EN

Ankarada dahi Üzeyir Hacıbəylinin irsinə həsr edilən təqdimat və konsert keçirilib

Ankara, 18 sentyabr, AZƏRTAC

Azərbaycanda Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də Ankaradakı Qazi Universitetinin Memar Kəmaləddin adına konsert sarayında “Müsəlman Şərqinin ilk operasının bəstəkarı, Azərbaycan-Türkiyə dünya musiqisinin simvolu Üzeyir Hacıbəyli” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Qazi Universiteti, Ankara Musiqi və İncəsənət Universitetinin dəstəyi ilə təşkil edilib.

Tədbiri açan Azərbaycanın Əməkdar artisti İslam Manafov Üzeyir Hacıbəylinin sənət irsindən danışıb. O, Üzeyir Hacıbəylinin 1908-cü ildə 22 yaşında olarkən yazdığı “Leyli və Məcnun” operası ilə dünya mədəniyyətinə töhfə verdiyini, dahi bəstəkarın həm də vətənpərvər pedaqoq olduğunu vurğulayıb, onu Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri kimi səciyyələndirib.

Üzeyir Hacıbəylinin yaradıcılıq irsinin günümüzdə də Azərbaycan musiqi sənətinə işıq tutduğunu deyən Əməkdar artist tədbiri təşkil edən Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib.

Daha sonra çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan professional musiqi sənətinin banisi, müsəlman Şərqində ilk operanın müəllifi, Türk dünyasının görkəmli bəstəkarı, musiqişünas alim, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında imzaladığı Sərəncama əsasən Türkiyədə də çox sayda tədbirlər, təqdimatlar, konsertlər keçirilir, nəşrlər ərsəyə gətirilir.

Dahi bəstəkarın qardaş Türkiyədə yad edilməsini qürurverici hadisə adlandıran S. Abbasov deyib: “Üzeyir Hacıbəyli Türk dünyasının ortaq səsi və dəyəridir. Onun əsərləri qəlblərə xitab edir, milli mədəniyyətimizi gücləndirirdi - Anadoludan Qafqaza “könül körpüsü” yaratmışdı. Əminik ki, Üzeyir Hacıbəylinn yaradıcılığı gələcəkdə daha geniş təbliğ olunacaq, onun yolunu davam etdirən musiqiçilər də Azərbaycanın şöhrətini bütün dünyaya yayacaqlar”.

Görkəmli bəstəkara həsr olunmuş filmin nümayişi ilə davam edən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında türk dilində hazırlanmış “Azərbaycanlı bəstəkarlardan fortepiano əsərləri” adlı kitabın təqdimatı və Türkiyədə yaşayan azərbaycanlı sənətçilərin iştirakı ilə dahi Üzeyir Hacıbəylinin əsərləri əsasında konsert proqramı təqdim edilib.

Kitab Ankara Opera və Balet Teatrının mütəxəssisi Nailə Əhmədova tərəfindən tərtib olunub. Kitabda Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Soltan Hacıbəyov, Asəf Zeynallı, Səid Rüstəmov, Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Vasif Adıgözəlov, Aqşin Əlizadə və başqalarının fortepiano üçün not əsərləri yer alıb.

Nəşrdə dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığı, musiqi sənətinə verdiyi töhfələrə dair geniş məlumat verilib.

Tədbir çərçivəsində keçirilən konsert proqramında Ankara Opera və Baletinin mütəxəssisi, fortepianoçu Nailə Əhmədova, Azərbaycanın Əməkdar artisti İslam Manafov, opera sənətçiləri Ömer Türkmenoğlu, Ali Tuna Güney, Fidan Hüseynova Üzeyir Hacıbəylinin əsərlərindən parçalar səsləndiriblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” rəqs ansamblı Üzeyir Hacıbəylinin repertuarından rəqslərlə çıxış ediblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

 

Chosen
1
6
azertag.az

9Sources