EN

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş ədəbi-bədii proqram təşkil olunub — FOTOLAR

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın Ev Muzeyində ədəbi-bədii proqram təşkil olunub. Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş proqramda mədəniyyət nazirinin müavini Murad Hüseynov, Nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, Konservatoriyanın professoru Lalə Hüseynova, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər və məktəblilər iştirak ediblər.

Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə öz çıxışında Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı rolundan danışıb, onun yaradıcılığının Azərbaycan musiqisinin həm keçmişini, həm çağdaş dövrünü, həm də gələcəyini özündə ehtiva etdiyini söyləyib.

Azərbaycan Milli Konservatoriyasının professoru Lalə Hüseynova çıxışında söyləyib ki, Üzeyir Hacıbəyli Azərbaycanın peşəkar musiqi sənətinin banisi, dahi bəstəkar, pedaqoq və musiqişünas alim kimi xalqımızın mədəni irsinə əvəzsiz töhfələr vermiş şəxsiyyətdir. Onun

1908-ci ildə yazdığı “Leyli və Məcnun” operası ilə Azərbaycan və bütövlükdə Şərq dünyasında ilk opera janrı yaranıb, bununla da milli musiqi tarixində yeni bir mərhələ başlanıb.

Musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə isə çıxışında dahi sənətkarın Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi kimi musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlərindən bəhs edib. 

Tədbirdə qeyd edilib ki, Üzeyir Hacıbəyli muğamla qərb musiqisinin sintezinə nail olaraq milli musiqinin elmi əsaslarını formalaşdırıb. Onun “Koroğlu” operası, simfonik əsərləri və xalq musiqisinin motivlərinə əsaslanan yaradıcılığı Azərbaycan musiqisinin dünya miqyasında tanınmasına təkan verib.  Onun ölməz əsərləri təkcə musiqi deyil, eləcə də milli düşüncəni, xalqın ruhunu özündə əks etdirən bədii irs kimi dəyərləndirilir. O, musiqi elminin sistemli şəkildə qurulmasına, notlaşdırma və terminologiyanın formalaşmasına da ciddi töhfələr verib.

Bundan əlavə vurğulanıb ki, Üzeyir Hacıbəyli bu gün də Azərbaycan musiqisinin simvolu olaraq yaddaşlarda yaşayır. Onun yaradıcılığı nəinki bir dövrü, bütün bir xalqın mədəni kimliyini və musiqi ənənəsini ifadə edir.

Proqram incəsənət və musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin repertuarından ibarət musiqi əsərləri ilə davam etdirilib.


Chosen
3
2
demokrat.az

3Sources