EN

“Azərbaycana və Türkiyəyə bir qəpik də verilməsin” - ABŞ konqresmeni...


Əli Mustafa: “Belə təşəbbüslər iki ölkə arasında sülh sazişinin imzalanması perspektivlərinə zərər vurur”

ABŞ Konqresinin Nümayəndələr Palatasının ermənipərəst üzvü Bred Şerman ABŞ Beynəlxalq Maliyyə Korporasiyasına (IDFC) Türkiyə və Azərbaycana yardıma mane olmağı nəzərdə tutan düzəliş təqdim edib. Təxribatçı layihəsi haqda danışan Şerman bildirib ki, bu, Türkiyənin Ermənistanla sərhədləri bağlı qaldığı müddətdə və Azərbaycanda həbsdə olan erməniəsilli şəxslər (hərbi cinayətkarlar) sərbəst buraxılana qədər bu iki ölkəyə bir qəpiyin də verilməməsini nəzərdə tutur.

Şerman eyni zamanda Dövlət Departamentinin sanksiyalaşdırılması ilə bağlı qanuna ikinci bir düzəliş də təqdim edib. Bu düzəliş ABŞ Prezidentinin 907-ci düzəlişi ləğv etmək səlahiyyətini əlindən almağı və Azərbaycana hərbi yardımı əngəlləməyi nəzərdə tutur. Hər iki təşəbbüs hazırda ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində müzakirə olunur.

Görünən odur ki, avqustun 8-də Azərbaycan və Ermənistan dövlət başçıları arasında əldə edilən razılaşmadan sonra prezident Donald Tramp bunların ağzından vursa da, sanksiya təşəbbüslərini bloklasa da, erməni lobbisi həyasızcasına Azərbaycana, Türkiyəyə qarşı çirkin təşəbbüslərdən əl çəkmir. Məsələni Konqresin gündəliyinə çıxarmağa çalışır.

“Xarici Əlaqələr Komitəsi ABŞ-ın milli maraqlarından çıxış edərək belə təklifləri müzakirələrdən çıxarmalıdır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi şərhçi Əli Mustafanın fikrincə, Konqresin Nümayəndələr Palatasının üzvü Bred Şermanın belə bir düzəliş təqdim etməsi çox pis haldır: “Əvvəla ona görə ki, Azərbaycan və Ermənistan, eyni zamanda İrəvan və Ankara arasında münasibətlər düzəlir. Digər tərəfdən, Rusiyanın Cənubi Qafqaza basqıları fonunda Azərbaycanla Ermənistan bir cəbhədə çıxış etmək zorundadılar. Belə bir vəziyyətdə ABŞ Konqresində belə bir təşəbbüsün müzakirəyə çıxarılması, əslində Cənubi Qafqazda yenidən gərginliyin yaranmasına, Azərbaycan və Ermənistan arasında, eyni zamanda Ankara ilə İrəvan arasında etimadsızlıq mühitinin yaranmasına səbəb olur. Bu da onun nəticəsi ola bilər ki, ABŞ-dakı erməni diasporu mövcud Ermənistan hakimiyyətindən fərqli düşünür. Bütün hallarda, bunu Ermənistan dövləti üçün edirsə, Paşinyan hakimiyyəti bu cür təxribatların qarşısını almalıdır. O cümlədən, Azərbaycanla Türkiyə rəsmi olaraq Ermənistan tərəfinə bildirməlidir ki, diasporun belə təxribatçı, yaramaz hərəkətlərinə son qoymağı tələb etsin. Çünki Konqresdə belə təşəbbüslər iki ölkə arasında sülh sazişinin imzalanması perspektivlərinə zərər vurur. Əgər onlar erməni xalqının maraqları, mənafeyi nöqteyi-nəzərindən bu addımı atırlarsa, anlamalıdılar ki, bu gün Azərbaycana vurulan yaralar Ermənistana vurulan yaralardan milyon dəfə çoxdur. Ən başlıcası, Ermənistanla Türkiyə arasında münasibətlər düzəlir. Ankara sərhədlərin açılması barədə fikirləşir. Belə bir məqamda Konqresdə o cür təşəbbüs qurulan münasibətlərin pozulmasına hesablanıb. Tramp prezident olaraq belə təşəbbüslərə qarşıdır, amma onun Konqresə birbaşa müdaxilə səlahiyyəti yoxdur. O üzdən, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi ABŞ-ın milli maraqlarından çıxış edərək belə təklifləri müzakirələrdən çıxarmalıdır. Çünki Azərbaycanla Ermənistan arasında sülh prosesinin dayanması həm də Birləşmiş Ştatların imicinə zərər vuracaq”.

Vidadi ORDAHALLI

Chosen
14
baki-xeber.com

1Sources