EN

Ukrayna Rusiyanın neft ixracını ÇÖKDÜRDÜ

Ukraynanın pilotsuz təyyarələrinin ardıcıl hücumları Rusiyanın neft ixracına ciddi zərbə vurub. Nəticədə Moskvanın “qara qızıldan” əldə etdiyi gəlirlər bir həftə ərzində 300 milyon dollardan çox azalıb.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Gəmi izləmə məlumatlarına görə, sentyabrın 8-dən 14-dək Rusiya dəniz yolu ilə gündə orta hesabla 3,18 milyon barrel neft ixrac edib. Bu, əvvəlki həftə ilə müqayisədə gündəlik 934 min barrel azdır.

Ümumilikdə isə 22,26 milyon barrel göndərilib ki, bu da əvvəlki həftənin 28,79 milyon barrel göstəricisindən xeyli aşağıdır.

İxracın azalması Moskvanın gəlirlərinə də birbaşa təsir göstərib. Belə ki, bir həftə əvvəl 1,66 milyard dollar olan gəlir 1,28 milyard dollara enib.

Asiya ölkələri hələ də Rusiyanın əsas alıcıları olaraq qalır. Avqustun 17-dən sentyabrın 14-dək bu ölkələr gündə orta hesabla 3 milyon bareldən çox Rusiya nefti alıb. Türkiyənin payına isə gündəlik 313 min barrel düşüb.

Qeyd edək ki, sentyabrın 12-də Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) pilotsuz təyyarələri Rusiyanın əsas neft ixrac mərkəzlərindən biri olan Primorsk limanına hücum edib. Buradan hər il 60 milyon ton neft daşınır və Moskva bu yolla təxminən 15 milyard dollar gəlir əldə edir. Zərbə nəticəsində Rusiyanın “kölgə donanmasına” aid iki gəmi zədələnib, daşımalar müvəqqəti dayandırılıb.

Avqustun 24-də isə UTX və Xüsusi Əməliyyat Qüvvələrinin uzaqmənzilli PUA-ları Leninqrad vilayətindəki “Ust-Luqa” limanında istehsalat obyektlərini vurub.

Sentyabrın 14-də Ukrayna PUA-ları Kirişidə yerləşən və Rusiyanın ən iri neft emalı müəssisələrindən biri olan zavodu hədəfə alıb.

Hücum nəticəsində zavodun ümumi gücünün 40 faizini təmin edən sahə bağlanıb.

Musavat.com

Chosen
12
musavat.com

1Sources