EN

Futbol nəyə çevrilir?

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futbol bir əsrdən artıqdır ki, təkcə idman yox, həm də cəmiyyətlərin güzgüsüdür. Əvvəllər bu oyun sadə və səmimi idi – bir top, tozlu məhəllə meydançaları, böyük arzular və azarkeşlərin təmiz sevgisi. Futbolun cazibəsi onun sadəliyində idi: kimin zəngin, kimin kasıb olması fərq etmədən istedad və fədakarlıq oyunun taleyini həll edirdi. “Müqəddəs 90 dəqiqə” anlayışı da məhz bu dövrdə formalaşmışdı.

Amma indi futbolun mahiyyəti dəyişib. Qlobal kapitalizm çağında bu oyun artıq sırf emosiyanın yox, həm də sərmayənin dilində danışır. Televiziya yayım haqları, sponsor müqavilələri, transfer bazarındakı astronomik rəqəmlər oyunun köklərini silkələyib. Bu gün futbol həm meydanda idman, həm də tribunadan kənarda böyük maliyyə sənayesidir. Bəs bu “sehirli” oyunun ruhu bu prosesdə harada itir?

Futbol klubları artıq öz uğurlarını daha çox tarixi irs və futbol fəlsəfəsi ilə deyil, arxasında dayanan maliyyə gücü ilə müəyyən edirlər. “Mançester Siti”nin Birləşmiş Ərəb Əmirliklərinin sərmayəsi ilə yeni dövrə qədəm qoyması, PSJ-nin Qətərin kapitalı ilə Avropanın nəhənglərinə meydan oxuması bu transformasiyanın bariz nümunəsidir. Futbol klubları artıq öz uğurlarını daha çox tarixi irs və futbol fəlsəfəsi ilə deyil, arxasında dayanan maliyyə gücü ilə müəyyən edirlər.

Yalnız Qərb yox – indi Səudiyyə Ərəbistanı da milyardlarla dollar xərcləyərək öz liqasını qlobal səhnəyə daşımağa çalışır. Yəni pul, artıq sadəcə klubu dəstəkləyən resurs yox, onun strategiyasını, qlobal nüfuzunu və hətta azarkeş profilini müəyyən edən əsas amildir. Futbol meydanının taleyini indi məşqçilərin taktikasından çox, sponsorların maliyyə gücü həll edir.

Keçmişdə futbol klublarının fəlsəfəsi “öz istedadını yetişdir, öz dəyərlərini qoruyub yaşat” prinsipinə əsaslanırdı. “Ayaks”, “Barselona”, “Dinamo Zaqreb” kimi akademiyaları ilə məşhur klublar futbolun gələcəyini formalaşdırırdı. Bu gün isə oyunun istiqaməti dəyişib – akademiyaların çəkisi azalır, onlardan boşalan yeri isə brendləşmə və marketinq alır.

Futbolçular təkcə meydandakı bacarıqları ilə yox, sosial mediada izləyici sayları, forma satışları və sponsor potensialları ilə qiymətləndirilir. Bir vaxtlar azarkeşlər kubok uğrunda mübarizə aparan oyunçuları seviridilərsə, indi marketinq departamentləri daha çox “sponsorla müqavilə imzalayan ulduz” obrazını formalaşdırır. Futbolçu artıq təkcə idmançı deyil, o, həm də kommersiya məhsuludur.

Futbolun ən kəskin və emosional dəyişiklikliyi isə məhz azarkeş mədəniyyətindədir. Əvvəllər azarkeş klubu ilə bir ailə kimi idi: onlar tribunanın səsi, şəhərin ruhu və komandanın döyünən ürəyi sayılırdılar. Amma bu gün futbol biznes modeli azarkeşi “müştəri”yə çevirib.

Bilet qiymətlərinin fantastik dərəcədə artması, VIP paketlər, loyallıq proqramları və hətta “rəqəmsal bilet” sistemləri emosiyanı kommersiya alətinə çevirib. Texnologiyanın inkişafı ilə azarkeşlərin bir qismi artıq stadionda yox, virtual reallıq eynəkləri ilə “evdən stadion təcrübəsi” satın alır. NFT formatında satılan rəqəmsal kolleksiya kartları, abunəlik sistemləri və beynəlxalq tur paketləri azarkeşin statusunu dəyişib: o artıq klubun ailə üzvü yox, müştərisidir.

Digər tərəfdən, futbolun beynəlxalq idarəedici orqanları, UEFA və FIFA əvvəllər “oyunun qoruyucusu” funksiyasını daşıyırdı. Onların missiyası futbolda ədaləti təmin etmək, qaydaları qorumaq idisə, hazırda bu qurumlar daha çox “maliyyə brokerləri” kimi çıxış edirlər.

Dünya çempionatlarının ev sahibliyi tenderlərində milyardlıq investisiya sövdələşmələri, Avropa çempionatlarının sponsor paketləri və Çempionlar Liqasının daim dəyişən formatı bir şeyi göstərir: turnirlərin taleyi daha çox kommersiya şərtləri ilə müəyyən edilir. Bu gün turnirlərin keçirilmə yeri təkcə futbol infrastrukturuna görə yox, həm də sponsor bazarının imkanlarına görə seçilir. Futbolun “hakimləri” indi oyunun qaydalarını qoruyan yox, kapitalın maraqlarını yönləndirən vasitəçilərdir.

Xülasə, müasir futbol özünün ən böyük paradoksunu yaşayır. Meydanda hələ də istedadlı bir futbolçunun qeyri-adi zərbəsi milyonları ayağa qaldırır, hələ də qələbə sevinci insanları birləşdirir. Amma bu emosiyanın fonunda kapitalın sərt qanunları oyunun ruhunu daraldır.

Ənənəvi futbol romantikası – kasıb məhəllə uşağının dünya ulduzuna çevrilməsi, azarkeşin klubu ilə birgə yaşaması – indi brendlərin, sponsorların, texnologiyanın sərt çərçivəsində əriyir. Bu proses futbola iqtisadi güc qazandırsa da, onun sadəliyini və səmimiyyətini əlindən alır.

Son sual isə hələ də açıq qalır: futbol yenidən oyunun ruhuna, meydandakı səmimiyyətə qayıdacaq,yoxsa tamamilə maliyyə sənayesinin diqtəsi altında qlobal “idman-şou biznesi”nə çevriləcək?

Şahlar Ruhi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
futbolpress.az

1Sources