EN

Cıdır düzündə diplomatiya: imzalanan sənədlər nələri dəyişəcək?

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın işğaldan azad edilmiş əraziləri təkcə bərpa və yenidənqurma layihələrinin mərkəzinə çevrilməyib. Eyni zamanda, xarici siyasətin də prioritet istiqamətlərindən biri olaraq diqqət çəkir. Son dövrlərdə dost və tərəfdaş ölkələrin yüksək səviyyəli nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa ardıcıl səfərləri bu bölgələrin beynəlxalq əhəmiyyətinin artdığını göstərir. Bu baxımdan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana, xüsusilə də Şuşaya səfəri xüsusi siyasi və iqtisadi məna daşıyır. Səfər çərçivəsində baş tutan rəsmi qarşılanma mərasimləri, imzalanan mühüm sənədlər və iki ölkə liderlərinin verdiyi mesajlar Azərbaycan–BƏƏ münasibətlərində yeni mərhələnin başlandığını göstərir.

Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib ki, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Füzuli Beynəlxalq Hava Limanında şəxsən Prezident İlham Əliyev tərəfindən qarşılanması və Şuşada qəbul olunaraq danışıqların məhz burada aparılması təsadüfi deyil:

“Bu, Azərbaycanın yürütdüyü uğurlu xarici siyasətin və illərlə qurulan dostluq, strateji əməkdaşlığın məntiqi nəticəsidir. Səfər çərçivəsində iki ölkə arasında çoxsaylı sənədlər imzalandı. Hazırda Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi 2,24 milyard ABŞ dollarına çatıb, bu da münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Beynəlxalq təşkilatlar və forumlarda hər iki ölkə daim bir-birini dəstəkləyib, qarşılıqlı şəkildə mövqelərini müdafiə edib.

BƏƏ Prezidentinin Şuşaya səfəri, Cıdır düzündə keçirilən yarışlarda iştirak etməsi və bir sıra rəmzi məkanları ziyarət etməsi iki ölkə arasındakı yüksək səviyyəli siyasi və şəxsi münasibətlərin göstəricisidir. Prezidentlər arasında səmimi dostluq əlaqələrinin olması bu münasibətləri daha da möhkəmləndirir.

Rufiz Qonaqov

Səfər zamanı enerji, nəqliyyat, kommunikasiya və digər sahələri əhatə edən birgə bəyannamə və sənədlər imzalandı. Bu sənədlər qarşılıqlı investisiyalar, birgə layihələrin həyata keçirilməsi və iqtisadi əlaqələrin dərinləşdirilməsini nəzərdə tutur. İyul ayında da BƏƏ-də keçirilən görüşlərdə analoji sənədlər imzalanmışdı”.

Ekspert qeyd edib ki, BƏƏ kimi iqtisadi və maliyyə baxımından güclü bir ölkənin Şərqi Zəngəzur və Qarabağa maraq göstərməsi, bu bölgəyə sərmayə yatırmağa hazır olması, Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir:

“Bu əməkdaşlıq hər iki tərəf üçün faydalıdır – həm Azərbaycan iqtisadiyyatına yeni nəfəs verəcək, həm də BƏƏ-yə Cənubi Qafqazda strateji mövqe qazandıracaq.

Hazırkı mərhələdə elə bir sahə yoxdur ki, Azərbaycan və BƏƏ arasında həmin istiqamətdə əməkdaşlıq və müqavilə mövcud olmasın. Bu münasibətlər gələcəkdə daha da dərinləşəcək və regional əməkdaşlıq baxımından yeni imkanlar yaradacaq”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
globalinfo.az

1Sources