EN

Nazir haqlıdır - MİQ-də minimal bal toplamayan müəllimə görə universitet məsuliyyət daşımalıdır...


Kamran Əsədov: “Azərbaycanda universitetlərin əmək bazarına kadr hazırlığı funksiyası zəifdir, laboratoriya və kitabxana bazaları yetərsizdir”

Məlumdur ki, Azərbaycanda müəllimlərin işə qəbulu imtahan vasitəsilə aparılır. Ancaq imtahanda iştirak edən bütün məzunların nəticələri ürəkaçan olmur. Müəllimlərin nəticələri barədə danışan elm və təhsil naziri Emin Əmrullayev deyib ki, ali təhsil müəssisəsinin pedaqoji fakültəsini bitirən şəxs müəllimlərin işə qəbulu imtahanında minimal bal toplamırsa, o diplomu verən universitet məsuliyyət daşıyır.

Nazirin özü də bu məsələdə univeristetlərin günahının olduğunu etiraf edib. Maraqlıdır, söhbət hansı universitetlərdən gedir? Ümumiyyətlə, pedaqoji fakültə tədris olunan ali məktəblər niyə nazirin məlum fikrinə reaksiya vermir?

“Nazirliyin mövqeyi göstərir ki, ali təhsil sistemi yalnız diplom verməklə kifayətlənməməli, real bacarıqlar qazandırmalıdır”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda ali təhsil müəssisələrinin əsas vəzifəsi əmək bazarının tələblərinə cavab verən, müasir bacarıqlara malik mütəxəssislər yetişdirməkdir. Təhlillər göstərir ki, bu vəzifə qanunvericilikdə də dəqiq təsbit olunub. “Təhsil haqqında” Qanunun 14.2-ci maddəsində açıq şəkildə yazılıb ki, ali təhsil əmək bazarının tələbatını ödəyən kadr hazırlığını təmin etməlidir: “Lakin faktiki vəziyyət tam əksini göstərir. Universitetlərin pedaqoji, mühəndislik, iqtisadiyyat və digər fakültələrini bitirənlərin əhəmiyyətli hissəsi əmək bazarında öz yerini tapa bilmir. Dövlət Statistika Komitəsinin məlumatına görə, son illərdə məzunların təxminən 35-40 faizi bir neçə il ərzində ixtisası üzrə işlə təmin olunmur. Bu rəqəm göstərir ki, universitetlərin verdiyi diplomlar əmək bazarında real dəyər daşımır.

Universitetlərin bu uğursuzluğunun səbəbləri çoxşaxəlidir. Əvvəla, laboratoriya və praktik bazaları olduqca zəifdir. Əksər ali məktəblərdə laboratoriyalar köhnəlmiş avadanlıqlarla təchiz olunub, bir çox hallarda isə yalnız kağız üzərində mövcuddur. Müasir texnologiyalarla tanış olmayan tələbə isə məzun olduqda işəgötürənin tələblərinə cavab verə bilmir. Kitabxana fondları da vəziyyəti ağırlaşdırır. Bir çox universitetlərin kitabxanaları köhnə mənbələrlə doludur, xarici ədəbiyyata çıxış zəifdir, elektron resurslara inteqrasiya isə çox aşağı səviyyədədir. Halbuki, XXI əsrdə ali təhsil müəssisəsinin gücü ilk növbədə informasiya resursları ilə ölçülür.

Əmək bazarının universitetlərə maraqsız yanaşması da problemin digər tərəfidir. İşəgötürənlər universitetlərlə əməkdaşlıq etməkdə maraqlı deyillər, çünki bilirlər ki, oradan çıxan məzunların bacarıqları zəifdir. Universitetlər isə öz növbəsində bazar tələblərini öyrənmək, işəgötürənlərlə ortaq proqram hazırlamaq istəklərində passivdirlər. İdarəetmənin zəifliyi isə vəziyyəti daha da ağırlaşdırır. Rektorların və fakültə rəhbərlərinin əksəriyyəti müasir təhsil idarəçiliyi prinsiplərinə uyğun fəaliyyət göstərmir, universitetlərdə qərarların qəbulu çox vaxt şəffaf və səmərəli olmur.

Dünya təcrübəsinə nəzər saldıqda, uğurlu universitetlərdə əsasən əmək bazarı ilə sıx inteqrasiya modeli tətbiq edilir. Almaniyada “dual təhsil” sistemi çərçivəsində tələbələr həm universitetdə dərs keçir, həm də real müəssisələrdə işləyir və bu, onların diplomla yanaşı təcrübə qazanmalarına şərait yaradır. Finlandiyada hər semestr tələbələrin layihə və praktiki işləri mütləqdir, kitabxanalar isə ən müasir rəqəmsal bazalarla zənginləşdirilib. ABŞ universitetlərində isə tələbələrin böyük əksəriyyəti hələ təhsil aldıqları illərdə “internship” proqramlarında iştirak edir. Bu təcrübələr məzun olduqdan sonra onları birbaşa əmək bazarına hazır vəziyyətə gətirir. Azərbaycan universitetləri ilə müqayisədə bu ölkələrdə ali məktəblərin əsas gücü məhz əmək bazarına inteqrasiya olunmuş modeldir.

Müsbət tərəf odur ki, Elm və Təhsil Nazirliyi bu problemləri gizlətmir, əksinə, açıq şəkildə gündəmə gətirir. Nazirliyin son illərdə universitetlərin tədris proqramlarının yenilənməsi, praktikaların gücləndirilməsi, işəgötürənlərlə müqavilələrin artırılması istiqamətində atdığı addımlar təqdirəlayiqdir. Nazirliyin mövqeyi göstərir ki, ali təhsil sistemi yalnız diplom verməklə kifayətlənməməli, real bacarıqlar qazandırmalıdır. Bu, təhsilin keyfiyyətini yüksəltmək baxımından müsbət və strateji addımdır.

Mənfi tərəf isə universitetlərin passivliyindədir. Onlar çox vaxt islahatlara müqavimət göstərir, idarəetmədə köhnə modelləri qoruyurlar, əmək bazarının tələblərini nəzərə almırlar. Nəticədə tələbələr yalnız nəzəriyyə ilə yüklənir, amma real bacarıqsız məzun kimi iş həyatına atılır. Bu, həm gənclərin, həm də dövlətin resurslarının itirilməsi deməkdir”.

Həmsöhbətimiz hesab edir ki, Azərbaycanda universitetlərin əmək bazarına kadr hazırlığı funksiyası zəifdir, laboratoriya və kitabxana bazaları yetərsizdir, idarəetmədə müasir yanaşma yoxdur. Nə dəyişəcək sualına cavab odur ki, Elm və Təhsil Nazirliyinin apardığı islahatlar nəticəsində universitetlər daha şəffaf, bazara uyğun, təcrübə əsaslı tədris modelinə keçməyə məcbur olacaqlar: “Nə dəyişməlidir məsələsinə gəldikdə isə universitetlər formal diplomvermə funksiyasını kənara qoymalı, laboratoriyaları müasir texnologiyalarla təchiz etməli, kitabxanaları beynəlxalq resurslara çıxış imkanları ilə zənginləşdirməli və idarəetmə mexanizmlərini tamamilə yeniləməlidirlər. Nazirliyin sərt və prinsipial mövqeyi bu prosesin ən güclü təminatıdır. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər təqdir olunmalıdır, çünki yalnız bu yolla universitetlərin real keyfiyyət dəyişikliklərinə nail olmaq mümkündür”.

Günel CƏLİLOVA

Chosen
64
baki-xeber.com

1Sources