EN

Külək və günəş enerjisinin istehsalında yeni dövr

“Masdar” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsindəki layihələri Azərbaycan-BƏƏ əməkdaşlığının növbəti parlaq nümunəsidir

XXI əsrdə məlum səbəblərdən ekoloji durumun korlanması, dünyanın karbohidrogen ehtiyatının tükənməsi və həmçinin dünyanın gündən-günə enerjiyə olan tələbatının artması ilə əlaqədar olaraq alternativ enerji mənbələrindən və xüsusilə külək enerjisindən istifadə edilməsi günümüzün mühüm məsələlərindəndir. Hazırda dünyada istehsal olunan enerjinin yalnız 15 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşür. Bu enerjinin isə 79 faizi biokütlənin, 17 faizi suyun, 2 faizi geotermal, 1 faizi günəş və 1 faizi külək enerjisinin payına düşür. Azərbaycan da bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Son illər Azərbaycan enerji siyasəti sahəsində həm bərpaolunan, həm də ənənəvi enerji mənbələrinin səmərəliliyinin artırılması istiqamətində mühüm addımlar atır. Xüsusilə Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi, Günəş və külək elektrik stansiyalarının təməlinin qoyulması, hidroenerji potensialının reallaşdırılması, böyük həcmli beynəlxalq investisiya müqavilələrinin imzalanması və regional enerji təhlükəsizliyinə töhfə verən layihələrin icrası bu sahənin prioritet olduğunu təsdiqləyir. Eyni zamanda, ölkənin enerji strategiyası yalnız daxili tələbatın ödənilməsinə deyil, həm də enerji ixracatçısı kimi mövqeyinin gücləndirilməsinə hesablanıb. Xüsusilə, son 3 ildə bir sıra iri enerji layihələrinin icrası və beynəlxalq əməkdaşlıqlar ölkənin yaşıl enerji potensialını reallaşdırmaq istiqamətində mühüm mərhələ təşkil edir. Qaradağda 230 MVt-lıq Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın ilk özəl investisiya əsasında reallaşdırılmış bərpaolunan enerji layihəsi kimi tarixə düşüb. Neftçalada və Biləsuvarda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə daha iki iri Günəş parkının təməli qoyulub. Cəbrayılda isə bp şirkəti tərəfindən 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyasının inşası davam edir və bu layihə Qarabağ bölgəsində icra edilən ilk iri Günəş enerji layihəsi kimi əhəmiyyət kəsb edir. Bundan əlavə, Xızı-Abşeron zonasında inşa olunan 240 MVt gücündə külək elektrik stansiyası ölkədə bərpaolunan enerji istehsalının diversifikasiyası və külək potensialının qiymətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Mingəçevir gölündə tətbiq edilən üzən Günəş elektrik stansiyası layihəsi isə həm ekoloji tarazlığın qorunması, həm də su səthlərinin alternativ enerji istehsalı üçün səmərəli istifadəsi baxımından mühüm  təşəbbüsdür. Qarabağ və Şərqi Zəngəzur bölgələri yaşıl enerji zonası elan edildikdən sonra bu ərazilərdə bərpaolunan enerji potensialının aktiv istifadəsi istiqamətində ciddi işlər görülür. Artıq 30-a yaxın hidroelektrik stansiya istismara verilib və ya tikintisi davam etdirilir. Bu stansiyalar həm bölgənin ekoloji və iqtisadi dirçəlişinə xidmət edir, həm də enerji təhlükəsizliyinə töhfə verir. Paralel olaraq Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının 50 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri hesabına təmin olunur ki, bu da region üzrə ən yüksək göstəricilərdən biridir.

