EN

Mədəniyyət naziri və incəsənət xadimləri Üzeyir Hacıbəylinin məzarını ziyarət etdilər

Mədəniyyət naziri Adil Kərimli və incəsənət xadimləri l Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.

Olaylar.az xəbər verir ki, nazir Adil Kərimli mərasimə toplaşanları Milli Musiqi Günü münasibətilə təbrik edib, 18 sentyabr tarixinin mədəniyyətimizin ən əlamətdar günlərindən biri olduğunu vurğulayıb:

"Üzeyir Hacıbəylinin dünyaya səs salan, çox böyük məzmun və formaya malik sənət əsərləri yaşadılır və dünyaya tanıdılır. Bu gün Azərbaycanın öz musiqisi ilə qeyd etdiyi Milli Musiqi Günü heç də təsadüfi deyil. Bu tarix milli musiqi məktəbinin yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlıdır, böyük bəstəkarımız bu gün doğulub.

Üzeyir Hacıbəylinin xatirəsini hər bir azərbaycanlı, istər ölkə daxilində, istərsə də dünyanın müxtəlif yerlərində ehtiramla yad edir.

Bu il Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyidir. Ölkəmizdə bu əlamətdar tarix yüksək səviyyədə, təntənəli şəkildə qeyd olunur. Tədbirlər planı hazırlanıb. 140 illik yubiley çərçivəsində Azərbaycanın musiqi incilərinin ən gözəl nümunələri təkcə ölkəmizdə deyil, dünyada geniş şəkildə səsləndirilir. İtaliya, Avstriya, Almaniya və Türkiyə kimi ölkələrdə konsertlər verilir. Onu da xatırladım ki, 18 sentyabr - Milli Musiqi Günü Üzeyir bəyin 110 illiyi münasibətilə Ulu Öndər Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə təsis edilib".

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə dahi bəstəkarın ölməz irsindən söz açıb. Onun sözlərinə görə, nə qədər ki Azərbaycan xalqı var, dahi bəstəkarın ölməz irsi yaşayacaq:

"Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin sürətlə inkişaf etməsinə böyük töhfə verib. Bir insan olaraq nə qədər yeniliklərə imza atıb, dəyərli əsərlər yaradıb. Neçə-neçə istedadlı insanı musiqiyə cəlb edib, bu sənətə sevgi aşılayıb".

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Rzayev Üzeyir Hacıbəyli irsinin daim Azərbaycan musiqisinin yaddaşında yaşayacağını ifadə edib.

Çıxışlardan sonra mərasim iştirakçıları I Fəxri xiyabanda uyuyan Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin məzarlarını da ziyarət ediblər. (teleqraf)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
3
olaylar.az

10Sources