EN

Professor Azadgül Taşmatova: Üzeyir Hacıbəylinin zəngin irsi Özbəkistanda çox böyük rol oynayır

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 sentyabr, AZƏRTAC

2025-ci il sentyabrın 18-də dahi bəstəkar, Azərbaycanda müasir professional musiqi sənətinin banisi, dirijor, musiqişünas, publisist, dramaturq, müəllim, ictimai xadim, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi tamam olur.

AZƏRTAC musiqi və mədəniyyət sahələrinin nümayəndələri ilə söhbətlər silsiləsini davam etdirir. Sənətşünaslıq üzrə doktor (DSc), Özbəkistan Dövlət Konservatoriyasının xalq çalğı alətlərində ifaçılıq kafedrasının professoru Azadgül Taşmatova Üzeyir Hacıbəyli yaradıcılığından bəhs edir.

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” (1908) operası və “Arşın mal alan” (1913) operettası kimi şedevrləri elə bu əsərlər meydana çıxdığı vaxt Özbəkistanda çox böyük marağa səbəb olmuşdu. Ötən əsrin əvvəllərində Ü.Hacıbəylinin opera və musiqili komediyaları özbək teatrlarının səhnələrində qoyulurdu. 1915-ci ildən bu günə qədər “Arşın mal alan” musiqili komediyası özbək teatr səhnələrində ən çox sevilən və istənilən tamaşalardan biri olub.

XX əsr boyu və XXI əsrdə Üzeyir Hacıbəylinin musiqisini qavramağa, onun insan şüurunu mənəvi cəhətdən zənginləşdirən və yüksəldən, yaradıcı təfəkkürünü inkişaf etdirən əsərlərini tədqiq etmək ehtiyacı dəyişməz olaraq qalır.

Dünya mədəniyyətinin mənəvi dəyəri olan makom və muğam Özbəkistan və Azərbaycanın musiqi peşəkarlığının əsas formaları kimi əsrlər boyu qarşılıqlı əlaqədə və təsirdə inkişaf etmişdir. Bu aspektdə Ü.Hacıbəylinin bəstəkar və alim, folklorşünas və maarifçi kimi rolu özbək bəstəkarlıq yaradıcılığının, musiqi elminin, təhsilinin, etnoqrafiyasının və mədəniyyətinin inkişafı üçün metodoloji əhəmiyyətə malikdir.

Qeyd etmək lazımdır ki, bu sahələrin inkişafında mühüm yaradıcılıq prosesləri paralel olaraq musiqi mədəniyyətlərinin kimliyini təsdiqləyərək davam edib. Məsələn, Ü.Hacıbəylinin “Koroğlu” (1937) operası Kamil Yaşenin (1957) əsəri əsasında Tuxtasin Cəlilov və Georgi Muşelin “Ravşan və Zulhumor" musiqili dramı, Nizaminin sözlərinə Ü.Hacıbəylinin bəstələdiyi “Sənsiz” (1942) romansı Hafizin qəzəlləri əsasında Mutal Burxanovun bəstələdiyi “Onun adını bilmirəm” romansı (1949) ilə süjet planında ümumilik xüsusiyyətlərini aşkar edir.

Ü.Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin tədqiq edilməsində geniş perspektivlər açan elmi təşəbbüsləri xüsusilə əhəmiyyətlidir. Onun “Azərbaycan xalq musiqisinin əsasları” (1945) adlı fundamental əsəri musiqi elmində Azərbaycan folklorunun ilk tədqiqatıdır ki, burada xalq yaradıcılığının janr və formalarının təsnifatı aparılıb. Əvvəlcə Ü.Hacıbəyli bu əsəri Azərbaycan dilində yazıb (1937). Ü.Hacıbəylinin fundamental əsərlərinin işıq üzü görməsi ilə paralel olaraq Özbəkistanda da bir neçə il ərzində özbək milli irsinin tədqiq edilməsi üzrə analoji işlərin aparılması səciyyəvidir. Bu baxımdan Yunus Rəcəbinin əsərləri ilə çox maraqlı paralellər - xüsusən də sonradan bir neçə təkrar nəşr və tərcümə edilmiş “Özbək xalq musiqisi” (1957) əsəri yaranır. Beləliklə, Ü.Hacıbəylinin yaradıcı fəaliyyəti özbək bəstəkarlıq yaradıcılığının, musiqi elminin inkişafında müəyyən rol oynayıb.

