EN

“İşçilər hüquqlarını tələb etməyə çəkinirlər”-Hüquqşünas Çinarə Ağayeva /MÜSAHİBƏ

Azərbaycanda işçi-işəgötürən münasibətləri həssas və aktual mövzudur, xüsusilə əmək hüquqları, əmək müqavilələrinin icrası, işdən çıxarılma halları və əmək mübahisələri kimi məsələlər daim maraq doğurur.

AzPost hüquqşünas, biznes məsləhətçi Çinarə Ağayeva ilə müsahibəni təqdim edir.

-Azərbaycanda işçi və işəgötürən münasibətlərində ən çox rast gəlinən hüquqi problemlər hansılardır?
-Hazırda ölkəmizdə əmək münasibətləri əsasən Əmək Məcəlləsinə əsaslanır və qanunvericilik kifayət qədər əhatəlidir. Lakin praktikada bir sıra problemlər qalır – xüsusən də əmək müqaviləsinin bağlanmaması, işçinin qeyri-rəsmi şəkildə işlədilməsi, işdən çıxarılma zamanı qanun pozuntuları və əmək haqqının gecikdirilməsi halları geniş yayılıb. Bir çox hallarda işəgötürənlər əmək qanunvericiliyini tam bilmədikləri və ya bilərəkdən gözardı etdikləri üçün hüquqi mübahisələr yaranır. İşçilər isə çox vaxt hüquqlarını bilmir və ya hüquqlarını tələb etməyə çəkinirlər.

-Əmək müqaviləsi olmadan işləməyin riskləri nələrdir?
-Bu, həm hüquqi, həm də maliyyə baxımından ciddi risklər yaradır. İşəgötürən inzibati cərimələrlə üzləşə bilər, işçi isə əmək hüquqlarını itirə bilər. Əmək müqaviləsi olmadan işçinin hüquqlarını sübut etməsi demək olar ki, mümkün deyil. Əmək müqaviləsi olmadan işləmək, işçini tamamilə hüquqsuz vəziyyətdə qoyur. Belə hallarda işçi əmək haqqı almaya, qəfil işdən çıxarıla və sosial təminat hüquqlarından məhrum qala bilər. Hətta iş zamanı bədbəxt hadisə baş verdikdə belə, qanuni əsasda kompensasiya almaq çox çətin olur. Əmək müqaviləsi işçi üçün hüquqların təminatı, işəgötürən üçün isə məsuliyyət və şəffaflığın rəmzidir.

-İşəgötürənlər əmək müqavilələrində ən çox hansı səhvlərə yol verirlər?
-Ən çox rast gəlinən səhvlərdən biri vəzifə və məsuliyyətlərin dəqiq göstərilməməsidir. Eyni zamanda iş saatlarının, istirahət günlərinin, əmək haqqının məbləği və ödəniş qaydasının qeyri-müəyyən qalması gələcəkdə mübahisələrə səbəb olur. Yəni, müşahidələr göstərir ki, əmək müqaviləsi olsa da, işçinin müəyyən hüquqları pozulur. Bu, yolverilməzdir.

-İşçilər öz hüquqlarını necə müdafiə edə bilərlər? Hüquqi maarifləndirmə nə qədər əhəmiyyətlidir?
-İlk növbədə, işçilər öz hüquqlarını bilməlidirlər. Əmək müqaviləsinin surətini saxlamalı, əməkhaqqı və iş saatları ilə bağlı bütün yazışmaları sənədləşdirməlidirlər. Onların Əmək Müfəttişliyi və məhkəmə orqanlarına müraciət etmək hüquqları da var. Əmək Məcəlləsini oxumaq, hüquqi maarifləndirmə tədbirlərində iştirak etmək və ehtiyac olduqda hüquqşünasla məsləhətləşmək vacibdir. Maarifləndirmə həm fərdi səviyyədə, həm də dövlət və qeyri-hökumət təşkilatları tərəfindən sistemli şəkildə aparılmalıdır.

-İşdən çıxarılma zamanı işçinin hansı hüquqları var və işəgötürən hansı prosedurlara riayət etməlidir?
-İşdən çıxarılma qanunla tənzimlənir və əmək müqaviləsinin hansı əsasla xitam verildiyi vacibdir. İşəgötürən əvvəlcədən yazılı bildiriş verməli, bəzi hallarda isə kompensasiya ödəməlidir. İşçi əmək kitabçasını və bütün sənədləri tam şəkildə almalıdır. Əgər qanunsuz işdən çıxarılma baş veribsə, işçi məhkəmə vasitəsilə haqlarını tələb edə bilər.

-Uzaqdan, yəni remote iş forması əmək münasibətlərində hansı dəyişiklikləri tələb edir?
-Uzaqdan iş artıq bir çox şirkətlər üçün standart hal alır. Amma bu formatda da əmək müqaviləsi bağlanmalı, iş saatları, əmək haqqı, məsuliyyətlər və hesabatlılıq dəqiq şəkildə göstərilməlidir. Təəssüf ki, bəzi hallarda işəgötürənlər “freelancer” adı ilə işçiləri qeyri-rəsmi saxlayırlar ki, bu da hüquqi mübahisələrə yol açır.

-Startaplar və kiçik bizneslər üçün əmək münasibətlərini düzgün qurmaq niyə vacibdir?
-Startaplar çox zaman sürətli inkişaf etməyə fokuslanır və hüquqi aspektlərə yetərincə diqqət yetirmirlər. Halbuki düzgün qurulmamış əmək münasibətləri sonradan ciddi problemlərə, hətta cərimələrə səbəb ola bilər. Kiçik biznesin davamlılığı üçün şəffaf və qanunauyğun kadr siyasəti vacibdir.

-Müasir iş yerlərində işçinin psixoloji sağlamlığı hüquqi aspektdən necə qorunur?
-Əmək Məcəlləsi bu sahədə də məsuliyyət nəzərdə tutur. İşəgötürən iş şəraitinin təhlükəsizliyinə və işçinin psixoloji sağlamlığına zəmanət verməlidir. Mobbing, diskriminasiya və psixoloji təzyiqlər qanunla qadağandır.

-İşəgötürənlər üçün əsas tövsiyələrniz nələr olardı?
-İşəgötürənlər əmək müqaviləsini yazılı şəkildə və qanuna uyğun bağlamalıdır. İşçilərin sosial hüquqlarını təmin etməli, daxili qaydaları və əmək intizamını açıq şəkildə müəyyən etməlidirlər. İşçilərlə kommunikasiya daim açıq saxlanılmalı, hüquqi məsələlərlə bağlı mütəxəssislərlə vaxtaşırı məsləhətləşmələr aparılmalıdır. İşçi və işəgötürən münasibətləri yalnız hüquqi çərçivə ilə tənzimlənməməlidir. Etibar, şəffaflıq və qarşılıqlı hörmət bu münasibətlərin dayanıqlı olmasının əsas şərtidir. Hüquqların qorunması isə həm işçinin, həm də işəgötürənin məsuliyyətidir.

AzPost.az

Chosen
14
2
azpost.info

3Sources