EN

Tədqiqatlar günəşdən qoruyucu vasitələrin gündəlik istifadəsinin sağlamlıq üçün gizli riskini aşkar edib

Bakı, 18 sentyabr, AZƏRTAC

“QIMR Berghofer Sun-D” tədqiqatı üzə çıxarıb ki, “SPF50+” qoruyucu faktorlu günəş kremindən gündəlik istifadə edən insanların D vitamini səviyyəsi onu daha az istifadə edənlərlə müqayisədə daha aşağı olur.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bununla yanaşı, alimlər insanlara günəş kremindən istifadədən imtina etməməyi tövsiyə edir və əlavə edirlər ki, D vitamini əlavələrinin qəbulu orqanizmdə onun səviyyəsini qorumağın təhlükəsiz, effektiv və ucuz yoludur.

“Günəşdən qoruyucu krem dəri xərçənginin profilaktikasının əsas vasitəsi olaraq qalır və bu, uzun illərin etibarlı məlumatları ilə təsdiqlənib”, – deyə “Sun-D” tədqiqatının aparıcı müəllifi professor Reyçel Nil bildirib.

Araşdırmada günəş kremindən müntəzəm istifadə etməyən 639 nəfər iştirak edib. Onların yarısı bir il ərzində cənub bölgələrində qış dövrü istisna olmaqla, hər gün SPF50+ faktorlu kremdən istifadə edib, digər yarısı isə nəzarət qrupunu təşkil edib. Bir ildən sonra birinci qrup iştirakçılarının 46 faizində, nəzarət qrupunun isə 37 faizində D vitamini çatışmazlığı müşahidə olunub.

“D vitamini səviyyəsini qorumaq üçün günəş altında qalmağın qida əlavələrinin qəbulundan daha effektiv olduğuna dair heç bir sübut yoxdur. Dəri xərçəngi riskini nəzərə alaraq, biz insanlara günəşdən qoruyucu vasitələrdən istifadə vərdişlərini dəyişməməyi qətiyyətlə tövsiyə edirik”, – deyə professor əlavə edib.

D vitamini sümük sağlamlığında və immun sisteminin fəaliyyətində mühüm rol oynayır, onun çatışmazlığını isə qida əlavələri və düzgün qidalanma yolu ilə təhlükəsiz şəkildə aradan qaldırmaq mümkündür.

Chosen
10
1
azertag.az

2Sources