EN

Bakıda “Olimpiya günü” tədbiri keçirilib – YENİLƏNİB/FOTOLAR

Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, TƏBİB-in, Bakı Şəhər Baş Polis İdarəsinin, Parkın əməkdaşlarının, Azərbaycan Respublikası Kəndirlə Mübarizə və Atletika federasiyalarının dəstəyi ilə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunmasının 131-ci ildönümünə həsr olunmuş “Olimpiya günü” tədbiri keçirilib. SİA xəbər verir ki, tədbir Nərimanov rayonunda yerləşən Antena parkında baş tutub.

Tədbir açılış nitqi ilə başlayıb, iştirakçılar salamlanıb, Olimpiya hərəkatının tarixi barədə qısa məlumat verilib. Daha sonra Azərbaycanın Avropa Yeniyetmələrinin XVIII Yay Olimpiya Festivalında qazandığı uğurlar vurğulanıb və qalib idmançılar səhnəyə dəvət olunub. Azərbaycan komandası festivalda ümumilikdə 10 medal qazanaraq, Avropa ölkələri arasında 17-ci, cüdo üzrə komanda hesabında isə birinci yeri tutub.

Ardınca MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Olimpiya çempionu Zemfira Meftəxəddinova və digər rəsmi şəxslər çıxış ediblər. Çıxışlarda Olimpiya dəyərlərinin – dostluq, hörmət və mükəmməlliyə can atma kimi prinsiplərin önəmi vurğulanıb.

Tədbir çərçivəsində estafet yarışı və kəndir dartma yarışı keçirilib. Yarışlarda məktəb komandaları, şagirdlər və müəllimlər iştirak ediblər. Qaliblərə diplom, medal və kuboklar təqdim olunub, bütün iştirakçılar isə Beynəlxalq Olimpiya Komitəsinin sertifikatları ilə təltif olunub. Proqram Cheer Leading qrupunun rəqsləri, fləşmob, musiqi və Olimpiya himni ilə davam edib.

Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Chosen
33
sia.az

1Sources