Ü.Hacıbəylinin yaradıcılığının xüsusi sahəsi Azərbaycan Xalq Çalğı Alətləri Orkestridir. Bəstəkar orkestr üçün bir sıra əsərlər yazıb. Ü.Hacıbəyli çoxşaxəli fəaliyyətində Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin ifaçılıq sənətinə çox böyük diqqət yetirib və 1931-ci ildə onun təşkilinin təşəbbüskarı kimi dünya mədəniyyətinə daxil olub. Oxşar proseslər Özbəkistanda da 1930-cu illərdə baş verib.

Azərbaycan və Özbəkistan xalq çalğı alətləri orkestrlərinin formalaşması və inkişafı proseslərinin müşahidələri əsasında tədqiqatın müqayisəli təhlili aşağıdakı nəticələrə gəlməyə imkan verir:

- Birincisi, orkestrlərin yaradılması prosesləri onların təşkilinin ümumilik anlarını ortaya qoyur, aşkar edir;

- İkincisi, səs çıxarma üsullarına görə orkestrdə alətlər ailələri və qruplarının yaradılması ortaqlığının amillərini müəyyənləşdirir;

- Üçüncüsü, həm fərdi alətlərdə, həm də bütövlükdə kollektivlərdə eyni ifa texnikalarını göstərir;

- Dördüncüsü, orkestrlərin əsas bazasını milli klassik və müasir musiqi təşkil edir;

- Beşincisi, orkestrlərin repertuarında orkestrlərin xüsusiyyətlərini nəzərə alaraq təkmilləşdirmə, aranjiman, alət, popurri üzrə dünya klassik, populyar musiqi nümunələri var.

Ü.Hacıbəylinin Xalq Çalğı Alətləri Orkestri üçün əsərləri həm konsert praktikasında, həm də təhsil prosesində dolğun həyat sürür.

Fikrət Əmirov, Cövdət Hacıyev, Cahangir Cahangirov, Qara Qarayev, Niyazi, Səid Rüstəmov kimi bəstəkarlar yetişdirmiş Ü.Hacıbəylinin pedaqoji prinsipləri görkəmli Azərbaycan musiqiçisi, bəstəkarı, müxtəlif janrlı əsərlərin müəllifi olan atası Sultan Hacıbəylidən mənimsənilmişdi. Vurğulamaq lazımdır ki, Azərbaycan musiqi mədəniyyəti üçün olduğu kimi, özbək musiqi mədəniyyəti üçün də yaradıcılıq təcrübəsinin nəsildən-nəslə ötürülməsi ənənələri, musiqi sülalələri milli incəsənətin fundamental əsaslarının bərqərar olmasında mühüm rol oynayır. Oxşar hallar Özbəkistanın musiqi mədəniyyəti tarixində də məlumdur. Bunlar Rəcəbi, Zakirovlar, Atacanovlar, Matyakubovlar, Taşmatovlar və digər sülalələrdir.

Ü.Hacıbəylinin zəngin yaradıcılıq təcrübəsi Azərbaycan musiqisi klassikinin rəngarəng irsini diqqətlə tədqiq edən, həm dahi musiqiçi şəxsiyyəti, həm də bütövlükdə Azərbaycan musiqi mədəniyyəti haqqında öz fikirlərini zənginləşdirən gənc nəsil özbək bəstəkarlarının, musiqiçi və ifaçıların, dirijorların, musiqişünasların, etnoqrafların, pedaqoqların yetişməsində çox böyük rol oynayır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
1
azertag.az

2Sources