EN

Kremlin ələ aldığı azərbaycanlılar... - Şıxlinskinin həbsinin ilginc səbəbi

Rusiya soydaşlarımız arasında çirkin üsullarla təfriqə yaratmağa başlayıb; politoloq: "Moskva azərbaycanlılara təzyiqi artıracaq, çünki..." 

Uralda Azərbaycan diasporunun yeni rəhbəri olduğunu iddia edən Vidadi Mustafayev Azərbaycana qarşı əməllərini davam etdirir. Bu dəfə o, həbsdə olan diaspor rəhbəri Şahin Şıxlinskinin tərəfdarlarının azərbaycanlıların Ukraynada "xüsusi əməliyyat" üçün apardığı ianə toplama kampaniyasını pozduqlarını bildirib (Bakupost.az). 

V.Mustafayev qeyd edib ki, Şahin Şıxlinski diaspor üzvlərini ianə verməməyə və tədbirlərdə iştirak etməməyə çağırıb. O əlavə edib ki, yaxın vaxtlarda Moskvada Rusiya diplomatları ilə görüşüb, onlara öz proqramını təqdim edib və əlaqəni davam etdirmək vədi alıb. Mustafayev eyni zamanda Azərbaycan diplomatları ilə əlaqə saxlamağın mənasız olduğunu bildirib.

Şahin

Qeyd edək ki, bu xəbərdən sonra azərbaycanlılar sosial mediada Vidadi Mustafayevi sərt tənqid edib, onu Azərbaycana xəyanət etməkdə günahlandırıblar.

Ümumiyyətlə, Kreml Azərbaycana qarşı çirkin təbliğat kampaniyası aparmaqla yanaşı, Rusiyadakı azərbaycanlılara qarşı təqib və təhdidləri də gücləndirməkdə davam edir. Xüsusilə də azərbaycanlı iş adamları və diaspora fəalları hədəf seçilməkdədir.

Məlum olub ki, Moskvadakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti Şurasının sədri Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından çıxarılıb. Bunu Rusiya polisi edib.

Xatırladaq ki, Rusiyada artıq polis insanları heç bir məhkəmə qərarı olmadan vətəndaşlıqdan məhrum edir. Bu da Rusiyanın 21-ci əsrdə cəngəllik qanunları ilə yaşadığını bir daha ortaya qoyur. Həsənovun vətəndaşlıqdan məhrum edilməsinə səbəb kimi onun guya "qeyri-qanuni miqrasiya, saxta mallar və etnik münaqişələrin qızışdırılması" ilə əlaqəli olması göstərilir. İndi hələ 2000-ci ildən Rusiya vətəndaşı olan Həsənovu Rusiyadan deportasiya gözləyir.

Azərbaycan

Elşad İbrahimov

Bundan öncə isə Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin rəhbəri olmuş Elşad İbrahimov da vətəndaşlıqdan məhrum edilərək, ölkədən çıxarılıb. Ona qarşı bu addım guya "Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər etməsi" ilə izah edilib.

İndi isə Moskvanın necə bir azərbaycanlı diaspora rəhbəri görmək istədiyini Yekaterinburq nümunəsində görmək olar. Orada diasporamızın hazırda həbsdə olan rəhbəri Şahin Şıxlinskinin yerinə özünü diaspora başçısı elan etmiş Vidadi Mustafayevin son açıqlamaları və hərəkətləri ümumi mənzərəni tam aydın göstərir.

Moskvaya məhz Mustafayev kimi "diaspora başçıları" lazımdır. Belə görünür, Kreml bu cür "fəalları" diaspora təşkilatlarında tam başa keçirməyincə, azərbaycanlı iş adamları və diaspora nümayəndələrinə qarşı repressiyalar davam edəcək...

Bəs Rusiya hakimiyyətinin soydaşlarımız arasında bu üsullarla təfriqə yaratması mümkün olacaqmı? Azərbaycanlılar nələrə diqqət etməlidir, onlar Putin Rusiyasının işğalçı müharibəsi üçün niyə ianə toplamalıdır ki?

