"Qarabağ" Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı qələbə qazanmaqla UEFA Çempionlar Liqasında davam edən yeni rekord müəyyənləşdirib.
İdman.biz Sportnet.az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 4-cü səfər oyununda qələbə qazanan yeganə komandadır.
Bu mövsüm mübarizəyə II təsnifat mərhələsindən başlayan ağdamlılar əvvəlcə İrlandiya "Şelburn"unu (səfərdə 3:0, evdə 1:0), növbəti mərhələdə Şimali Makedoniya "Şkendiya"sını (səfərdə 1:0, evdə 5:1), pley-offda Macarıstan "Ferentsvaroş"unu (səfərdə 3:1, evdə 2:3) üstələyib.
Liqa mərhələsinin ilk turunda isə "Benfika" ilə görüşdə dördüncü səfər qələbəsi qeydə alınıb.
Bu oyunadək "Benfika" nəinki ev, hətta səfər matçlarında qol buraxmamışdı. Lakin Portuqaliya klubu III təsnifat mərhələsində hər iki matçda məğlub etdiyi Fransa "Nitsa"sından (2:0, 2:0) fərqli olaraq, pley-off raundunda Türkiyə "Fənərbağça"sı ilə səfərdə heç-heçə etmiş (0:0), evdə qələbə qazanmışdı (1:0).
Hazırda mübarizəni davam etdirən komandalardan yalnız Qazaxıstan "Kayrat"ı Çempionlar Liqasında daha erkən - I təsnifat mərhələsindən mübarizəyə başlayıb. Almatı təmsilçisi Sloveniya "Olimpiya"sını (səfərdə 1:1, evdə 2:0), Finlandiya KuPS-ini (səfərdə 0:2, evdə 3:0), Slovakiya "Slovan"ını (səfərdə 0:1, evdə 1:0, penaltilərlə - 4:3) və Şotlandiya "Seltik"ini (səfərdə 0:0, evdə 0:0, penaltilərlə - 3:2) üstələyib. Göründüyü kimi, "Kayrat" bu oyunların heç birində səfərdə qələbə qazana bilməyib.
Kipr "Pafos"u da mübarizəyə "Qarabağ" kimi, II təsnifat mərhələsindən başlayıb. Əvvəlcə İsrailin "Makkabi Təl-Əviv" klubunu üstələyən (səfərdə 1:0, evdə 1:1) "Pafos" ardından Ukrayna "Dinamo Kiyev"ini (səfərdə 1:0, evdə 2:0) və Serbiya "Srvena Zvezda"sını (səfərdə 2:1, evdə 1:1) keçib. Lakin sentyabrın 17-də Liqa mərhələsinin ilk turunda Yunanıstanda qolsuz heç-heçə edən Kipr komandası səfər oyunlarındakı qələbə seriyasını "Qarabağ" kimi 4-ə çatdıra bilməyib.
Danimarka "Kopenhagen"i də Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayıb. Bu komanda ardıcıl olaraq, Kosovonun "Drita (səfərdə 1:0, evdə 2:0), İsveçin "Malmö" (səfərdə 0:0, evdə 5:0) və İsveçrənin "Bazel" (səfərdə 1:1, evdə 2:0) kollektivlərini mübarizədən kənarlaşdırıb. "Kopenhagen" "Qarabağ"dan fərqli olaraq, 3 səfər oyununun 2-dən heç-heçə ilə ayrılıb. Danimarka çempionunun dördüncü səfər matçı oktyabrın 1-də Bakıda məhz "Qarabağ"a qarşı olacaq.
Nəhayət, Belçika "Brügge"si Çempionlar Liqasında III təsnifat mərhələsindən çıxış etməyə başlayıb. "Brügge" Liqa mərhələsinədək Avstriya "Zaltsburq"unu (səfərdə 1:0, evdə 3:2) və Şotlandiya "Reyncers"ini (səfərdə 3:1, evdə 6:0) üstələyib. Bu komandanın növbəti səfər oyunu Liqa mərhələsinin II turunda İtaliyada "Atalanta"ya qarşı olacaq. Görüş sentyabrın 30-da keçiriləcək. Ötən mövsüm isə Belçika təmsilçisi 1/8 finalda İngiltərə "Aston Villasına uduzaraq (səfərdə 0:3, evdə 1:3) mübarizəni dayandırıb.
Qeyd edək ki, "Qarabağ" növbəti səfər oyununu oktyabrın 22-də İspaniyada "Atletik Bilbao" komandasına qarşı keçirəcək.
İdman.biz