EN

Zəfərin təntənəsi, suverenliyin nidası

Beş il öncə, 2020-ci il sentyabrın 27-də başlayıb noyabrın 8-də möhtəşəm Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi tariximizdə yeni səhifə açdı. 

Bu möhtəşəm qələbə Azərbaycan xalqını daha da mətnləşdirdi. 

Azərbaycanın ən yeni tarixini yazan Müzəffər Ali Baş Komandan İlham Əliyev 30 il işğal altında qalan torpaqlarımızın xilaskarı kimi xalqın qəlbində heykəlini ucaltdı, Azərbaycanın şanlı tarixini yazdı. 

Xalq-ordu-dövlət birliyinin bariz təcəssümü olan "dəmir yumruq" əməliyyatı Azərbaycanın hansı gücə sahib olduğunu dünyaya sübut etdi. Ən əsası da odur ki, 30 il işğalçı Ermənistana havadarlıq edən, illərlə cəbhə xəttində ona təxribatlar etməyə imkan yaradan bəzi qüvvələr bu dəfə prosesə müdaxilə edə bilmədilər. Dünyanın ən böyük siyasi təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının illər öncə qəbul etdiyi və 2020-ci ilə qədər kağız üzərində qalan qətnamələrinin icrasını Azərbaycan güc yolu ilə reallığa çevirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə bu qələbə ilə dünyaya bəyan etdi ki, yaşadığımız müasir dövrdə hüququn əsasları deyil, güc amili ən mühüm silahdır. 

Hər savaşın sonunda müqavilələr, sənədlər imzalanır. İkinci Qarabağ savaşı da üçtərəfli (Rusiya, Azərbaycan və Ermənistan) Bəyanatın imzalanması ilə yekunlaşdı. Müharibənin dayandırılması üçün yalvaran Ermənistan müqaviləni imzalayarkən boynuna öhdəliklər götürdü. 

Təəssüflər olsun ki, qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və onu himayə edənlər illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirdilər. Ermənistan imzaladığı üçtərəfli Bəyanatdan (faktiki olaraq Kapitulyasiya aktı) irəli gələn öhdəliklərini yerinə yetirmir, icra etməli olduğu müddəaları kobud şəkildə pozmağa davam edirdi. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını ərazimizdən çıxarmırdı. İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunurdu. Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün təkliflər irəli sürsə də, məğlub ölkə bundan boyun qaçırırdı. 

2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olunur. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşma baş verir. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş verir. 

Bütün bunlarla yanaşı, Ermənistan razılaşdırılmış və qəbul olunmuş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədli "Laçın" dəhlizindən çirkin hərbi-siyasi niyyətləri üçün istifadə edərək qanunsuz silah-sursat daşımağı dayandırmır. Bu azmış kimi, ermənilər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarını davam etdirirlər. Bununla yanaşı, həmin yataqlarda keçirilməsi planlaşdırılan ilkin monitorinqin də baş tutmaması üçün təxribatlar törədirlər. 

Buna etiraz əlaməti olaraq 2022-ci ilin dekabr ayından ölkəmizin qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin birgə iştirakı ilə Laçın-Xankəndi yolunda dinc aksiyaya start verilir. Tam 138 gün davam edən bu aksiya ermənilərin qanunsuz əməllərinin qarşısını alır. 

Nəhayət, 2023-cü il aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyət formalaşır. Bununla da Azərbaycan sərhəd bütövlüyünü təmin etmiş olur. 2022-ci il dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başlanan dinc etiraz aksiyası aprel ayının 28-də dayandırılır. "Laçın" sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə revanşistərin qeyri-qanuni yolla silah-sursat daşımasının qarşısı rəsmən alınır. 

Sərhəd-keçid məntəqəsinin açılışını Müzəffər Ai Baş Komandan İlham Əliyev 2023-cü il avqustun 26-da azadlığın təntənə günləri çərçivəsində Laçın Şəhəri Günü bayram tədbirində belə dəyərləndirib: "Bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulub. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq".

Yenə də Azərbaycana qarşı hücumların ardı-arası kəsilmir. Ermənilərin böyük havadarları dünyaya car çəkirlər ki, guya Azərbaycan "humanitar fəlakət" yaradır. 

