EN

Qırğızıstanın Xalq artisti Karaqul Tilençiyev: Üzeyir Hacıbəyli Şərqlə Qərb arasında körpü yaradıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 sentyabr, AZƏRTAC

2025-ci il sentyabrın 18-də dahi bəstəkar, Azərbaycan müasir peşəkar musiqisinin banisi, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi tamam olur.

AZƏRTAC bu əlamətdar hadisə münasibətilə tanınmış musiqi və mədəniyyət xadimləri ilə silsilə söhbətləri davam etdirir. Qırğız Respublikasının Xalq artisti, dosent, Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının baş xormeysteri, Qırğızıstan-Türkiyə “Manas” Universitetinin İncəsənət fakültəsinin Musiqi sənəti şöbəsinin müdiri Karaqul Tilençiyev Üzeyir Hacıbəyli irsi haqqında danışır:

Üzeyir Hacıbəylinin yaradıcılığı bütün Türk dünyası üçün çox böyük tarixi və mənəvi dəyərə malikdir. Onun əhəmiyyətini bir neçə əsas aspektdə başa düşmək olar.

O, peşəkar türkdilli musiqinin banisidir. Hacıbəyli “Azərbaycan bəstəkarlıq məktəbinin atası” hesab olunur. Onun “Leyli və Məcnun”u (1908) təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ilk opera idi. Bu hadisə türk xalqları arasında peşəkar musiqili teatrın yaranmasına səbəb oldu. Hacıbəyli muğamın zəngin ənənəsini Avropa opera formaları ilə birləşdirməyə, digər türk bəstəkarları üçün örnək olan unikal sintez yaratmağa nail olub.

Hacıbəyli öz yaradıcılığı ilə xalqının xarakterini, tarixini, mənəviyyatını əks etdirməyə çalışırdı. Onun “Şah İsmayıl” və “Koroğlu” operaları qəhrəmanlıq, ədalət, milli qürur, doğma torpağa məhəbbət mövzularını tərənnüm edir. Bu, mədəniyyətin birləşdirici rol oynadığı Türk dünyası üçün çox vacibdir. Yeri gəlmişkən, xormeyster kimi iştirak etdiyim Qırğızıstan Dövlət Akademik Opera və Balet Teatrında “Arşın mal alan” operettası və “Koroğlu” operası səhnələşdirilib.

XX əsrin əvvəllərində türk xalqları oyanış dövrünü yaşayırdı. Hacıbəyli nümayiş etdirdi ki, milli mədəniyyət Avropa mədəniyyəti ilə yanaşı öz fərqliliyini qoruyub saxlayaraq inkişaf edə bilər. O, Şərqlə Qərb, ənənə ilə müasirlik arasında körpü yaradıb.

Mənim üçün Üzeyir Hacıbəyli təkcə böyük Azərbaycan bəstəkarı deyil, həm də türk xalqları arasında mədəni körpünün simvoludur. Onun musiqisi mənə muğamın dərinliyini açıb göstərdi, milli ənənənin gücünü və gözəlliyini qoruyaraq klassik formada necə təcəssüm etdirə biləcəyini nümayiş etdirdi. Qırğızıstan Dövlət Opera və Balet Teatrında onun “Koroğlu” operasının və “Arşın mal alan” operettasının quruluşunda iştirak edərək Türk dünyasının ortaq mədəni irsi ilə bağlılıq hiss etdim. Mənim üçün Hacıbəyli sənətin xalqları birləşdirə, yaradıcılığa ilham verə biləcəyinə, milli kimliyi formalaşdırmaq gücündə olacağına dair bir nümunədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
2
azertag.az

3Sources