EN

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200 dən çox ixtisas müzakirə edilir

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Peşə təhsili üzrə ixtisasların təsnifatı"nın yenilənməsi üzərində sistemli şəkildə çalışırıq. Hazırda 200-dən çox ixtisas adı müzakirə olunur. Bu iş çərçivəsində işəgötürənlər, mütəxəssislər və dövlət qurumlarının nümayəndələri ilə dəyirmi masalar təşkil etmişik, mövcud məşğulluq təsnifatı və peşə təhsili üzrə son illərin qəbul planlarını təhlil etmişik, həmçinin Macarıstan, Bolqarıstan və Qazaxıstan kimi ölkələrin təsnifat təcrübələrini araşdıraraq ən yaxşı praktikaları nəzərə almışıq".

Milli.Az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsilinin təşkili və təhsilverənlərlə iş şöbəsinin müdiri Nərmin Məmmədova deyib.

Onun sözlərinə görə, yeni təsnifat yalnız adların siyahısı deyil, həm də struktur baxımından müasir yanaşmalara əsaslanır. Biz ixtisasları ilk peşə, texniki peşə və yüksək texniki peşə səviyyələrinə uyğun qruplaşdırırıq, onları Milli Kvalifikasiyalar Çərçivəsinə və UNESCO-nun ISCED-2013 təsnifatına uyğunlaşdırırıq. Bununla həm kurikulumların və proqramların daha məqsədyönlü hazırlanmasına, həm də təhsil nəticələrinin əmək bazarında tanınmasına nail olunacaq".

Nərmin Məmmədova yeni təsnifatın zərurət olduğunu vurğulayıb: "Hazırda qüvvədə olan təsnifatda mövcud olan təxminən 800 ixtisasdan yalnız 150-yə yaxınından faktiki istifadə olunur, 700-ə yaxın ixtisas isə illərdir qəbul planlarında yer almır. Son iki ildə - 2023 və 2024-cü illərdə mövcud təsnifata dəyişikliklər edilərək 110 yeni ixtisas əlavə olunub və 24 ixtisas ləğv edilib. Bu isə göstərir ki, təsnifat dövrün tələblərinə tam şəkildə cavab vermir və sistemin çevikliyini, həmçinin peşə təhsilinin effektivliyini məhdudlaşdıra bilər".

Nərmin Məmmədova xatırladıb ki, sonuncu dəfə təsnifat 2011-ci ildə Nazirlər Kabinetinin 178 nömrəli qərarı ilə təsdiqlənib. Bu müddət ərzində ölkə iqtisadiyyatında, texnologiyalarda və əmək bazarında ciddi dəyişikliklər baş verib: "İstifadə olunmayan ixtisasların mövcudluğu bir neçə səbəblə bağlı ola bilər: bəzi ixtisaslara əmək bazarında artıq tələbat yoxdur, bəziləri texnologiyaların inkişafı nəticəsində sıradan çıxıb, bəziləri isə mövcud real ixtisas adları ilə uyğun gəlmir. Məsələn, bir çox köhnə ixtisas adları artıq müəssisələrdə və ya istehsalatda mövcud deyil, amma təsnifatda hələ də qalır. Bu, həm tələbə qəbulu prosesində, həm də kurikulum hazırlanmasında çətinliklər yaradır".

Yeni təsnifatın nə vaxt hazır olacağına gəlincə, şöbə müdiri deyib ki, yeni təsnifat hazırda hazırlanan Respublikasının sosial-iqtisadi inkişaf Strategiyasının növbəti mərhələsinədək yekunlaşdırılacaq: "Bildiyiniz kimi, hazırda ölkədə "Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf Strategiyası" hazırlanır. Planımız odur ki, yeni təsnifat həmin strateji sənədin növbəti mərhələsinədək yekunlaşdırılsın və təsdiq üçün təqdim olunsun. Bu, peşə təhsilinin gələcək inkişafı üçün əsas baza sənədlərdən biri olacaq".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
1
news.milli.az

2Sources