Əlbəttə ki, bu hücumlarda məqsəd, Azərbaycana təzyiq etməklə sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsinə nail olmaq idi. Hətta bununla bağlı beynəlxalq məhkəmələrə baş vursalar da, çıxarılan qərarlar Azərbaycanın lehinə oldu. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı bunun əyani təzahürüdür. Həmin sənədə əsasən, Ermənistanın sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbi rədd edildi. Bu, bir daha göstərdi ki, Azərbaycanın bu addımı beynəlxalq hüququn tələblərinə uyğundur. Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya "bağlanmasından" sonra yaranmış "humanitar böhranın" müzakirəsi üçün keçirilən təcili iclasda da Ermənistan və ona dəstək verənlər məqsədlərinə çatmadılar. 

Lakin nə Ermənistan, nə də onun ən böyük himayədarı Fransa siyasi təxribatlardan əl çəkdi. Fransanın "humanitar yardım" adı ilə həyata keçirdiyi növbəti təxribatın baş tutmaması da deyilənlərin təsdiqidir. Belə ki, Azərbaycan Fransadan göndərilən "humanitar yükü" Qarabağa buraxmadı. Fransadan göndərilən 10 avtomobil iyulun 26-da sərhəddə gözləyən "Spayka" avtomobillərinin ardınca düzülmüş vəziyyətdə qaldı. Əgər həqiqətən də Qarabağda yaşayan erməniəsilli şəxslər "humanitar böhran" vəziyyəti ilə üzləşmişdilərsə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən onların ehtiyaclarını qarşılamaq məqsədilə göndərilən humanitar yardımı almaq üçün adekvat addım atar və Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdilər.

Revanşistlər irimiqyaslı hərbi təxribatlar və terror hücumları törədir. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid olurlar. 

Ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulur. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanır. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki şəxs də həlak olur. 

Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edilir. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılır. 

Antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Əməliyyat tədbirləri nəticəsində Xocalı rayonu və Qırmızı Bazar istiqamətində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbitəyinatlı obyektləri, separatçılara məxsus P-18 radiolokasiya stansiyası (RLS), Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin  5-ci müdafiə briqadasına məxsus sursat anbarlarından biri, sığınacaq və döyüş texnikası, mülki infrastrukturumuzu hədəfə alan Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus top qurğusu bölmələrimizin sərrast atəşi nəticəsində məhv edilir, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus hərbi təyinatlı radiotexniki qovşaq zərərsizləşdirilir. 

Antiterror tədbirləri zamanı Azərbaycan hərbçiləri böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərirlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərərək qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə edirlər. 

Bir gün ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.

Azərbaycan Ordusu, cəsur əsgərlərimiz isə 44 günlük İkinci Qarabağ müharibəsində olduğu kimi, bu əməliyyat tədbirlərində heç bir mülki obyektə, mülki əhaliyə ziyan vurmadı. Azərbaycanın suveren ərazisində həyata keçirdiyi kompleks tədbirlərlə bölgədə olan separatçı qüvvələr məhv edildi. Böyük xülyalarla yaradılan qondarma rejim isə tarixin arxivinə göndərildi. 

Cəmi 23 saat 43 dəqiqə çəkdi antiterror tədbirləri. Bu 23 saatın mahiyyətində ikiəsrlik münaqişənin, otuzillik savaşın, onilliklər boyu davam edən separatizmin "dəmir yumruq"la birdəfəlik məhvi dayanır.

Bu bir günün timsalında Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam təminatı  dayanır.

Bu bir gün Şanlı Zəfərimizin böyük nidası oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusu cəmi 23 saat 43 dəqiqəyə həyata keçirdiyi antiterror tədbirləri ilə 200 illik erməni xülyasını məhv edərək Azərbaycanın suverenliyini tam təmin etdi.

Nəyi nə zaman etməyi çox yaxşı bilən Prezident İlham Əliyev bununla da daha bir tarixi missiyasını gerçəkləşdirərək üçrəngli bayrağımızı bütün Azərbaycan torpaqlarında dalğalandırdı.

Bir sözlə, Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən Ermənistan ordusunun Qarabağda qalmış bölmələrinin, 30 ildən artıqdır ki, burada at oynadan separatçıların sentyabrın 21-də ağ bayraq qaldırmaqdan başqa yolları qalmadı. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək Qarabağda öz milli haqqını təmin etdi. Bu hadisə Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin, xalqımızın milli maraq və mənafelərini layiqincə təmin etməsinin növbəti təntənəsi oldu.

Bu il sentyabrın 14-də  Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə bir daha bu şanlı tarixi xatırlatdı: "Bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik. Amma sülh ədalətli sülh olmalı idi, beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi. Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır". 

Müzəffər Ali Baş Komandan bəyan etdi ki, 44 gün və bir gün - heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmayıb.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

1Sources