EN

9-cu siniflərdə daha bir imtahan eksperimentinə qərar verildi...


Ramin Nurəliyev: “Tətbiq olunan istənilən yeni qaydada əsas şərt yoxlama prosesinin şəffaf və ədalətli aparılmasıdır”

“Builki IX sinif buraxılış imtahanlarında xarici dil fənni üzrə yeni test modeli tətbiq edilib”. Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə yerli mediaya müsahibəsində deyib.

O bildirib ki, burada əsas məqsəd şagirdlərin yaradıcı düşünmə, məntiqi ardıcıllıqla fikir ifadə etmə və dil bacarıqlarını daha da inkişaf etdirməkdir: "Hazırda IX sinif məzunları üçün tətbiq edilən bu yeniliyin 2027-ci ildən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında da tətbiqi nəzərdə tutulur".

Maraqlıdır, buraxılış imtahanında yeni model nə vəd edir? Bu qaydanın təhsil mühitinə nə kimi təsiri olacaq?

“Yeni qayda bir sıra texniki və praktiki situasiyalara yol aça bilər, belə ki, insan faktoru ilə yoxlanma aparılacaqsa, ciddi problemlərin şahidi ola bilərik”

Təhsil eksperti Ramin Nurəliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, istənilən yeni qayda tətbiq olunmazdan öncə tam şəkildə texniki və metodoloji baxımdan hazır olmalıdır: “9-cu siniflər üçün tətbiq edilən yeni test modelinin gələcəkdə 11-ci siniflərin qəbul imtahanlarında da tətbiq olunma ehtimalı böyükdür. Yeni qayda bir sıra texniki və praktiki problemlərə yol aça bilər. Məsələn, şagirdlər yeni modelə uyğun hazırlaşır, amma qəbul imtahanında fərqli format tətbiq olunarsa, bu, qarışıqlıq yaradar. Yeni model texniki vasitələrlə elektron formada yoxlanacaqsa, ciddi problem gözlənilmir. İnsan faktoru ilə yoxlama aparılacaqsa, əvvəlki illərdə gördüyümüz kimi, ciddi problemlərin şahidi ola bilərik. Gələcək imtahanlarda yeni model elektron şəkildə tətbiq edilərsə, daha sağlam və obyektiv nəticələr əldə etmək mümkün olacaq”.

Ekspert hesab edir ki, xarici dil imtahanı ilə bağlı yeni qaydaya ehtiyac var idi: “Nəzərə almaq lazımdır ki, bu gün bir çox şagird beynəlxalq imtahanlara hazırlaşır. Yaxşı olar ki, yeni model həmin beynəlxlaq imtahanlara uyğunlaşdırılsın. Ümumiyyətlə, tətbiq olunan istənilən yeni qaydada əsas şərt yoxlama prosesinin şəffaf və ədalətli aparılmasıdır. Buna əməl edilərsə nəticələr də yaxşı olar”.

Günel CƏLİLOVA

Chosen
25
baki-xeber.com

1Sources