə olunur. Hətta elə şəhərlər var ki, əhalisi 10 milyon nəfərə çatır. Amma bu, o demək deyil ki, nəqliyyat sistemi iflic olur və insanlar günlərlə tıxacda qalır. Əsas məsələ yolların düzgün planlaşdırılmasıdır. Yolların genişləndirilməsi, infrastrukturun müasir tələblərə uyğun qurulması bu problemi minimuma endirir.

Bakının yüklənməsinin azaldılması təkcə mərkəzin sıxlığının aradan qaldırılması ilə bitmir. Bununla yanaşı, paytaxtı ətraf rayonlarla birləşdirən yeni yol şəbəkəsi qurulmalı, köməkçi, səpələyici prospektlər salınmalıdır. Təsəvvür edin, hər gün rayonlardan Bakıya minlərlə maşın daxil olur. Məsələn, Salyan tərəfdən gələn nəqliyyat axını,  Ələt istiqamətindən başlayan, Bayraq meydanından “Azneft” dairəsinə qədər, Sumqayıtdan 20 Yanvar ətrafına qədər hər gün ciddi tıxaclar görürük. Bu mənzərə hamımıza tanışdır. Deməli, məsələnin həlli üçün alternativ yollar və paylayıcı prospektlər zəruridir. 200 kilometrlik məsafəni avtomobillə 2 saata gəlirsən. Amma həmin maşın şəhərə daxil olanda vəziyyət dəyişir. Çünki paytaxtın içində yollar dar və yüklənib, köməkçi və paylayıcı prospektlər olmadığından nəqliyyat bir nöqtədə “dirənir”. 200 yox, 20 kilometrlik yolda da, mənzildən mənzilə çatanda da 1-2 saat tıxacda vaxt itirirsən. Məhz bu amil şəhərin içərisində yol infrastrukturunun düzgün planlaşdırılmamasındadır. Bu səbəbdən də yeni konseptual həllərə ehtiyac var. Burada yalnız beynəlxalq səviyyəli mütəxəssislərin deyil, həm də yerli mütəxəssislərin təklifləri nəzərə alınmalıdır. Çıxış yolu aydındır. Beynəlxalq təcrübə göstərir ki, tarixi memarlığa malik şəhərlərdə şəhərsalma zamanı yolların formatı və modulu düzgün müəyyənləşdirilməlidir. Bu gün Bakıda da həmin yanaşma tətbiq olunmalıdır. Əgər paylayıcı prospektlər salınmasa, şəhərin 3-4 milyonluq əhalisinin yaratdığı sıxlıq aradan qalxmayacaq. Yəni tıxacın həlli paytaxtın tamamilə köçürülməsi ilə deyil, şəhərin yükünü səpələyən yeni yol şəbəkəsinin yaradılması ilə mümkündür. Qanunvericilik çərçivəsində yol planlaması elə aparılmalıdır ki, tıxacların başladığı nöqtədən etibarən alternativ paylayıcı yollar fəaliyyətə keçsin. Əgər bu mexanizm işləsə, tıxac problemi də minimuma enəcək”.

Memar əlavə edib ki, Bakıda tıxac probleminin dərinləşməsinə təsir edən amillərdən biri də sürət hədlərinin aşağı olmasıdır: “Məsələn, bəzi prospektlərdə sürət 90 km/saat əvəzinə 60 km/saat müəyyənləşdirilir, halbuki bu yollarda texniki imkanlar sürətin 90-120 km/saat arasında olmasına şərait yaradır. Şəhərətrafı kəndlərdən gələn nəqliyyatın da bu məhdudiyyətlər səbəbindən yığılması tıxacı birə-beş, hətta birə-on dəfə artırır. Əslində planlama aparılarkən təkcə indiki vəziyyət yox, qarşıdakı 10, 20, 50 ilin əhali artımı da nəzərə alınmalıdır. Burada iqtisadi inkişafın dinamikası və turist axınının potensialı da əsas götürülməlidir. Məsələn, əgər bu gün müəyyən bir məkana gündə 10 min turist gəlirsə, 30 ildən sonra bu rəqəm 100 min, hətta 300 minə çata bilər. Ona görə də yollar və nəqliyyat infrastrukturunun inkişafı məhz gələcək proqnozlar əsasında aparılmalıdır. Şəhərsalmada əsas prinsiplərdən biri məkanların düzgün hesablanması və ona uyğun yeni yolların salınmasıdır. Amma yolların təkcə çəkilməsi kifayət etmir, onların hansı formada qurulması da xüsusi elmdir. Məsələn, şəhərdə çox sayda işıqforun olması hərəkəti ləngidir və vaxt itkisinə səbəb olur. Əksinə, işıqforların sayının azaldılması, köməkçi yolların əsas magistrallara qoşulması və paralel yolların salınması nəqliyyat yükünü azaldır. Əgər bu prinsiplər düzgün tətbiq olunsa, hətta Bakının əhalisi 3-4 milyon yox, 8-10 milyon nəfərə çatsa belə, ciddi tıxac problemi ilə üzləşməyəcək”.\\Konkret.az

Chosen
13
5
nocomment.az

6Sources