EN

Tural İsmayılov: “‘Patriot’ və HIMARS Ukraynanın hərbi balansını dəyişə bilər”

“ABŞ və Avropa İttifaqının Ukraynaya təqdim etdiyi hərbi yardım paketləri müharibənin gedişinə təsir göstərə biləcək strateji addım kimi qiymətləndirilir. “Patriot” hava hücumundan müdafiə sistemlərinin cəlb olunması Ukraynanın səma təhlükəsizliyini gücləndirəcək və Rusiyanın raket, eləcə də pilotsuz aparat hücumlarının qarşısının alınmasında mühüm rol oynayacaq. HIMARS raket sistemləri isə döyüş meydanında Ukraynaya çevik və uzaqmənzilli zərbə üstünlüyü qazandırır. Bununla da ölkə müdafiə mövqeyindən çıxaraq hücum potensialını da artırmış olur. Paketlərin maliyyə dəyəri böyük görünməsə də, onların keyfiyyət göstəricisi daha əhəmiyyətlidir. Çünki söhbət ən müasir texnologiyalardan gedir. Oktyabrda nəzərdə tutulan əlavə maliyyə dəstəyi isə Ukraynanın davamlı hərbi təminatına zəmanət verəcək”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ-dan silah alınması çərçivəsində ölkə üçün mühüm güzəştlər əldə olunacaq. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən hərbi yardım paketlərinin ilkin mərhələsinə “Patriot” hava hücumundan müdafiə sistemləri və HIMARS raketləri daxil ediləcək. Zelenski əlavə edib: “Oktyabrda əlavə vəsait alacağımızı gözləyirik. Ümumi məbləğ təxminən 3,5–3,6 milyard dollar olacaq. İlk iki yardım paketi hər biri 500 milyon dollar dəyərindədir və bu paketlərdə mütləq şəkildə ‘Patriot’ və HIMARS raketləri yer alacaq.”

Siyasi şərhçi bildirib ki, bu yardımlar Qərbin Kiyevə sadiqliyini açıq şəkildə göstərir.

“ABŞ və Aİ açıq şəkildə bildirirlər ki, məqsəd Ukraynanı “yarımçıq dəstəklənmiş dövlət” vəziyyətində saxlamaq deyil, onun yalnız müstəqilliyini deyil, eyni zamanda regional mövqeyini də qorumasını təmin etməkdir. Rusiyanın bu addımlara reaksiyasının daha sərt olacağı gözlənilir. Çünki “Patriot” sistemləri Moskvanın hava üstünlüyünü ciddi şəkildə şübhə altına alır. Ümumilikdə proses göstərir ki, müharibənin uzunmüddətli davamı üçün Ukraynanın hərbi bazası gücləndirilir. Azərbaycanın təcrübəsi də sübut edir ki, müasir silah texnologiyaları müharibələrin taleyini dəyişmək gücünə malikdir. Ukraynaya yönəlik bu dəstək regionun hərbi-siyasi balansında yeni mərhələnin başlanğıcı sayıla bilər”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Chosen
13
aznews.az

1Sources