EN

“Aİ səfəri Azərbaycanın siyasətini dəyişdirməyəcək” - Aydın Hüseynov

“Avropa İttifaqının səfəri Azərbaycanın siyasətinə dəyişiklik gətirməyəcək, yeni əməkdaşlıq imkanları yaradacaq”.

Milli Məclisin deputatı Aydın Hüseynov bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Avropa İttifaqının nümayəndəsinin Bakıya səfəri beynəlxalq diplomatiyada maraqla izlənilən hadisələrdən biridir. Azərbaycan bu gün Cənubi Qafqazda həm siyasi, həm iqtisadi, həm də enerji baxımından mühüm oyunçuya çevrilib. Avropa isə qlobal enerji böhranı, təhlükəsizlik çağırışları və regional sabitlik məsələlərində Azərbaycanın artan rolunu diqqətlə izləyir. Belə bir fonunda baş tutacaq səfərin məqsədi tərəflər arasında dialoqun gücləndirilməsi, əməkdaşlıq sahələrinin genişləndirilməsi və qarşılıqlı maraqların daha açıq şəkildə ifadə olunmasıdır.

Azərbaycanın xarici siyasəti uzun illərdir balanslı və çoxşaxəli yanaşmaya söykənir. Bu siyasət bir tərəfdən Avropa ilə enerji, ticarət, texnologiya sahəsində əməkdaşlığı inkişaf etdirməyə imkan verir, digər tərəfdən isə milli maraqları qətiyyətlə qorumaqla xarici təsirlərin ölkənin daxili işlərinə müdaxilə etməsinə şərait yaratmır. Ona görə də Avropa İttifaqı nümayəndəsinin səfəri Azərbaycanın mövqelərində kəskin dəyişiklik yaratmayacaq, əksinə, bu mövqelərin daha aydın ifadə olunmasına şərait yaradacaq.

Daxili siyasətə gəldikdə isə, Azərbaycan öz inkişaf yolunu müəyyən edib və bu yol xarici təzyiqlərdən asılı deyil. Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadiyyatın şaxələndirilməsi, enerji və nəqliyyat layihələrinin reallaşdırılması ölkənin daxili gündəliyini formalaşdıran əsas məsələlərdir. Avropa ilə dialoq bu proseslərə dəstək verə bilər, amma Azərbaycanın siyasi kursunu dəyişdirə bilməz.

Beləliklə, Bakıya ediləcək bu səfər daha çox qarşılıqlı maraqların uzlaşdırılması, əməkdaşlıq formatlarının müzakirəsi və Avropa İttifaqının regionda artan rolu ilə bağlıdır. Azərbaycanın daxili və xarici siyasəti isə öz milli prioritetlərinə əsaslanır və sabit strateji xətt üzərində davam edir. Bu baxımdan səfərin nəticələri yeni fürsətlər aça bilər, amma Azərbaycanın dövlət maraqlarına uyğun olmayan heç bir dəyişiklik baş verməyəcək."

Chosen
11
1
news365.az

2Sources