EN

Yol terrorunu KİM YARADIR?


Rüşvətlə alınan sürücülük vəsiqələri, yol “təmiri” adı ilə göyə sovrulan milyonlar, ölümə aparan nizamsız sürət...

Son bir ay ərzində yol qəzalarında ölən və yaralanan insanların sayı durmadan artır. Demək olar ki, hər gün ölkənin bütün ərazilərində yol qəzaları barədə xəbərlər mətbuatı başına götürüb gedir. Artıq tam əminliklə deyim ki, yol qəzalarında və ölüm statistikasında qardaş Türkiyəni belə geridə qoymaq üzrəyik. Əlbəttdə, ilk ağla gələn “yol qəzalarına əsas səbəb nədir?” sualıdır. Səbəb çoxdur. Yol keyfiyyətinin aşağı olması, yenicə təmir olunmuş və ya çəkilmiş yolların bir müddətdən sonra bərbad və qəzalı hala düşməsi, rüşvətlə sürücülük vəsiqələri əldə edib yollarda ölüm saçan məsuliyyətsiz və qeyri-peşəkar sürücülərin hər gün artması, sürət həddinə əməl edilməməsi və sairə və sair...

Bu gün ölkəmizdə acı həqiqət odur ki, kimin “beş-üç qəpiyi” varsa sevgilisinə, övladına, həyat yoldaşına avtomobil alıb salır Bakının yollarına. Tıxac üzündən bir-birinə sürtüşən avtomobil karvanına hər gün onlarla qeyri-peşəkar, heç bir təcrübəsi olmayan avtomobil sahibləri daxil olurlar.
Bu isə elə hər gün onlarla günahsız insanın ölümü, bir ömürlük şikəst qalması deməkdir. Dəhşətli orasıdır, əksər valideynlər övladlarına hədiyyə kimi kredit maşınlar alıb guya onlara “sürpriz hazırlayırlar”. Əslində onlar bu addımları ilə yenicə həyata qədəm qoyan, təcrübəsiz gəncləri ölümün ağuşuna atırlar. Yenə köhnə lovğalıq xəstəliyimiz öz sözünü deyir. Bizi əcələ yaxınlaşdırmaqla. Övladını sevindirmək istəyən valideynlər, gəncləri arzularına yaxınlaşdırmaq əvəzinə, bahalı maşınlar hədiyyə edib onları arzularının əvəzinə vaxtsız əcələ çatdırırlar.

Amma təkcə saxta sürücülük vəsiqələri, sürət həddinin aşılması səbəb olmur yol qəzalarına. Həm də keyfiyyətsiz şəkildə çəkilən yolların tez xarab olması, qəzalar üçün ölüm pusqusuna çevrilməsi də əsas səbəblər sırasındadır. İnsaf naminə onu da deməliyik ki, əksər istiqamətlərdə salınan yollar keyfiyyətinə görə dünya səviyyəsinə uyğunluğu ilə seçilir. Dövlət yeni yolların salınması üçün ən yüksək səviyyədə vəsait ayırır. Qalır bu ayrılan vəsaitin təyinatı və qaydalara uyğun xə\rclənməsi, keyfiyyətli yolların salınması. Hə, bax bütün içlərdə gəlib burda “ilişir.”Çünki bir çox istiqamətlərdə tamamilə yeni salınan yollar 2-3 il keçməmiş dağılıb-tökülüb, gediş-gəliş üçün yararsız hala gəlib Təkcə son bir ayda mətbuatda respublikanın ən müxətlif bölgələrində yenicə çəkilən yolların dağılıb bərbad günə qalması, qəza şəraiti törətdiyi barədə eninə-boyuna yazılar dərc olundu. Elə bu günlərdə Ağsu rayonunun Bico kəndində yeni çəkilən yol yararsız hala düşüb. Sosial mediada paylaşılan görüntülərdə yolun bir hissəsinin sıradan çıxdığı qeydə alınıb. Məlum olub ki, həmin yolun asfaltlanmasında yapışdırıcı qır və qum örtüyündən istifadə olunmayıb. Diqqət edin, 5.5 metr eni olan yola cəmi 3 metr enində, 1000 metr uzunluğunda asfalt örtüyü vurulub. Avqustun 30-da sözügedən yol yararsız hala düşüb. Bakı-Quba yolunun artıq bütün istiqamətlərdə və ilin bütün fəsillərində “təmir labarotoriyasına” çevrilməsi adi hal alıb.

Məsələn, cəmi 3 il öncə yenidən qurulan Sumqayıt-Bakı yolunun böyük bir hissəsi - Ceyranbatandan Masazır dairəsinə qədər olan hissəsində yolun iki zolağı bərbad hala düşüb. İkinci və üçüncü zolaqda çökmə, qabarmalar, deformasiyalar baş verib. Habelə bir neçə il öncə hissə-hissə genişləndirilmiş Yevlax-Kürdəmir-Bakı yolunun Kürdəmir, Hacıqabul rayonlarından keçən hissəsində də vəziyyət ürəkaçan deyil.

Bəli, bir sıra hallarda yeni çəkilən yolların keyfiyyət və zəmanət problemi olduğu üçün bu yolların ömrü uzun olmur. Nəzarətsizlik, başdansovdu yanaşma üzündən dövlətin xərclədiyi pullar da havaya sovrulur, üstəlik nəqliyyat vasitələri üçün olduqca təhlükəli qəza vəziyyətləri yaranır. Bu olduqca təhlükəli məqamdır. Lakintəəssüflər olsun ki, hələ keyfiyyətsiz yol çəkilişinə görə cəzalanan cavabdeh şəxs barədə bir kəmə də eşitməmişik.
Yol mədəniyyət, sosial infrastruktur olduğu halda bir sıra cavabdeh şəxslər bu məsələyə fərdi qazanc mənbəyi kimi yanaşırlar. Dəfələrlə mətbuatda da yazılıb ki, yol çəkilişləri zamanı standartlara uyğun iş görülmür, materiallar tələb olunduğundan qat-qat az istifadə olunur, bir sözlə, keyfiyyətsizlik sindromu yaradılır. Təkcə bir faktı qeyd edək ki, 2006-cı ildən bəri bu istiqamətə on milyardlarla manat sərf olunub..

Deməli, yol infrastrukturu baxımından başdansovdu, məsuliyyətsiz işlərə “tövbə” demək lazımdır. Ən sonda bir məsələni də deyim. Neçə illərdir ki, Bakıda məşhur bir deyim var: dağılmış, hasara alınan asfalt parçaları “çörək ağacıdır”, “silinən pullardır”. Lakin keyfiyyətsizlik, başdansovdu çəkiliş üzündən dağılan yollar həm də hər gün onlarla insanın yol qəzalarında həyatla vidalaşması, bir ömürlük ağır xəsarətlərlə şikəst qalması deməkdir...

Mətləb Salahov

Chosen
7
2
baki-xeber.com

3Sources