EN

Cəmiyyətin mövqeyi dəyişdi: Azərbaycanda Rusiyaya münasibət niyə kəskinləşib?

Azərbaycan-Rusiya münasibətləri tarixi gedişat boyu daim mürəkkəb və gərgin olub. Rusiya imperiyasının XIX əsrdən etibarən Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, etnik balansı süni şəkildə dəyişdirməsi və Ermənistan dövlətinin formalaşmasına zəmin yaratması, bu gün də Azərbaycan cəmiyyətinin yaddaşında dərin iz buraxıb. 44 günlük Vətən müharibəsindən sonra qısa müddətli neytrallığı Moskvanın Bakıya qarşı simpatiyaları müəyyən qədər yumşaltsa da, son illərdə Kremlin açıq şəkildə təzyiq siyasəti, imperiya iddiaları və müstəmləkəçi ritorikası münasibətləri kəskin şəkildə gərginləşdirib. Hazırda Rusiya Azərbaycanla əlaqələrində yeni oyunlar qurmağa çalışsa da, Cənubi Qafqazda yaranmış reallıqlar bu planların uğursuzluğa düçar olacağını göstərir. Politoloq Oqtay Qasımovun fikirlərinə görə, Rusiyanın mövqeyini dəyişməsi və sülhə real töhfə verməsi Moskvanın regiondakı mövcudluğunu qorumaq üçün yeganə yoldur.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan cəmiyyətində həmişə Rusiyaya qarşı ehtiyatlı və neqativ münasibət mövcud olub:

“Səbəb ondadır ki, Rusiya tarixən Azərbaycanda işğalçı siyasət həyata keçirib. Bundan əlavə, erməniləri Osmanlı torpaqlarından Azərbaycana köçürməklə burada etnik balansı dəyişməyə çalışıb. Azərbaycan ərazisində Ermənistan dövləti və erməni vilayəti yaratmaqla ölkənin gələcək inkişafına ciddi maneələr törədib. 2020-ci ildəki 44 günlük Vətən müharibəsi və ondan sonrakı 2-3 ildə Rusiyanın nisbətən neytral mövqeyi cəmiyyətdə Moskva ilə bağlı münasibəti müəyyən qədər yumşaltsa da, ötən ilin dekabrından sonra Kremlin Azərbaycana qarşı açıq hörmətsizlik və imperiya iddiaları ilə hərəkət etməsi ictimai rəyin kəskin şəkildə dəyişməsinə səbəb olub. Bu gün Azərbaycan cəmiyyətində Rusiyaya münasibət ciddi neqativ istiqamətdədir və bunun başlıca səbəbi Moskvanın Azərbaycana qarşı yürütməkdə olduğu siyasətdir. Tərəflərin münasibətlərinin normallaşması üçün Rusiyanın atmalı olduğu addımlar var, lakin Moskva bunlardan qaçır.”

Politoloqun sözlərinə görə, Azərbaycan Rusiyadan konstruktiv mövqe gözləyir:

“Lakin rəsmi Moskva əksinə, Azərbaycana qarşı əsassız iddialar irəli sürərək vəziyyəti bilərəkdən gərginləşdirməyə çalışır. Bunun səbəbi Azərbaycanın son 5 ildə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, bölgədə yeni reallıqlar yaratmasıdır. Bu isə Rusiyanın maraqlarına uyğun deyil. Çünki Moskva Cənubi Qafqazda təsir imkanlarını qorumaq üçün gərginlik ocağına ehtiyac duyurdu. Rusiyanın əsas təsir rıçaqları artıq Azərbaycanda məhdudlaşdırıldığından, əsasən Ermənistan daxilindəki revanşist qüvvələr və Rusiyada yaşayan soydaşlarımız üzərindən təsir göstərməyə çalışır. Oradakı azərbaycanlıların sıxışdırılması ilə ölkə daxilində ictimai-siyasi ab-havanı gərginləşdirmək niyyətləri güdürlər. Amma Azərbaycan dövləti bu planların fərqindədir və hesab edirəm ki, onların həyata keçirilməsi uğursuzluqla nəticələnəcək”.

Politoloq əlavə edib ki, Rusiyanın regionda mövcudluğunu qoruması üçün sülh prosesinə real dəstək verməsi vacibdir:

“Moskva anlamalıdır ki, Cənubi Qafqazda öz mövqelərini saxlamaq istəyirsə, əməkdaşlıq mühiti yaratmalı, Azərbaycan və Ermənistan arasında sülhün sürətlə bərpa olunmasına, o cümlədən Zəngəzur dəhlizinin açılmasına töhfə verməlidir. Əks halda proseslər Rusiyanın ziyanına işləyəcək. Sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması Rusiyanı faktiki olaraq proseslərin kənarında qoyacaq və bu da onun regiondakı təsir imkanlarını xeyli zəiflədəcək. Moskvanın imperiya ambisiyaları və bölgədə sülhə töhfə verməməsi ABŞ-a əlavə imkan yaratdı. 8 avqust 2025-ci ildə ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirildi, sülh müqaviləsi paraflandı və birgə bəyanat qəbul olundu”.

//Gülnarə Abasova, Editor.az

Chosen
12
editor.az

1Sources