EN

20 Sentyabr — Dövlət Suverenliyi Günüdür

Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren dövlət başqa bir dövlətdən nə asılı, nə də tabe olmamalıdır.

Beynəlxalq hüququn normalarını, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törətdi. Bütün bu problemlərə baxmayaraq bu ərazilər suveren Azərbaycan ərazisi olaraq tanınırdı. 

Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi.

Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərinin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.

Dövlətimiz qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, Azərbaycanın II Qarabağ müharibəsindən sonra bir güllə belə atmadan əldə etdiyi növbəti tarixi nailiyyət oldu. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini təmin etdi. 

2023-cü il sentyabr ayının 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı.  Antiterror əməliyyatı cəmi 23 saat 43 dəqiqə davam etdi. Yüksək peşəkarlıqla yerinə yetirilən əməliyyat nəticəsində erməni təcavüzkarları müzəffər Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmədi. Qəhrəman Azərbaycan oğullarının inamını, cəngavərliyini, qorxmazlığını görərək özləri, orduları haqqında mif uyduran vandallar silah-sursatı atıb qaçdılar. Beləcə, müharibənin əvvəlindən Ermənistan ordusunun 11 min əsgəri fərarilik edərək, qorxaqcasına silahını qoyub qaçmışdı. 

Qondarma Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. 

Bəli, Dövlət Suverenliyimiz bərpa olundu. Artıq hər il Azərbaycan Respublikasının  Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-də qeyd olunacaq Dövlət Suverenliyi Günü təsis edilib. “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.”

“Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından çıxarış.

Sahibə Musayeva
Şəhid Sahib Musayevin qızı, Azərbaycan Kooperasiya Universitetinin tələbəsi
Chosen
23
6
demokrat.az

8Sources