EN

“Azərbaycan musiqisi dünya mədəniyyət səhnəsində öz mövqeyini gücləndirir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan musiqisi xalqımızın milli kimliyinin, mədəniyyətimizin bəşəriyyətə bəxş etdiyimiz ən dəyərli irslərdən biridir. Muğam, aşıq sənəti, xalq mahnıları və rəqslər əsrlərdən bəri xalqımızın ruhunu yaşadır, milli dəyərlərimizi nəsildən-nəslə ötürür. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahilərin əsərləri Azərbaycan musiqisini dünya miqyasında tanıtmış, milli ruhu universal mədəni dəyərlərlə birləşdirmişdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva deyib.

O bildirib ki, Azərbaycan musiqisinin beşiyi Qarabağ, xüsusilə də Şuşa şəhəri xüsusi yer tutur: “Bu torpaqdan Bülbül, Xan Şuşinski, Seyid Şuşinski, Qədir Rüstəmov kimi sənətkarlar yetişmiş, Şuşa muğamın məbədi, musiqimizin paytaxtı kimi şöhrət qazanmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə Şuşanın “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunması həm tarixi-mədəni ənənələrin bərpası, həm də Qarabağın azad olunması ilə xalqımızın milli qürurunun təsdiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Müstəqillik illərində dövlətimizin apardığı siyasət nəticəsində milli musiqimizin inkişafı prioritetlərdən birinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə musiqi təhsili sisteminin gücləndirilməsi, beynəlxalq festivalların təşkili, gənc istedadların dəstəklənməsi istiqamətində geniş tədbirlər həyata keçirilir. Qarabağın azad edilməsindən sonra Şuşada keçirilən Xarıbülbül musiqi festivalı milli musiqimizin yenidən doğuluşunun və qələbə ruhunun simvoluna çevrilmişdir. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır. Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsləri sayəsində muğam müsabiqələri keçirilir, musiqi məktəbləri bərpa olunur, milli irsimiz beynəlxalq mədəni tədbirlərdə layiqincə təqdim olunur. UNESCO tərəfindən muğamın və aşıq sənətinin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi də bu fəaliyyətin parlaq nəticələrindən biridir.

Bu gün Azərbaycan musiqisi həm qədim ənənələrini qorumaqda, həm də müasir musiqi axınları ilə sintez olunaraq dünya mədəniyyət səhnəsində öz mövqeyini gücləndirməkdədir. Qarabağdan, Şuşadan yüksələn muğam sədaları artıq yalnız bir musiqi deyil, həm də xalqımızın gücünün, birliyinin və qələbəsinin səsi kimi bütün dünyaya yayılır”.

Müəllif: Səbinə Hüseynli
Chosen
19
1
sia.az

2Sources