EN

Xalqımızın milli qürurunun simvolu

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

2023-cü ilin 19-20 sentyabr tarixlərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası ilə Xocalı, Xocavənd, Xankəndi, Ağdərə azad edildi. Bu gün həm ərazi bütövlüyümüzün bərpasının, həm də xalqımızın milli qürurunun simvoludur. Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilməyə başlanıldı. Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur.

Artıq dünya Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa, yenidənqurma işlərinin fonunda Azərbaycanın öz daxili imkanları hesabına necə əzəmətli və nəhəng layihələri həyata keçirdiyinin şahidi olur. 30 il ərzində düşmənin viran qoyduğu torpaqlarımıza hər gün yeni nəfəs verilir, doğma yurd yerlərimiz gülüstana çevrilir. Müasir standartlara cavab verən yollar çəkildi, beynəlxalq hava limanları tikildi. Qısa zamanda görülən genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda soydaşlarımızın qayıdış ünvanlarının sayında artım hər birimizi qürurlandırır. Dövlət başçısı İlham Əliyevin mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində bu torpaqlara qayıdan sakinlərlə görüşləri qürurverici məqamlardandır. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri bütün dünyaya nümunə olan Qalib Azərbaycanın gücünün, siyasi iradəsinin təqdimatı oldu. 44 günlük şanlı Vətən müharibəsindəki parlaq zəfərdən sonra yeni tarixi mərhələyə qədəm qoyan Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinə mütəmadi səfərləri dövlətimizin gücünü, milli birliyini nümayiş etdirir.

Bir vaxtlar faciələrin rəmzinə çevrilmiş Xankəndi bu gün artıq regional əməkdaşlıq və beynəlxalq dialoqun yeni məkanına çevrilib. Burada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti şəhərin yeni statusunu təsdiqlədi. Prezident İlham Əliyevin dediyi kimi: “Biz azad olunmuş torpaqları bərpa etməklə yanaşı, onları beynəlxalq əməkdaşlıq məkanına çeviririk. Xankəndi bu gün regionun mühüm siyasi mərkəzi kimi formalaşır”. Sammitdə iştirak edən dövlətlərin nümayəndələri Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etdiklərini nümayiş etdirdilər. Beynəlxalq media forumunun Şuşada keçirilməsi, lakin Xankəndidən başlanması xüsusi məna daşıyır. Azərbaycanın mədəniyyət paytaxtı ilə Xankəndinin birgə təqdimatı milli-mənəvi dəyərlərin və müasir diplomatik təşəbbüslərin birləşdiyini göstərir. Bu gün Xankəndi sadəcə bərpa olunmuş şəhər deyil. O, quruculuğun, diplomatiyanın və beynəlxalq etirafın simvoluna çevrilib.

21.08.2025-ci il tarixində dövlətimizin başçısı və birinci xanım ilk olaraq Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar. Kəlbəcər şəhər sakinləri ilə görüşdən sonra isə dövlətimizin başçısı və birinci xanım Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə, Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, burada Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər, onlarla söhbət ediblər. Hazırda Vəngli kəndində müasir sosial infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Belə ki, 4 transformator və 3 kilometr uzunluğunda mövcud elektrik xətti təmir edilib, əlavə olaraq 1,5 kilometr uzunluğunda xəttin çəkilməsi işləri görülür. Kənddə 60 ev su ilə təmin olunub, sentyabr ayının sonlarınadək kəndin içməli su ilə təminatı tam başa çatdırılacaq. Sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün parkda hər cür şərait yaradılıb. Ərazidə bayraq meydanı, idman və uşaq oyun meydançaları, rekreasiya zonası və yaşıllıq zolağı salınıb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 14 sentyabr tarixində Qarabağa səfəri də, əvvəlki səfərlər kimi əlamətdar hadisələrlə yadda qaldı. Səfər çərçivəsində Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlinin qoyulması, Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışı, Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüş doğma Qarabağın yeni intibahının, Böyük Qayıdış proqramının uğurla həyata keçirildiyinin göstərici idi.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü bu mənada yalnız tarix deyil, həm də gələcəyin rəmzidir.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
38
1
sesqazeti.az

2Sources