EN

Azərbaycan Ukraynanın yükdaşıma kvotasını artırıb

Kiyev, 18 sentyabr, AZƏRTAC

Ukrayna yükdaşıyıcıları xaricdə fəaliyyət göstərmək üçün daha geniş imkanlar qazanacaq – Azərbaycan və Bosniya və Herseqovina bu ölkəyə beynəlxalq yükdaşımaları üçün əlavə kvotalar verib.

AZƏRTAC bu barədə icmaların və ərazilərin inkişafı nazirinin müavini Sergey Derkaçın “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşımına istinadla xəbər verir.

S.Derkaçın sözlərinə görə, Azərbaycan Ukraynaya üçüncü ölkələrə yükdaşımaları üçün 100 əlavə kvota verib ki, bu da əsas kvotadan 20% çoxdur. Bosniya və Herseqovina ikitərəfli, tranzit və beynəlxalq daşımalar üçün 300 əlavə kvota verib və bu, əvvəllər müəyyən edilmiş limitdən 100% artıqdır.

Yeni kvotalar Ukrayna şirkətlərinə daha çox uçuş həyata keçirməyə, dayanıqlı logistika marşrutlarını inkişaf etdirməyə və bizneslərini genişləndirməyə imkan verəcək.

Nazirlik rəsmisi vurğulayıb ki, yükdaşıyıcıların imkanlarının genişləndirilməsi dövlətin prioriteti olaraq qalır. Əlavə icazələr beynəlxalq əməkdaşlığın gücləndirilməsi və Ukrayna nəqliyyat sənayesinin inkişafı istiqamətində mühüm addım kimi qiymətləndirilir. Nazir müavini bildirib ki, icazə blankları təqdim olunur və tezliklə “Ukrtransbezopasnost” vasitəsilə yükdaşıyıcılara təqdim olunacaq.

O əlavə edib ki, Ukrayna yükdaşıyıcılarının Avropa İttifaqı bazarına sabit çıxışını təmin etmək üçün fəal danışıqlar davam etdirilir.

 
Emin Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Chosen
15
3
azertag.az

4Sources