ABŞ Prezidenti Donald Tramp sentyabrın 19-da Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ilə tariflərlə və "TikTok" sosial şəbəkəsinin Amerikadakı taleyi ilə bağlı telefon danışığı aparacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat paylaşıb.
"ABŞ Prezidenti Donald Tramp və ÇXR sədri Si Cinpin arasında cümə günü keçiriləcək telefon danışığı "TikTok"un taleyini müəyyən etməyi və potensial olaraq dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət gərginliyini azaltmağı vəd edir", - məlumatda deyilir.
Tərəflər bu həftə təqdim olunmuş çərçivə sazişini müzakirə edəcəklər. Saziş "TikTok"un ABŞ-dəki əməliyyatlarına nəzarətin Çin mənşəli şirkət "ByteDance Ltd"dən amerikalı investorlar konsorsiumuna verilməsini nəzərdə tutur.