EN

Fermerlərin potensialı tam istifadə olunmur AYDINLIQ GƏTİRİLDİ

ain.az, Sia Az saytına istinadən bildirir.

"Fermerlərin maliyyə, texnologiya və bazara çıxış problemləri mövcuddur. Ən böyük çətinliklərdən biri onların maliyyəyə çıxış imkanları ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.

Onun sözlərinə görə, fermerlər də biznesmenlərdir və Azərbaycanda ümumiyyətlə bütün bizneslərin maliyyəyə çıxışında ciddi çətinliklər yaşanır: "Mərkəzi Bank manatı dollara nisbətdə sabit saxlamağa çalışır, lakin bu, eyni zamanda manata qarşı devalvasiya riski yaradır. Bu risk əlavə risk premiumunun yaranmasına səbəb olur. Nəticədə manatla verilən bütün kreditlərin faiz dərəcələri yüksək olur. Beləliklə, kreditlərin əldə edilməsi qeyri-səmərəli xarakter daşıyır və qoyulan investisiyaların həcmini azaldır.

Texnologiya sahəsində də kənd təsərrüfatı kifayət qədər geri qalıb. Suvarma texnologiyalarında müəyyən inkişaf olsa da, hansı məhsulların əkilməsi və hansı sortlardan istifadə olunması məsələsində hələ də ciddi boşluqlar var. İstifadə olunan sortların köhnə olması məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. Bu isə digər ölkələrin fermerləri ilə rəqabətdə bizim fermerlərin uduzmasına səbəb olur. Kreditlərin əldə edilməsində yaşanan çətinliklər də bu mənzərəni daha da ağırlaşdırır.

Eyni zamanda idarəetmə məsələlərində də problemlər mövcuddur. Ən böyük çatışmazlıqlardan biri dəyər zəncirinin formalaşmaması və bazarlara çıxış imkanlarının məhdud olmasıdır. Fermerlərin istehsal etdiyi məhsullar üzrə geniş dəyər zənciri yaranmır, yalnız müəyyən sahələrdə fragmentar formada tətbiq olunur. Aqrotexniki qulluq, aqronom xidmətləri kimi istiqamətlərdə inkişaf çox zəifdir. Bu sahələr rəqib ölkələrlə müqayisədə Azərbaycanda geri qalır.

Məhsulun satış kanallarının məhdudluğu da əlavə problem yaradır. Mövcud imkanlar əsasən sadə və primitiv Rusiya bazarları ilə məhdudlaşır. Demək olar ki, digər bazarlara çıxış mümkün deyil. Bu, həm siyasi, həm də iqtisadi risklər doğurur. Çünki diversifikasiya olmadığına görə yalnız məhdud sayda məhsul ixrac edilə bilir. Fermerlərin potensialından tam istifadə olunmur, nə məhsulun qiyməti, nə də miqdarı baxımından qənaətbəxş nəticə əldə edilmir.

Bütün bunlar Kənd Təsərrüfatı Nazirliyinin məsuliyyətində olan məsələlərdir. Təəssüf ki, nazirlik illərdir eyni yanaşmanı davam etdirir, dəyişən heç nə yoxdur. Daha çox subsidiyaların bölgüsünə fokuslanır, lakin real nəticə yoxdur. Nazirlik satış kanallarının diversifikasiyası, geniş bazarlara çıxış və müxtəlif dəyər zəncirlərinin — məsələn, qida sənayesi və ya aqronom xidmətlərinin inkişafı ilə məşğul olmalı idi. Əgər bu istiqamətlərdə işlər aparılsaydı, məhsuldarlıq da artar, yeni iş yerləri də yaranar, iqtisadi aktivlik də güclənərdi.

Ən böyük problem məhz budur. Azərbaycanda istehsal olunan və potensial olaraq istehsal edilə biləcək kənd təsərrüfatı məhsulları sanki “boğulur”. Fermerlər risk edib məhsul əkirlər, lakin bazarda həmin məhsulların satıla bilməməsi ehtimalı böyükdür. Bu isə onların ziyana düşməsinə, peşman olmasına gətirib çıxarır. Təəssüf ki, bu hal artıq kütləvi xarakter alıb".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
1
sia.az

2Sources