18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu gün Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəyovun anadan olmasının 139-cu ildönümü tamam olur.
QHT.az xəbər verir ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində Beyləqanda Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü münasibətilə “Üzeyir dünyası – Milli Musiqi Günü” adlı tədbir keçirilib. Tədbir Beyləqan Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Mədəniyyət Mərkəzi və Niyazi adına Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub. Açılış Üzeyir bəyin “Koroğlu” uvertürası ilə olub, Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi yad edilib.
RİH başçısı Əziz Əzizov çıxışında tədbirin əhəmiyyətini vurğulayaraq, Milli Musiqi Gününün Qarabağda da qeyd edilməsinin xalqımızın Zəfərinin və milli ruhunun təntənəsi olduğunu bildirib. Mil-Muğan Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Məhəmməd Qələndərov isə Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığından və Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışıb. Sonda “Arşın mal alan”dan səhnələr, muğam ifaları, rəqs və musiqi nömrələri tamaşaçılara təqdim olunub.
Bu əlamətdər gün münasibətilə musiqi sahəsində çalışan bütün sənətkarlarımızı və milli musiqi həvəskarlarını ürəkdən təbrik edirik!