EN

20 Sentyabr – şəhərlər günü

Son illər milli təqvimimizə vətəndaş olaraq hər birimizin qürur duyduğu, fəxr etdiyi əlamətdar günlər əlavə olunmuşdur. Belə özəl günlərdən biri də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd etdiyimiz 20 Sentyabr tarixidir.

Artıq ikinci ildir ki, qeyd etdiyimiz bu qürurverici tarix dövlət başçımız Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli fərmanı ilə təsis edilmişdir.

30 il davam edən minlərlə azərbaycanlı igidin qanı bahasına əldə etdiyimiz qələbənin bəhrəsi kimi bu tarix hər bir Azərbaycan vətəndaşı üçün çox dəyərlidir.

Bu günün təsis edilməsi eyni zamanda işğalçı Ermənistan və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tamamilə tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.

2023-cü il antiterror əməliyyatından sonra suveryenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edilmiş, 2023- cü ilin oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Bayrağımızı Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində ucaltmışdır. Tariximizə qızıl hərflərlə yazılan bu tədbir zamanı Cənab Prezident belə demişdir:

“Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.

Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.

İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”

Möhtərəm Prezidentimiz 2023-cü ilin noyabr 8- də Xankəndi şəhərində vətən müharibəsində əldə olunan Zəfərin üçüncü il dönümünə həsr olunan hərbi paradın keçirilməsi mərasimində də iştirak etmişdir. Burada çıxışı zamanı o 2020- ci ildə Şuşanın işğalçılardan azad olunmasından bəhs etmiş, eyni zamanda 20 il əvvəl ona ehtimad göstərərək Prezident seçən Azərbaycan xalqının qarşısında ərazi bütövlüyümüzü bərpa edəcəyinə dair söz verdiyini xatırlatmışdı. O bildirmişdi ki, Azərbaycan Bayrağını torpaqlarımızın hər bir guşəsində qaldıracağına dair verdiyi vədə əməl edərək xalqımızın ona göstərdiyi etimadı doğrutmuşdur.

İşğaldan azad olunmuş torpaqlarımıza Prezidentimiz mütəmadi səfərlər edir və bu səfərlər müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi, yeni obyeklərin istifadəyə verilməsi, fabrik və zavodların açılması, əhalinin mərhələli şəkildə doğma yurd – yuvalarına köçürülməsi ilə yadda qalır. Eyni zamanda burada müxtəlif sahələrdə bir çox əhəmiyyətli işlər də həyata keçirilir.

2023-cü il 28 noyabr tarixində dövlət başçımızın Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universiteti yaradıldı. İnanırıq ki, bu nüfuzlu ali təhsil ocağı yetişdirdiyi mütəxəssislərlə nəinki bölgənin, eyni zamanda respublikamızın inkişafında müstəsna rol oynayacaqdır.

 Bölgədə həm də, inzibati - ərazi bölgü islahatları aparılır. 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər aparılaraq, mərkəzi Ağdərə şəhəri olmaqla yeni Ağdərə rayonu təsis edildi.

Bu gün Qarabağda genişmiqyaslı tikinti, quruculuq işləri, infrastruktur layihələrin həyata keçirilməsi, yol nəqliyyat sisteminin yaradılması ilə yanaşı, həm də, insanların sağlamlığının qorunması, səmərəli vaxtının düzgün təşkil edilməsi, idmanın müxtəlif sahələrinin inkişaf etdirilməsi yolunda da böyük işlər görülür.

Görülən işlərin nəticəsi olaraq Ağdamın Qarabağ komandası ardıcıl zəfərlər qazanaraq bölgənin adını dünyaya tanıdır.

Bölgədə eyni zamanda turizm sektorunun inkişafına da böyük diqqət ayrılmış, müasir standartlara uyğun hotellər tikilərək istifadəyə verilmişdir.

Qarabağda gedən sürətli inkişaf bu bölgəni nəinki Azərbaycanda, eyni zamanda bütün Qafqazda inkişaf etmiş, müasir, nümunəvi bir bölgə olaraq tanıtmaqda davam edir və hər gün yeni uğurlarla yadda qalır.

İnanırıq ki, Qarabağ tarixən olduğu kimi, gələcəkdə də ölkəmizin və regionun özünəməxsus bölgəsi kimi tarix səhnəsində öz yerini qoruyub saxlayacaq və uğurları ilə dünyaya səs salacaqdır.

Ziyafət ƏSGƏROV

                                    Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

 

Chosen
12
2
sabahinfo.az

3Sources