Qabil

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin bildirdiyinə görə, Rusiyadakı soydaşlarımız ayıq-sayıq olmalıdırlar. Onun fikrincə, Moskva azərbaycanlıları sıxışdırmağa davam edəcək: "Təkcə diaspor rəhbərlərinə təzyiq göstərilmir, Rusiyada yaşayan, ticarətlə məşğul olan sadə azərbaycanlılar da problemlərlə üzləşməkdədir. Artıq bir neçə soydaşımızın Rusiyaya girişinə "Stop" qoyulub. Onlar ictimai fəallığı olmayan, bazarda, ticarətdə olan adamlardır. Rusiya isə hava limanında həmin şəxsləri ölkəyə buraxmır və geri qaytarır. Mən bir neçə belə fakt eşitmişəm. Ona görə də azərbaycanlılara qarşı təzyiq dalğası davam edəcək. Burada məqsəd aydındır: Rusiya azərbaycanlı miqrantlardan rəsmi Bakıya qarşı təzyiq kimi istifadə edir".

Q.Hüseynli münasibətlərdə yaranmış soyuqluq və böhranın tezliklə aradan qalxacağını gözləmir: "Rusiya gördüyünüz kimi, dayanmır. Gah azərbaycanlıları vətəndaşlıqdan çıxarır, gah ölkəyə girişinə icazə vermir, gah diaspor təşkilatlarına özlərinə işləyən həmvətənlərimizi yerləşdirirlər. Şıxlinskinin həbsindən sonra bir neçə belə təyinat olub. Yəni özləri diaspor sədrlərini müəyyənləşdirirlər. Bununla da arada bir məsafə, qopma yaradırlar. Halbuki Rusiya diaspor təşkilatlarının işinə müdaxilə edə bilməz. Sadəcə, həmin azərbaycanlıları təşkilatlara sədr gətirməklə diasporamızı ələ keçirmək istəyirlər. Bu da Azərbaycanla əlaqələrin azalmasına səbəb olacaq. Ancaq tələyə düşən azərbaycanlılar buna getməməlidirlər, diqqətli olmalıdırlar. Onlar bilməlidirlər ki, Kremlin burada hiyləsi nədən ibarətdir və nə üçün alət kimi istifadə olunurlar".

Politoloq hesab edir ki, ikitərəfli əlaqələr yaxşılaşmalıdır, bu halda azərbaycanlılarla bağlı aparılan çirkin siyasət dayandırılacaq: "Bir ilə yaxındır ki, Bakı və Kreml arasında münasibətlərdə soyuqluq müşahidə olunur. Məhsullarımızın Rusiya bazarına buraxılmaması, miqrantlara qarşı sərt yanaşmalar və müxtəlif siyasi mesajlar bu xətti daha da gücləndirir. Baş verənlər iki ölkə arasında etimadın zəiflədiyini göstərir və gələcək mərhələdə yeni risklərin yaranacağı ehtimalını artırır. Ona görə Rusiyanın hərəkətləri məntiqsiz olduğu qədər həm də gözləniləndir. Bu prosesə yalnız barışıq son qoya bilər. 

Rusiya isə təyyarəmizi vurduqdan sonra geri çəkilmək əvəzinə üstümüzə gəlir, təzyiq və təhdid edir. Demək istəyir ki, gərginliyin artmasında maraqlıdır. Azərbaycan Rusiyanın bu addımları qarşısında öz siyasi duruşunu saxlayıb. Zənnimcə, Putin hakimiyyəti Azərbaycana münasibətini dəyişməlidir. Əgər Moskva bizi itirmək istəmirsə, azərbaycanlılar arasında nifaq salmaq cəhdlərini, destruktiv hərəkətlərini yığışdırmalıdır". (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
2
olaylar.az

10Sources