Qeyd edək ki, Azərbaycan 2020-ci ildən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın BP, Avstraliyanın “Fortescue Future Industries”, Çinin “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, ABŞ-ın “Nobel Energy”, Çex Pespublikasının “A-Z Czech Engineering” və Türkiyənin “Baltech” şirkətləri ilə bərpaolunan enerji layihələri ilə bağlı əməkdaşlıq edir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpaolunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb. Bu, gələcək münasibətlər üçün möhkəm hüquqi-siyasi zəmin yaradıb. Bu baxımdan Birləşmiş Ərəb Əmirlikləri ilə ölkəmiz arasında əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkə illər ərzində qarşılıqlı səfərlər və imzalanan sazişlər vasitəsilə əməkdaşlığı genişləndirib. Bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana növbəti səfəri də bu fonda münasibətlərin inkişafına yeni təkan verir. Məsələ ilə bağlı Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşündə bildirib: “Biz xüsusilə ölkənizə və ölkənizin şirkətlərinə minnətdarıq ki, Azərbaycanın bərpaolunan enerji növlərinin işlənilməsi istiqamətində bizə çox böyük dəstək vermişlər. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri burada bizim strateji tərəfdaşlarımızdır, əsas investordur və Azərbaycanda istifadəyə verilmiş birinci Günəş Elektrik Stansiyasının tikintisi və investisiyaları ölkənizin bizə dəstəyi nəticəsində mümkün olmuşdur. Bilirsiniz ki, planlarımız daha genişdir, bir neçə giqavat bərpaolunan enerji növünün yaxın gələcəkdə Azərbaycanda istehsalı məhz Sizin şəxsi göstərişinizin və ölkənizin şirkətlərinin fəaliyyəti nəticəsində mümkün olacaqdır. Digər investisiyayönümlü layihələr üzərində işləyirik”. Müzakirələr zamanı işğaldan azad edilmiş ərazilərimizdə gedən genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı, xüsusilə də bu prosesdə dost BƏƏ şirkətlərinin yüksək peşəkarlıqla iştirak etdiyi qeyd edilib. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bildirib ki, “…Dost ölkənizlə ikitərəfli əlaqələrimizi gücləndirmək və genişləndirmək üçün xüsusi və böyük marağımız var, onu daha yüksək səviyyəyə qaldırmağı arzulayırıq. Biz hər iki tərəfə fayda gətirəcək və davamlı inkişafa töhfə verəcək yeni əməkdaşlıq fürsətlərinin daim axtarışındayıq”.

Qeyd edək ki, Şuşada “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Ümumən imzalanan 14 sənəd müxtəlif sahələri əhatə edir. Bunlar arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi yer tutur. Münasibətlər artıq strateji səviyyəyə yüksəlir. Azərbaycanla BƏƏ siyasi müstəvidə yaxın mövqelərə malikdir. BƏƏ daim Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyinin müdafiəsinə töhfə verib. Bu gün Əmirliklərin iri şirkətləri Azərbaycanda infrastruktur və energetika layihələrinə sərmayə yatırır. “Masdar” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində layihələri bu əməkdaşlığın parlaq nümunəsidir. Xatırladaq ki, 2023-cü ilin oktyabrında istifadəyə verilən Qaradağ Günəş Elektrik Stansiyası “Masdar” şirkəti tərəfindən inşa edilib. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Hazırda şirkət tərəfindən əlavə iki günəş elektrik stansiyası inşa olunur. Həmçinin 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi istiqamətində işlər görülür. Ümumiyyətlə, Azərbaycan və BƏƏ hər ikisi enerji resursları ilə zəngin ölkələrdir. Bununla yanaşı, hər iki dövlət iqtisadiyyatını şaxələndirmək və alternativ enerji sahəsini inkişaf etdirmək niyyətindədir. Bu baxımdan bərpaolunan enerji, xüsusilə günəş və külək enerjisi layihələrində əməkdaşlıq diqqət çəkir. Azərbaycan enerji sektorunun modernləşdirilməsi prosesində BƏƏ-nin təcrübəsindən faydalanır.

Xatırladaq ki, Azərbaycan 2030-cu ilə kimi enerji balansında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq niyyətini açıq bəyan edib, 2050-ci ilə kimi isə istixana qazı emissiyalarının 40 faizə kimi azaldılması hədəflənir.

Sevinc Azadi, “İki sahil”

Chosen
31
ikisahil.az

1Sources