EN

Şəkidə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunub

Şəki, 18 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi, musiqişünas, alim və görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi və Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də Şəki şəhər Heydər Əliyev Mərkəzində konsert olub.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə musiqisevərlər, ziyalılar, şəhid ailələrinin üzvləri, mədəniyyət işçiləri iştirak ediblər.

Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konsertin əvvəlində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə geniş məlumat verilib. Çıxış edənlər dahi bəstəkarın zəngin irsindən, Azərbaycan musiqi tarixində oynadığı roldan, dünya musiqisinə gətirdiyi yeniliklərdən söz açıblar. Qeyd edilib ki, dahi bəstəkarın Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətləri nəzərə alınaraq, Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə 1995-ci ildən etibarən bəstəkarın anadan olduğu gün – 18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir. Bu, dahi bəstəkarın irsinə, yaradıcılığına, şəxsiyyətinə olan hörmət və ehtiramın bariz nümunəsidir.

Bildirilib ki, Prezident İlham Əliyev Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Dahi bəstəkarın 140 illiyi respublikamızın hər yerində olduğu kimi, Şəkidə də silsilə tədbirlərlə qeyd olunur.

Konsertdə Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərdən ibarət ansamblının və xorun ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, “Çənlibel” xoru, “Leyli və Məcnun” operasından “Müqəddimə”, həmin əsərdən “Bu gələn yara bənzər”, “Şəbi-hicran”, “Aşıqsayağı” triosu, “Cəngi”, “Arazbarı”, “Arşın mal alan” operettasından “Müqəddimə”, “Sənsiz” romansı və digər əsərlər səsləndirilib.

Chosen
11
azertag.az

1Sources