EN

"Vətən Naminə" İctimai Birliyi şəhidin doğum günündə ailəsini ziyarət edib - FOTOLAR

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.

QHT sədri şəhid Orxan Vidadi oğlu Balayevin doğum günü münasibətilə ailəsinin evini ziyarət etdiklərini vurğulayıb:

"Bu gün şəhidimiz Orxanın mövlud günü münasibətilə ailəsini ziyarət etdik. Onun müqəddəs ruhu qarşısında baş əyirik. Ruhun şad olsun, igidimiz!" – deyə Tünzalə Abduləlimova qeyd edib.

Birlikdən verilən məlumata görə, şəhidlərin xatirəsinin daim əziz tutulması, ailələrinə mənəvi dəstəyin göstərilməsi təşkilatın fəaliyyətində əsas istiqamətlərdən biridir.

Qeyd edək ki, Orxan Vidadi oğlu Balayev 1998-ci ildə Qubanın Alpan kəndində dünyaya göz açıb. İki bacının tək qardaşı yeniyetmə yaşlarından hərbçi olmağı arzulayırdı. 2018-ci ildə əsgərliyini bitirdikdən sonra Orxan üç aylıq gizirlik kursunu uğurla keçərək, Vətənə xidmətini davam etdirib. Orxan Vətən Müharibəsinin ilk günlərindən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Tərtər və Ağdərə istiqamətində düşmənə qarşı vuruşub. Suqovuşan uğrunda döyüşlərdə iştirak edən Orxan sonuncu dəfə oktyabrın 6-da ailəsi ilə əlaqə saxlayıb. Bir müddət itkin düşmüş sayılıb. Sonradan şəhidlik zirvəsinə ucaldığı məlum olan qəhrəman döyüşçü doğma kəndində dəfn edilib.

 

Pərvanə Fərhadqızı

 

Chosen
11
qht.az

1Sources