EN

Bakı və Minsk arasında şəhər təsərrüfatı və ekoloji əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı, 18 sentyabr, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinin 958 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.

İcra hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov Minsk Şəhər İcraiyyə Komitəsi sədrinin müavini Oleg Korzun ilə görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətləri, o cümlədən şəhər təsərrüfatı, ekoloji təhlükəsizlik və tullantıların idarə olunması məsələləri müzakirə olunub.

O.Korzun Bakı şəhərinin inkişafını, abadlıq və təmizlik səviyyəsini yüksək qiymətləndirib. O, xüsusilə Bakıda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi sahəsində həyata keçirilən layihələrin uğurundan bəhs edərək, bu təcrübəni öyrənməkdə maraqlı olduqlarını bildirib.

Azərbaycan və Belarus arasında münasibətlərin möhkəmlənməsinin hər iki ölkə rəhbərinin siyasi iradəsinin nəticəsi olduğunu vurğulayan A.Hüseynov Bakının hər gün daha da inkişaf etdiyini, şəhərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin həyata keçirildiyini bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, paytaxt ərazisində həyata keçirilən bərk məişət tullantılarının çeşidlənmə layihəsi uğurla icra olunur və onlar Bakının bu sahədə təcrübəsini bölüşməyə hazırdırlar.

Chosen
33
10
azertag.az

10Sources